<

“Rövşən Lənkəranski”nin qətl törətmiş yaxın adamı ilə bağlı qərar elan olundu

09:30 - 23 Sentyabr 2022

Ali Məhkəmədə Samir Hüseynovun qətlində təqsirləndirilən Əli Abdullayev, Ülvi Hüseynov və İlqar Əliyevin barəsində olan hökmdən verilən kassasiya şikayətinə baxılıb.

 

Manset.az "pravda.az"-a istinadən xəbər verir ki, hakim İlkin Rəcəbovun sədrliyi ilə keçirilən prosesdə bildirib ki, təqsirləndirilən şəxslərdən biri kassasiya şikayətini geri götürüb.

Qərara əsasən, proses qeyri-müəyyən günədək təxirə salınıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, Əli Abdullayev 11 il, İlqar Əliyev və Ülvi Hüseynov isə hər biri 9 il müddətinə azadlıqdan məhrum ediliblər.

Qeyd: 2019-cu il iyunun 24-də Bakıda şəhər sakini Samir Hüseynov odlu silahla qətlə yetirilib. Hadisəni törətməkdə şübhəli bilinən Əli Abdullayev, İlqar Əliyev və Ülvi Hüseynov həbs olunub.

Əli Abdullayev əvvəllər mühafizə polisində çalışsa da, sonradan "Neon" restoranında mühafizəçi işləyib.

Xatırlatma: Ə.Abdullayevin adı daha əvvəl səs-küylü kriminal hadisədə keçib. “Rövşən Lənkəranski” ləqəbli Rövşən Canıyev İstanbulda qətlə yetirildikdən sonra onun qardaşı Namiq Canıyev və bir neçə nəfər Türkiyədə alış-veriş mərkəzlərinin birində mərhum “Lotu Quli” ləqəbli Nadir Səlifova sui-qəsddə şübhəli bilərək saxlanılıb.

Onlar arasında N.Canıyevdən başqa Ə.Abdullayev, "Hacı Beyləqanski" kimi tanınan Hacıbaba Talıbxanlı və "Piter Camal" kimi tanınan Camal Həsənov adlı azərbaycanlılar da olub. Ə.Abdullayevin R.Canıyevin yaxın adamı olduğu müəyyənləşib.

Daha sonra İstanbul məhkəməsi həmin iş üzrə saxlanılanlara bəraət verib

Onu da əlavə edək ki, "qanuni oğru" R.Caniyev 2016-cı ilin avqustunda İstanbulda qətlə yetirilib. N.Səlifov isə 2020-ci ilin avqustun 19-dan 20-ə keçən gecə Antalyada yerləşən hotellərdən birində başından 4 güllə vurularaq öldürülüb.


Xəbər xətti

3 Oktyabr 2022