Əli Əsədov “Barselona” prezidenti ilə birgə layihələrin keçirilməsini müzakirə edib
18 Noyabr 2024
21:37 - 28 İyun 2022
Muğam ifaçısı, Əməkdar artisti, AMEA-nın Folklor İnstitutunun "Dədə Qorqud" ("İrs") ansamblının rəhbəri Nuriyyə Hüseynova müsahibə verib.
Manşet.az lent.az-a istinadən həmin müsahibəni təqdim edir:
- Nuriyyə xanım, nə zamandan namaz qılırsınız?
- 15 il öncə başlamışdım əslində. Sonra tədbirlər, səfərlər səbəbi ilə çatdıra bilmədim, qəzalarım çox yığılırdı. Düşündüm ki, günah edirəm, ya qıl, ya da qılma. Fasilə verdim. Sonra yenidən başladım. Hesab edirəm ki, Allaha olan sevginin, bağlılığın yolu yalnız namazdan, orucdan, ziyarətgahları gəzməkdən keçmir. Ümumiyyətlə, mən kütlənin ardınca gedən adam deyiləm. Nəyi necə idrak edirəmsə, vicdanım o duruma “hə” deyirsə, qəbullanıram. “Bu gün nəyi səhv etdim, nəyi düz etdim?” Bu sualı özünə verə bilirsənsə, deməli sən Allahın dediyi yolla irəliləməyə başlamısan. Dünyanı gəzmək, görmək mütləq şəkildə insana nələrsə qatır, hər gördüyün yenilik, hər getdiyin yer sənə təcrübədir. Hər təcrübə bizi yonur, rəndələyir, cilalayır. Bir də ədalətli ola bilirsənsə, sən Allahın sevdiklərindənsən, seçilmişlərdənsən demək.
- İncəsənət sahəsində tanıdığım çox simalar kulis arxasında narazılıq etsələr də, efirdə özlərindən nüfuzlu şəxsləri tərifləyiblər. Buna dəfələrlə şahid olmuşam...
- Mən sözümü dediyimə görə, çox bədəl ödəməli olmuşam. Sağlam tənqid dostlar üçündür. Mənim öz tənqidçilərim var. Hamımızın umub-küsən tərəfləri var.
- Nuriyyə xanım bir dəfə demişdiniz ki, həyatınızın formalaşmasında mərhum liderimiz Heydər Əliyevin rolu olub.
- Bəli. Mən Ordubadın Anaqut kəndində doğulmuşam. Oxumağa 6 yaşımdan başlamışdım. O illərdə rayonlarda istedadlı uşaqların müsabiqəsi keçirilirdi. Mən Naxçıvanda qalib seçilərək Bakıya gəlmişdim. Gənc ifaçıların yekun konsertində Heydər Əliyevin diqqətini çəkmişdim. Qaliblər Bülbül adına orta ixtisas musiqi məktəbinə qəbul edilirdilər. Mən qalib olsam da, valideynlərim oxumağa buraxmadılar. Növbəti dəfə yekun konsertində mərhum Heydər Əliyev məni soruşub ki, o qız niyə oxumur deyib. Lidiya Rəsulova valideynlərimin məni buraxmadığını deyib. Həmin ay Lidiya xanım valideynlərimə məktub yazdı, Heydər Əliyevin tövsiyəsini çatdırdı, bildirdi ki, bu uşaq oxumalıdır. Valideynlərim də güvəndilər və məni buraxdılar. Mən yaşıdlarımdan böyük görünürdüm. Boyum hündür idi, xarici görünüşümə görə deyirdilər, səhnəmizə yeni Leyli gəlib. Bülbül adına orta ixtisas məktəbinə o zamanlar hər adam düşə bilmirdi. Adətən vəzifəli, varlı ailələrin uşaqları oxuyurdular bu məktəbə. Yemək, geyim, yataqxana dövlət hesabınaydı. Uşaqlar üçün ayrıca avtobus ayrılmışdı.
- Bəs istedadı olmayan uşaqlar o məktəbə necə düşmüşdülər?
- O zaman dəb idi, şəhərdə hər ailənin uşağı mütləq musiqi məktəblərində təhsil alırdı. Mənim musiqi təhsilim yox idi. Not bilmirdim. Məktəbdə kənddən gələn uşaqlara bir az yuxarıdan aşağı baxırdılar.
- Amma sizi də Heydər Əliyevin öz istəyi əsasında qəbul etmişdilər. Həmyaşıdlarınız arasında bir az lovğalanmırdınızmı?
- Olmazmı? ( gülür). Mən ona qədər dəfələrlə dövlət tədbirlərində çıxış eləmişdim və Aybənizlə mənə xüsusi nəzarət var idi. Məktəbin direktoru Nazim Əliverdibəyov bizi baş tacı eləmişdi. Tapşırmışdı, kimsə bizə bir kəlmə artıq-əskik söz deyə bilməzdi. Sizə deyim ki, rəhmətlik Heydər Əliyev Moskvaya vəzifəyə gedəndə biz pis olmuşduq. Sanki yiyəsiz, dayaqsız qalmış kimi hiss edirdik. Dedik, yəqin bizi konservatoriyaya götürməyəcəklər, amma o gedərkən bizi unutmamış xüsusi tapşırıq vermişdi. O qədər işinin gücünün arasında iki istedadlı uşaq onun nəzərindən yayınmamışdı.
- Konservatoriyaya girər-girməz də ailə qurmuşdunuz. Çox sevmişdiniz?
- Mənim sevsəm belə, “sevirəm” sözünü dilimə gətiməyə ixtiyarım yox idi. Pərdə var idi, sərhəd var idi. Mənə yaxınlaşıb bir söz deyəndə 10 metr kənara qaçırdım ki, birdən dayım görər, atam bilər. Heç kimə yaxın getməmək prinsipi ilə oxuyurdum. Oxuduğum müddətdə dayımgilin evində qalırdım, dayım həyat yoldaşımı tanıyırdı. Yoldaşım məni izləmişdi, mən onu tanımırdım. Dedilər, namuslu, qeyrətli oğlandı, bu da bizim üçün əsas kriteriya idi. Beləcə biz evləndik. Amma şərt kəsdi ki, səhnəyə çıxmayacam. Konservatoriyanı oxudum. O müddətdə uşaqlar anadan oldu. Aralarında yaş fərqi də az idi deyə, sanki əkiz böyüdürdüm. Əyani oxuya-oxuya onları böyütmək çox çətin idi. Elə zəifləmişdim ki, bir dəfə müəllimim rəhmətlik İslam Rzayev məndən soruşdu, “a qızım, sənə gün vermirlər? Bəlkə sənə pis baxırlar?”. Arıqlamışdım, yorulurdum deyə gözümün işığı çəkilmişdi.
- Bəs üzərinizdə o qədər böyük əmək var idi, istedadlı idiniz bütün bunlardan imtina etmək çətin olmadı?
- Dedilər musiqidən ayrılma, bu sahədə işlə. Mən də razılaşdım. Amma görünür hər şey zamana bağlıymış. Uşaqlar böyüyəndən sonra həyat yoldaşım işləməyimə razılıq verdi. “İrs” folklor ansamblı ilə işləməyə başladım. Elə folklorun yolları ilə bağlandı yollarım. İndi də “Dədə Qorqud” ansamblının rəhbəriyəm.
- Amma bu ansambl çox da üzə çıxmır, səsini-sədasını az eşidirik.
- Çünki şouda bəsit musiqilər meydan sulayır. Bunu normal qəbul edirəm. Qiymətli, bahalı şeyləri hər yerdə tapa bilməzsən. Sənət də belədir. Bizim sənətimiz ecazkardır, antik əşya kimidir, hər kəs tərəfindən dəyəri bilinməz.
- Toylara gedirsiniz?
- Gedirəm, amma yarım saatlıq. Mən bütöv toy oxumuram, dəvətlər olsa da, getmirəm. Toy idarə eləmək mənim işim deyil, 6-dan 12-yə qədər toy oxumaqla sənətim kiçilər. Toyda hər cür tamaşaçı var, hər cür musiqi istəyəcəklər. Bu onların haqqıdır. Hər insan öz düşüncəsinə uyğun, öz anlayacağı musiqini istəyir. Mən inanın ki, Amerikaya da yarım saatlıq toy oxumağa getmişəm. Burdan ora köçmüş bir soydaşımız idi. Qızı amerikalı ilə evlənirdi. Toyun yarısı amerikan, yarısı Azərbaycan ənənələri ilə keçdi. Dayanmadan düşüb oynamağı anlamıram. Toyda ruh da dincəlməlidir.
- Öz uşaqlarınızın toyunda arzularınızı reallaşdıra bildiniz?
- Bəli. Bizim toy konsert kimi keçdi, əsasən klassik musiqilərə üstünlük verdik. Oynamağın da bəlli saatı olmalıdır. Təəssüf ki, pandemiyadan sonra bizdə qaydalar dəyişmədi. Sanki ibtidai icma quruluşudur. Musiqi çalınır, sadəcə ritm var, hamı oynayır, heç kim heç nə hiss eləmir. Musiqiçi kütləni arxasınca aparmalıdır. Kütlənin arxasına düşməməlidir.
- Nuriyyə xanım arıq nəvələriniz var, onlarla nəfəs alırsınız.. Dönüb geri baxanda heç deyirsinizmi kaş fərqli olaydı, mən buna deyil, daha yaxşı yerlərə layiq idim.
- Olur. Bəzən olur. Səhvlərim olmayıb çox şükür. Amma bəzən özüm özümdə giley güzar edirəm. Deyirəm kaş bunu deməyəydim, kaş onu yeməyəydim. Amma sonra deyirəm olmalıydı, oldu, Allahın işiydi.
- Nuriyyənin həyatı qibtə olunacaq həyatdı?
- Bəzən hə, bəzən yox. Bəzən özümün özümə heyfim gəlir. Mən buna layiq deyildim deyirəm. Sonra deyirəm Allaha acıq gedər. Bu mənim həssaslığımdan irəli gəlir.
- Yolunuza daş qoyanları bağışlayırsınız?
- Əlbəttə. Mən kiməm. Allah bağışlasın. O yetər.
- Deyirlər cənnətdə iki taxt var, daima boş qalır. Ən yaxşı gəlin və ən yaxşı qaynana üçün qoyulmuş taxtdır. O taxta layiqsiniz? Necə qaynanasınız?
- Vallah, gəlinimlə dost kimiyik. Ayrı yaşayırıq. Bizə gələndə məni evdə görməyəndə küsür. Kürəkənimi də çox istəyirəm.
-Tanınmış bir aktrisa bir dəfə sizdən söz düşəndə çox sərt qadın olduğunuzu dedi.
-Yox, sadəcə sərt və ciddi görüntü mənim üz qabığımdır, bu məni qoruyub. Bu üzdn çox adamlar illərlə mənə salam verməyiblər. Tanıyan hər kəs deyir ki, salam verməyə ehtiyat edirdik, çox mehribansanmış.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin