Prezident bu mərkəzləri ləğv etdi - SƏRƏNCAM
21 Noyabr 2024
12:11 - 2 Sentyabr 2022
6.3.18. gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması
Gender (cins) bərabərliyi ictimai həyatın siyasi, iqtisadi, mədəni və digər sahələrində kişi və qadınların bərabərliyini nəzərdə tutur. Azərbaycanda gender tendensiyasının tarixi XIX əsrin ortalarından Azərbaycan qadınının savadlanması, sonra onun ictimai həyata qatılmasından başlayıb.
1918-ci ildə Şərqdə yaradılan ilk respublika olan Azərbaycan Xalq Cümhuriyyəti həm də Şərqdə, islam aləmində qadına seçmək və seçilmək hüququ verən ilk respublika kimi tarixə düşüb.
Sovet dönəmindən sonra Azərbaycanın müstəqilliyini yenidən bərpa etməsi, xüsusilə də 1994-cü ildən başlayaraq ölkədə sabitliyin bərqərar olması ilə qadınların da ictimai-siyasi həyatda fəaliyyətinin artmasına yol açıb. Bununla bağlı ölkədə dövlət səviyyəsində bir sıra qanun və qərarlar qəbul edilib. Azərbaycanın konstitusiyası da kişilərə və qadınlara eyni hüquqları verib. Həmçinin Azərbaycan gender bərabərliyinin təmini üçün mühüm beynəlxalq konvensiyalara qoşulub.
Azərbaycan 1995-ci ildə BMT-nin “Qadınlara Qarşı Ayrı-Seçkiliyin bütün növ formalarının ləğv edilməsi haqqında” Konvensiyanı ratifikasiya edib. 1979-cu ildə qəbul edilən, iki il sonra qüvvəyə minən konvensiyanın digərlərindən fərqi ondadır ki, burada sadəcə cinsə görə fərqli yanaşmanın yox, qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğvi nəzərdə tutulub. Başqa sözlə, gender neytrallığı tələbinin əvəzinə, konvensiya qadınların bərabərsizliyinin saxlanılmasına xidmət edən hər hansı fəaliyyətə qadağa qoyub.
2001-ci ildə Azərbaycan ona aid Fakültətiv Protokolu ratifikasiya edib. 1998-ci ildə Ümummilli lider Heydər Əliyev təşəbbüsü ilə Qadın Problemləri üzrə Dövlət Komitəsinin – indiki Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin yaradılması, “Azərbaycanda qadınların rolunun artırılmasına dair tədbirlər haqqında” sərəncamlar imzalayıb. 2000-ci ildə isə Ulu öndər “Dövlət qadın siyasətinin həyata keçirilməsi haqqında” fərman verib. Fərman bütün dövlət strukturlarında qadınların təmsil olunma faizinin yüksəldilməsini nəzərdə tutub. Nazirlik və idarələrdə gender siyasətinə məsul koordinatorlar-fokal mərkəzlər fəaliyyət göstərib. Eyni zamanda 16 rayonun icra hakimiyyəti orqanlarının tərkibində gender problemləri üzrə şöbələr yaradılıb.
2006-cı ölkədə “Gender bərabərliyinin təminatları haqqında” qanun qəbul edilib. Bu qanun Azərbaycanda cinsi mənsubiyyətə görə hər cür ayrı-seçkiliyi qadağan edib və ölkənin hüquq təcrübəsində ilk dəfə olaraq bu qanunda ayrı-seçkilik anlayışı tətbiq olunub. Qanunda qeyd olunub ki, cinsi mənsubiyyətə görə, ayrı-seçkilik, seksual qısnamalar, cinsi mənsubiyyətə görə fərq qoyma, hansısı istisnalar və ya üstünlük verilməsi, cinsi mənsubiyyətə görə haqların sıxışdırılması və inkar edilməsidir. (Maddə 2.0.4) İnzibati Xətalar Məcəlləsinin 60.1 maddəsində isə seksual qısnamaya məruz qalmış və öz idarə rəhbərindən şikayət etmiş işçiyə təzyiq göstərilməsini qadağan edən düzəlişlər edilib. Ədliyyə Nazirliyi bununla mübarizənin mütləq olması haqqında hakimlər, hüquq mühafizə orqanlarının əməkdaşları, vəkillər üçün hazırlıq kursu təşkil edib.
Hazırda Azərbaycanda qadınlar dövlət və özünüidaretmə orqanlarında, özəl sektorda yüksək postlarda təmsil olunurlar. Parlamentin spikeri, Dövlət İmtahan Mərkəzinin, Ailə, Qadın, Uşaq Problemləri üzrə Dövlət Komitəsinin rəhbəri qadındır. Onların sırasına nazir müavinləri, MSK üzvləri, DSK sədrləri olan qadınları da aid etmək olar. Bununla yanaşı, hüquq mühafizə orqanlarında çalışan, yüksək rütbəli rəhbər vəzifə sahibi olan qadınlar az deyil. Müxtəlif qurumlarda təmsil olunan, rəhbər vəzifələrdə çalışan qadın mütəxəssislərin Azərbaycanda gender balansının tarazlığı ilə bağlı fikirləri, demək olar ki, birmənalı şəkildə müsbətdir.
Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli Manset.az-a bildirib ki, Gender məsələləri ilə bağlı mövzu bütün dünyanın diqqət mərkəzindədir:
“Xüsusi olaraq, BMT və Avropa Şurasının bununla bağlı xüsusi strategiyaları var ki, dünyada gender bərabərliyinin təmin olunması üçün hansı addımlar atılmalıdır. Bu strategiyalarda xüsusilə Avropa Şurası tərəfindən hazırlanan strategiyada medianın üzərinə də mühüm tövsiyələr qoyulur ki, gender bərabərliyinin təmin olunması üçün bunlar nələr etməlidirlər".
M.Ələsgərlinin sözlərinə görə, gender məsələlərində bərabərsizliyin yaranmasında problemlər media sahəsindən başlayır:
“Gender bərabərliyinin təmin olunması üçün də yenə medianın üzərinə müəyyən öhdəliklər düşür. Burada göstərilir ki, media sahəsində çox zaman əsassız, yeri olmayan diskriminasiya, ayrıseçkilik hallarına yol verilir.
Məsələn, mediada xüsusilə "qadın sürücü qəza törətdi" və ya "qadın dələduzluq etdi" və s. bu cür başlıqlar verməklə, materiallar dərc etməklə ayrıseçkilik hallarına yol verilir. Halbuki qanun pozuntusunun, dələduzluğun qadın və ya kişi olmağa aidiyyatı yoxdur. Qanun pozuntusu elə qanun pozuntusudur. Bunu götürüb gender məsuliyyətinə görə ayrıseçkilik etməyin yeri yoxdur. Heç kəs yazmır ki, "kişi sürücü qəza törətdi". Bunu bir nümunə olaraq deyirəm, bu, onu göstərir ki, bizim media qurumlarında bəzən əsassız, yersiz olaraq ayrıseçkilik hallarına yol verilir. Qadınların hansısa məsələlərdə adının hallandırılmasına üstünlük verilir.
Bu, beynəlxalq sənədlərdə tövsiyə olunur ki, media bu cür əsassız, lüzumsuz ayrıseçkilikdən çəkinməlidir”.
Mətbuat Şurasının sədr müavini qeyd edir ki, mətbuat nümayəndələri gender bərabərliyinin təmin olunması üçün özü əlindən gələni etməli və bu yöndə müsbət materiallar yayımlamalıdır:
“Bu tövsiyələri nəzərə alaraq Azərbaycan Mətbuat Şurası 2019-cu ildə Azərbaycan jurnalistlərinin peşə davranış qaydalarına xüsusi əlavələr edib. Hazırda Azərbaycan jurnalistlərinin peşə davranış qaydaları 5 prinsipdən ibarətdir. 4-cü prinsip birbaşa mediada gender bərabərliyinə münasibətin təmin olunması üçün nəzərdə tutulub. Beləliklə, dünyada və Azərbaycanda gender məsələsi həssasdır. Gender bərabərliyinin təmin olunmasında medianın üzərinə mühüm öhdəliklər düşür. Bu, bütün Avropa Şurasının qəbul etdiyi sənədlərdə də öz əksini tapıb”.
Aysel Xankişiyeva
Bu yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin