Rusiya Ermənistan-İran sərhədində yeni postlar qurmasının səbəbini AÇIQLADI

18:35 - 8 Avqust 2022

Rusiya Ermənistan-İran sərhədində yeni postlar qurmasının səbəbini AÇIQLADI

“Ermənistanın İranla sərhədində tədbirlər gücləndirilib, bir neçə modul tipli post quraşdırılıb”.

Manset.az oxu.az-a istinadən xəbər verir ki, məlumat Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) Ermənistandakı sərhəd idarəsi tərəfindən təsdiqlənib.

Bildirilib ki, buna səbəb son vaxtlar İrandan Ermənistana narkotik vasitələrin və psixotrop maddələrin (həşiş, metamfetamin, heroin) qanunsuz keçirilməsi cəhdlərinin artmasıdır.

Bundan əvvəl Mehri icmasının rəhbəri Baqrat Zakaryan əlavə beş modul məntəqəsinin quraşdırıldığını açıqlayıb. O qeyd edib ki, məntəqələr təxminən 8-9 ay əvvəl inşa edilib.

Rusiya FTX-nin sərhəd idarəsi ekstremist və terror təşkilatlarının nümayəndələri tərəfindən dövlət sərhədinin pozulması hallarını qeydə alıb. Belə ki, 2021-ci ildə Mehri sərhəd dəstəsinin yerləşdiyi ərazidə Rusiya sərhədçiləri İrandan qanunsuz keçən iki nəfəri silah, qumbara və külli miqdarda döyüş sursatı ilə saxlayıblar.

Qeyd edək ki, dövlətlərarası saziş çərçivəsində Ermənistanın Türkiyə və İranla dövlət sərhədinin mühafizəsi ilə Rusiya FTX-nin Ermənistandakı sərhəd idarəsi məşğul olur.


Xəbər xətti

18 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin