"Ölkəmizdə vətənpərvər və milli dövlətçiliyi hər şeydən üstün tutan bir gənclik yetişib"

13:08 - 5 Avqust 2022

 6.3.10. gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi

 

Bu gün Azərbaycanda həyata keçirilən gənclər siyasəti dövlət siyasətinin mühüm tərkib hissəsinə çevrilib. Gənclərin vətənpərvərlik tərbiyəsinin, milli şüurunun inkişafı, mənzil - məişət şəraitlərinin yaxşılaşdırılması, məşğulluğunun artırılması, asudə vaxtlarının səmərəli keçirilməsi və digər məsələlərin həlli üçün dövlət proqramları qəbul edilib, prezident fərmanı və sərəncamları imzalanıb, beynəlxalq hüquq prinsiplərinə əsaslanan qanunvericilik bazası yaradılıb. Dövlətin diqqət və qayğısı nəticəsində Azərbaycan gəncliyi siyasi, iqtisadi, humanitar, sosial tədbirlərin həyata keçirilməsində mühüm rol oynayır, beynəlxalq elmi simpozumlarda, idman yarışlarında Azərbaycanı layiqincə təmsil edir, üçrəngli bayrağını böyük iftixar hissi ilə yüksələrə qaldırırlar.

Şübhəsiz ki, gənclərimizin milli ruhda böyüməsi istiqamətində atılan addımların nəticəsini biz 44 günlük Vətən müharibəsi dönəmində gördük. Gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi istiqamətində aparılan kompleks işlər bizə savaş meydanında son 200 ilin ən möhtəşəm qələbəsini bəxş etdi.

Millət vəkili Hikmət Babaoğlu Manset.az-a açıqlamasında bildirib ki, Azərbaycanda bu istiqamətdə aparılan işlər sistemlidir, ardıcıldır və çox ciddi tarixi, ideoloji və etnokulturoloji əsasları var:

Hikmət Babaoğlu: Azərbaycanda sosial islahatlar ardıcıl və kompleks şəkildə  aparılır | Kaspi.az

“Hazırda tarixin çox mürəkkəb bir mərhələsindən keçirik və bu mərhələ bütün xalqlardan öz mövcudluğunu davam etdirməsi üçün milli və dini özünüdərk fəlsəfəsini, həyat tərzini tələb edir. Bu çox mühümdür, çünki bəşəriyyət xalqların mübarizəsi tarixidir və tarixin belə mürəkkəb mərhələsində hər bir xalq yalnız özünün milli və dini identifikasiyasına söykənərək gələcəyini təmin edə bilər. Bu, həm daxili-ictimai münasibətlərdə belədir, həm də yeni dünya nizamı kontekstində zəruri bir tələbatdır.

Azərbaycanda bu kontekstdə çox mühüm işlər görülüb. Milli özünüdərk və milli özünütanıma hadisəsi bir növ xalqların yenidən milli enerji resurslarını səfərbər etməsidir. Bu da mübarizəmiz üçün, milli dövlətimiz, dövlətçiliyimiz, müstəqilliyimiz, ictimai münasibətlərimizin sağlamlığı üçün çox mühüm bir hadisədir.

Ötən əsrin 90-cı illərində Azərbaycan cəmiyyətində milli, sosial identifikasiyanın yaradılması ilə bağlı mühüm addımlar atıldı. Azərbaycançılıq anlayışı formalaşdı ki, bu da Azərbaycan mədəniyyətinə, tarixinə, dilinə, ənənələrinə sahib çıxmaqla bunları müasir, universal dəyərlərlə zənginləşdirmək deməkdir”.

Deputat hesab edir ki, bu kontekstdə ölkəmizdə həyata keçirilən ideoloji təbliğat, milli özünüdərklə bağlı atılan addımlar nəticə etibarilə vətənpərvər və milli dövlətçiliyi hər şeydən üstün tutan bir gəncliyin yetişməsinə gətirib çıxarıb:

Xəbərlər

“Bu gənclik məhz İkinci Qarabağ savaşında öz sözünü deməyi bacardı. Ancaq məsələ ondadır ki, hazırkı mərhələdə əsla və əsla bu kontekstdə boşluq buraxmaq olmaz. Çünki dərhal yad və istilaçı ünsürlər, müxtəlif vasitələrlə o boşluğu dolduraraq Azərbaycan cəmiyyətini, Azərbaycan birliyini parçalaya bilərlər. Bu bir neçə istiqamətdən təhlükə yarada bilər.

Bəzən cənubdan gələn dini məhzəbi, ideologiyaları vasitəsilə bu boşluğu doldura bilər ki, bu da cəmiyyətimizdə parçalanmaya gətirib çıxara bilər.

Bəzən hələ də Azərbaycana müstəmləkə gözü ilə baxan başqa mərkəzlərdən təhdidlər gələ bilər. Bəzən də, universal dəyərləri öz qlobal imperiya iddialarına alət eləmiş Qərb imperializmindən gələ bilər. Hər ikisi çox təhlükəlidir. Özü də daha çox Qərbdən gələn və Qərbin informasiya imperializminə xidmət edən Azərbaycan cəmiyyətini parçalama cəhdlərinə şahid oluruq. Eyni zamanda, hər bir təhdid müxtəlif platformalarda özünü biruzə verməkdədir. Lakin yaxşı ki, Azərbaycan cəmiyyətinin bu cür təhdidlərə qarşı ictimai immuniteti formalaşıb. Yenə də, imkan vermək olmaz ki, burada hər hansı bir boşluq yaransın”.

H.Babaoğlu vurğulayıb ki, ilk növbədə milli özünüdərk, milli xarakter və milli mentalitetlə bağlı olan məsələlərə diqqət yetirilməlidir:

“Bu, bizim gələcəyimizi təmin edən əsas sosial ideoloji paradiqmaya çevrilməlidir. Bu istiqamətdə də mən düşünürəm ki, İkinci Qarabağ savaşından sonra yenidən doğulmuş, yenidən milad etmiş bir xalq kimi bu dəyərlərimizə sahib çıxmaqla özümüzün möhtəşəm gələcəyimizi qurmalıyıq. Hazırda bizim qarşımızda çox böyük milli, qlobal çağırışlar var.

Ötən yüzilliklərdə bu və ya digər səbəbdən itirdiyimiz çox şeylər var ki, onları bərpa etmək çağırışı ilə üz-üzəyik. Bu çağırışı Azərbaycanın əldə etdiyi böyük tarixi Zəfər yaradıb. Hər birimiz bu mənada beyinlərimizdə bir fırtına yaradaraq nəyi bacardığımızın, necə böyük bir qələbə əldə etdiyimizin fərqində olmalıyıq və bu fərqindəliklə də daha hansı çağırışlarla üz-üzə olduğumuzu dərk etməliyik. Hər bir azərbaycanlının milli həvəsi, milli məqsədi bu olmalıdır ki, hazırda Azərbaycan dövləti bunun üçün çox gözəl sosial-siyasi zəmin formalaşdırıb. Hər birimizdən-azərbaycanlı sosial kimliyini daşıyan hər bir fərddən tələb olunan zərurət də bunlardır. Əminəm ki, biz bütün milli enerjimizi, milli resurslarımızı səfərbər etməklə 21-ci əsrdə çox böyük milli məqsədlərə nail olmalıyıq. Azərbaycan Prezidenti təsadüfən demir ki, "Biz Zəngəzura qayıdacağıq, biz Göyçəyə qayıdacağıq, biz İrəvana qayıdacağıq". Bu mənada, bu nöqtəni bir başlanğıc kimi götürərək, 360 dərəcə ətrafımıza daha diqqətlə baxmalıyıq. Bax, burada bizim tarixi təfəkkürümüz ciddi rol oynamalıdır. Son 200 ildə nələr baş verib və bizim ətrafımızda nələr var, bizim ictimai diqqətimiz haraya fokuslanmalıdır və biz nə etməliyik?

Mən düşünürəm ki, hər bir azərbaycanlı indiki tarixi mərhələdə özünə hesabat verməklə bu məqsədləri aydın təsəvvür etməli və o məqsədlər üçün səylə hərəkət etməyi bacarmalıdır”.

Gülçin Nağıyeva

Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.


Xəbər xətti

23 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin