"Gecə saat 11-də oğlanın babası bizə gəlib, Aysunla..." - Toy günü intihar edən qızın atasından ŞOK AÇIQLAMALAR

11:10 - 22 İyul 2022

Toy günü yaşadığı evin zirzəmisində özünü asaraq intihar edən Qəbələ rayon Nohurqışlaq kənd sakini, 23 yaşlı Aysun Abdurrahmanlının ölümü ilə bağlı müxtəlif versiyalar səsləndirilməkdədir.

 

Manset.az istər mətbuatda, istər sosial mediada səsləndirilən iddialarla bağlı A.Abdurrahmanlının atası Əşrəf Abdurrahmanlı ilə əlaqə saxlayıb. Ə. Abdurrahmanlı bildirib ki, əgər mətbuatda yazıldığı kimi, qızı ilə nişanlısı arasında söz-söhbət olsaydı, ailə bu barədə xəbər tutardı:

 
"Qızımın nişanlısı ilə arasında söz-söhbət olsaydı, yəqin ki, biz bilərdik. Oğlan öz kəndimizdəndir, üç il idi ki, nişanlı idilər. Təbii ki, bu hadisə boşuna olmayıb, səbəbsiz deyil və biz də o səbəbi bilmək istəyirik. Hadisə baş verən günə qədər mehriban idilər. Hətta gedib Goranboy rayonundan mebelləri də almışdıq. Hələ özüm də şokdayam. Oğlanın anası burda deyildi, şəhərdə yaşayırdı, oğlan özü də hərbçidir, başından zədəsi var. 
Anası deyirdi ki, Aysun, sənə çox yaxşı baxacağıq. Yaxşı baxmaq belə olur? Heç bir narazılıqdan söhbət getmir. Mən kasıbçılıqla, zülmlə uşaq böyütmüşdüm. Əgər elə bir şey olsaydı, nişanlanmağa icazə verməzdim". 

Əşrəf Abdurrahmanlının sözlərinə görə, hadisədən bir gün əvvəl Aysunun nişanlısının babası onlara gəlib:

"Hadisədən bir gün əvvəl oğlanın babası bizə gəlmişdi. Toy axşamına hazırlaşırdıq. Təxminən 11-ə kimi bizdə oturub, Aysunla söhbət ediblər, qızım ona çay, yemək verib. Gedəndə Aysun deyib ki, baba, aparım ötürüm səni. Kişi deyib ki, özüm gedəcəyəm. Amma bu hadisə baş veribsə, deməli, nəsə "əmma" var. Bu qız üç il idi ki, nişanlı idi. Əgər intihar etsəydi, indiyə qədər edərdi". 

Ə.Əbdurrahmanlı qeyd edir ki, toy günü səhər saat 5-də bəyin anası və bacısı da onlara gəlib:

Deyilənə görə, həmin axşam oğlan bizim həyətə gəlib. Toy günü səhər saat 5-də gördük ki, qapıdan maşın siqnalı səsi gəlir. Oyandıq ki, oğlanın anası və bacısıdır. Gəliblər ki, Aysunu bəzənməyə aparmaq istəyirik, amma Aysuna zəng çatmır. Axı qızı geyinməyə, bəzənməyə bəy aparmalıdır. Həm də səhər saat 5-də niyə? Çox müəmmalı işdir...".

Qeyd edək ki, faktla bağlı Qəbələ Rayon Prokurorluğunda araşdırma aparılır.

Yusuf Alızadə


Xəbər xətti

23 Dekabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin