COP29-da tarixi qərar qəbul olundu
24 Noyabr 2024
00:07 - 30 İyul 2021
İranlı iş adamının sifarişi qətl törətməkdə suçlanan daha bir dəstənin məhkəməsi davam etdirilib.
Manset.az Musavat.com-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində adam oğurluğunda, qətl sifariş verməkdə və digər ağır cinayətlərdə ittiham olunan şəxslər hakim qarşısına çıxarılıb.
Onlardan biri qətlin sifarişçisi olmaqda suçlanan İran vətəndaşı Bəşir Qəhrəmanidir. Digərləri isə onun dəstəsinin üzvləri olmaqda suçlanan İlham Həsənov, Miskin Qasımov, Rəşad Qurbanovdur.
Hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən sonuncu nəhkəmə iclasında hökm oxunub. Hökmə əsasən həbs edilən şəxslərin hər biri 18 il müddətinə azadlıqdan məhrum ediliblər.
Xatırladaq ki, bu səs-küylü cinayət işinə görə daha bir neçə nəfər həbs edilmişdi.
İttihama görə, iranlı iş adamı Bəşir Qəhrəmani şəriki Valeh Nəcəfovun qətlini sifariş verib. Bu sifarişi iranlı iş adamından İlham Həsənov, Miskin Qasımov, Rəşad Qurbanov alıb. Onlar bu cinayətin sifarişini dəstənin digər üzvlərinə veriblər.
İstintaq sənədlərinə görə, 2017-ci ilin martında Xırdalan şəhərinin 28-ci məhəlləsində çay evlərinin birinin qarşısında 47 yaşlı Nəcəfov Valeh Əzizağa oğlu baş nahiyəsindən güllə ilə vurularaq qətlə yetirilib.
İstintaq zamanı məlum olub ki, tanışı Xəyal Paşayevə Valeh Nəcəfovun iranlı şərikinə olan 30 min ABŞ dolları borcunu ödəmək istəmədiyini deyib və pulun alınmasında iranlı iş adamı Bəşir Qəhrəmaniyə köməklik göstərilməsini xahiş edib.
Xəyal Paşayev bir müddət Valeh Nəcəfovu izləyib.
Martın 29-da Xəyal Paşayev, Kənan Həsənov, Hilal Bayramov, Allahverdi Ruzpeykar Valehin yaşadığı evin qarşısına gəlib, onu Xəyal Paşayevə məxsus "Mersedes" markalı avtomobilə mindirib Xətai rayonu Əhmədli qəsəbəsində yerləşən kafelərdən birinə aparıblar.
Xəyal orada Valehə zərbələr endirib və hədə-qorxu ilə ondan iranlı şəriki Bəşir Qəhrəmaniyə olan borcunu ödəməsini tələb edib.
Daha sonra Valeh Nəcəfovu dəstə üzvü və Xəyal Paşayevin bacanağı olan Məhəmməd Əhmədova məxsus bağ evinə aparıblar. Orada onu soyunduraraq döyüblər.
Ailə üzvlərinə və yaxınlarına işgəncə verəcəklərini deyərək onu hədələyiblər. Hədə-qorxu və aldığı zərbələrdən sonra Valeh həyat yoldaşına məxsus qızılları borc əvəzinə verməyə razılaşıb.
Bundan sonra Valeh Nəcəfov yaşadığı evə gətirilib, o da 15000 dəyərində bir cüt briliyant qaşlı sırğa və qızıl üzük dəstini həyat yoldşından alaraq Xəyala verib.
Razılaşıblar ki, səhəri gün görüşüb borc mübahisəsini həll etsinlər.
Səhəri gün Xəyal Kənan Həsənova göstəriş verib ki, Valehlə onu Xırdalandakı kafelərdən birində gözləsin. Xəyal Paşayev özü isə dəstənin digər üzvləri ilə qızılı satmaq üçün müxtəlif şəxslərə təklif ediblər.
Lakin onları razı salan məbləğ deyilmədiyindən qızılları satmayıblar və kafedə olan Kənanla Valehin yanına gəliblər. Burda dəstə üzvləri Valeh Nəcəfovu söyüb və döyüblər.
Bu zaman Valeh Nəcəfov özünü müdafiə üçün üzərində olan silahı çıxararaq atəş açıb.
İttihama görə, daha sonra dəstə üzvlərinin müdaxiləsi ilə silah Valeh Nəcəfovdan alınıb. Silahı əlinə götürən Xəyal Valeh Nəcəfova atəş açaraq onu qətlə yetirib.
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Paşayevin sədrliyi ilə dəstənin digər üzvlərinin məhkəməsi də başa çatıb. Cinayət məcəlləsinin 11 maddəsi ilə təqsirləndirilən Xəyal Paşayev 19 il, Kənan Həsənov 18 il, Bilal Bayramov 18 il, Allahverdi Ruszpeykar 13 il və Məhəmməd Əhmədov 13 il müddətinə azadlıqdan məhrum ediliblər.
Dəstənin başçısı bilinən Xəyal Paşayev məhkəmədə ifadə verən zaman hadisənin bəzi təfərrüatlarını danışıb.
Xəyal Paşayev deyib ki, heç kimlə pula görə mübahisə etməyib və bu söhbətlərdə iştirak etməyib. Onun dediyinə görə, hadisələrin təsadüfi axarı onu bura gətirib çıxarıb.
"Bizə ittiham verilib ki, guya pula görə adam öldürmüşük. Söhbət hansı puldan, hansı məbləğdən gedir? Mərhum Valehin Bəşirə 15 min dollar borcu olub. Xahişlə pulu 10 min manata saldılar. Hətta Valehdən xahiş elədim ki, pulu aylıq hissə-hissə versin. Amma ona da razılaşmadı. Bu işdə gülməli olan bir məsələ var. Valeh 10 min manat pul verməli idi. Həmin pulun heç olmasa 5 min manatı pulun sahibinə verilməli idi. Yerdə də qalırdı 5 min manat. Bu işə görə də 10 nəfər tutulub. Adama 500 manat pul çatır. Kim bu pula görə adam öldürərdi? Mənə 500 manat lazım olsaydı, gedib mağazalardan birindən bahalı viski oğurlayıb 500 manata satardım. Özüm idmançıyam, respublika çempionu olmuşam, Xırdalanda süd satan maşınlar mənimdir, ağartı məhsullarının satışı ilə məşğul idim. Mənim 500 manata ehtiyacım yox idi axı. Elə gün olurdu ki, dostlarla Nabrana gedib bir günə 1000 manat pul xərcləyirdim".
Suallara cavab verən Xəyal Paşayev bu söhbətlərə necə qarışmasını, necə iştirakçı olmasını da izah edib:
"Sadəcə çayxanaya gedəndə borc söhbəti olduğunu bildim. Samir mənim dostumdur. O da idmançıdır. Məni çaya dəvət edəndə getdik. Oradan da birlikdə Xırdalana gedəcəkdik. Samir dedi ki, yolüstü bir nəfərlə görüşəcəyik. Çayxanada Samirlə Valeh arasında söhbət oldu. Mən də içkili olub, səhv edib burnumu soxmuşam. Samir həm də mənim sinif yoldaşımdır. Onun zərbəsinin çəkisi 300 kiloqramdır. Vurduğu adam durmur. Ora məni güc qüvvəsi kimi aparmamışdı axı. Danışanda Samirlə mübahisə edəndə mən də müdaxilə etdim".
Xəyal Paşayev ifadəsinin davamında mərhum Valehin öldüyü gün baş verənlərdən danışıb:
"Valeh özü mənə arxadan üç güllə vurub. Kamera görüntüsü də var. Amma görüntülərin bir hissəsi yoxdur. Kamera görüntüsündə var ki, mən blokun qabağından qaçıram. Orada bir nəfər də dayanıb siqaret çəkir. Saat 9-da vurulub bloka girirəm. Amma kamera sonradan 9:25-i göstərir. Bu 25 dəqiqə hara getdi? Mən dedim ki, 23 dəqiqəsini halal edirəm, cəmi 2 dəqiqəsini göstərin. Həmin görüntüdə var ki, Valeh arxamca gələrək məni güllələyib. Mənə arxadan 3 güllə dəyib. Kişiyik, aramızda söz-söhbət olub. Kişi kişi ilə dava edər, deputatlar da dalaşır, dövlət dövlətlə dalaşır. Burda nə var ki? Bu hadisədən bir gün əvvəl aramızda söhbət oldu, mübahisə elədik. Səhər də zəng edib çağırdı, dedi ki, sən məni vurdun. Sonra da bizi güllələdi. Mən ona bir şillə vurmuşdum. O da mənim silləmi qaytarmışdı. Səhər də gəlib dedi ki, dünən sən idin məni vuran? O da mənə güllə atdı".
Təqsirləndirilən Xəyal Paşayev bildirib ki, onlara qarşı irəli sürülən ittiham əsassızdır. Onun dediyinə görə, mərhum Valeh öz özünü vurub: "Mənə 3 güllə vurdu. Dedi, bəlkə ölmüşəm. Ona görə də özünü vurub öldürüb".
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin