"Qarabağ" İsrail klubu ilə heç-heçə etdi

22:15 - 22 İyul 2021

"Qarabağ" UEFA Konfrans Liqasının II təsnifat mərhələsində ilk oyununa çıxıb.

Manset.az-ın məlumatına görə, Qurban Qurbanovun baş məşqçi olduğu komanda Bakıda İsrailin "Aşdod" klubunu qəbul edib.

Tofiq Bəhramov adına Respublika stadionundakı qarşılaşma qolsuz bərabərliklə yekunlaşıb.

5-ci dəqiqədə "Qarabağ"ın futbolçusu Xayme Romeronun zərbəsi qapının üstündən keçib. 7 dəqiqə sonra Filip Ozobiçin cərimə zərbəsini rəqib qapıçı Yoav Jafari dəf edib. Hissənin sonlarında Xayme Romero qola yaxınlaşsa da, top çərçivəyə düşməyib. İlk yarıda Ağdam təmsilçisi üstün tərəf olsa da, hesab açılmayıb.

Fasilədən sonra "köhlən atlar" təzyiqi daha da artırıb. 47-ci dəqiqədə Romeronun cərimə meydançasında endirdiyi zərbə qeyri-dəqiq alınıb. 56-cı dəqiqədə Qara Qarayev uzaq məsafədən fərqlənməyə çalışsa da, bu cəhdi baş tutmayıb. Daha sonra Abbas Hüseynov 61-ci dəqiqədə qapıçı ilə təkbətək dueldən məğlub ayrılıb. 79-cu dəqiqədə Xayme Romeronun da cərimə zərbəsi qapının üstündən keçib. İsrail təmsilçisi ara-sıra hücumlar qurmağa çalışsa da, çərçivəyə düşməyə çətinlik çəkib.

82-ci dəqiqədə Maksim Medvedev rəqibə qarşı kobudluq etdiyi üçün birbaşa qırmızı vərəqə alaraq meydandan qovulub.

Qeyd edək ki, komandalar arasındakı cavab görüşü iyulun 29-da İsraildə olacaq.


Xəbər xətti

4 Dekabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin