<

Türkiyədəki meşə yanğınları tam nəzarət altına alınıb - FOTO/VİDEO

21:23 - 25 İyun 2022

Türkiyənin Muğla əyalətində 4 gün öncə başlayan güclü meşə yanğınları artıq tam nəzarət altına alınıb.

Manşet.az report-a istinadən xəbər verir ki, bölgənin xüsusilə Köyceyiz, Yeşilbelde, Dalaman, Marmaris, Seydikemer rayonlarında daha şiddətli şəkildə müşahidə edilən yerlərə intensiv müdaxilələr nəticəsində yanğın tam nəzarət altına alınıb.

Belə ki, iyunun 24-də gecə saatlarından bəri həcminə görə ən iritutumlu Mi-26 tipli helikopterləri Muğladaki müxtəlif yanğın nöqtələrinə 200 tona yaxın su boşaldıb.

Qeyd edək ki, küləyin istiqamətinin və surətinin dəyişməsi nəticəsində genişlənmiş yanğın bölgələrinə 253 yanğınsöndürən maşın, 30-dan çox su tankeri, 46 helikopter və 15 təyyarə olmaqla, ümumilikdə 600-dən artıq müxtəlif təyinatlı texnikalar cəlb olunub.

Bununla yanaşı, İstanbul, Ankara, İzmir və Antalya başda olmaqla Türkiyənin 22 şəhər və vilayətlərindən xüsusi xilasetmə və yanğınsöndürmə əməkdaşları yanğın baş verən yaşıllıq zolaqlarında soyutma işləri aparır.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Muğlada başlayan bu ilki yanğınlarda ümumilikdə 4 500 hektar əraziyə ziyan dəydiyini açıqlayıb.

Xatırladaq ki, Azərbaycan Prezidentinin tapşırığına əsasən Fövqəladə Hallar Nazirliyinin tabeliyində "BE-200ÇS" tipli amfibiya təyyarəsi də qardaş ölkənin yanğınla mübarizəsinə dəstək verməkdədir.

Dünən müxtəlif koordinatlar üzrə yanğınsöndürmə tapşırıqlarını icra edən Azərbaycanın amfibiya təyyarəsi 120 tondan artıq su boşaldıb. Yerli əhali Azərbaycana göstərdiyi dəstəyə görə minnətdarlıq edib.


Xəbər xətti

17 Avqust 2022