Elçin Quliyevin İdman Kompleksində yarış keçirən şəxs SAXLANILDI - FOTO

21:46 - 28 İyul 2021

Elçin Quliyevin İdman Kompleksində yarış keçirən şəxs SAXLANILDI - FOTO

Sosial şəbəkələrdə idman yarışının keçirilməsi ilə bağlı yayılan görüntülər araşdırılıb.

Manset.az xəbər verir ki, DİN Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev report-a bildirib ki, antinarkotik təbliğatı adı altında keçirilən yarış iyul ayının 27-də saat 22:30 –23:30 radələrində paytaxtın Xətai rayonu, Şirvani küçəsində yerləşən idman zalında təşkil olunub.

Xətai Rayon Polis İdarəsinin İstintaq şöbəsində xüsusi karantin və ictimai qayda pozuntusu ilə müşaiyət olunan yarışla bağlı Cinayət Məcəlləsinin 139-1-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsinə uyğun olaraq cinayət işi, İnzibati Xətalar Məcəlləsinin 510-cu (Xırda xuliqanlıq) və 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddələrinə müvafiq olaraq inzibati icraat başlanıb.

Yarışın təşkilatçısı olan ictimai birliyin rəhbəri, 1984-cü il təvəllüdlü Elçin Çobanzadə müəyyən edilərək şübhəli şəxs qismində saxlanılıb.

Yarışın iştirakçıları və tamaşaçıları ilə bağlı araşdırmalar davam etdirilir.

Qeyd edək ki, sözügedən yarış Dövlət Sərhəd Xidmətinin nəzdində olan “Sərhədçi” İdman Olimpiya Mərkəzində keçirilib.



Xəbər xətti

10 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin