"Neftçi" "Olimpiakos"a minimal hesabla uduzdu

01:00 - 22 İyul 2021 - İDMAN

Yunanıstanda "Olimpiakos" və "Neftçi" arasında UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyunu keçirilib.

Manset.az xəbər verir ki, "Georgios Karaiskakis" stadionunda təşkil olunmuş qarşılaşma meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 1:0.

"Neftçi" görüşü ənənəvi 4-5-1 taktikası ilə keçirib. Qapıçı Aqil Məmmədovun önündə mərkəz müdafiəçiləri qismində Mamadu Mboc, Mert Çelik və Voislav Stankoviç, cinahlarda isə Yusuf Laval və Harramiz Suareş qərarlaşıb. Yarımmüdafiədə kapitan Emin Mahmudov, Mamadu Kane, Sezar Meza Kolli və Sabir Buqrin yer alıb. Yeganə hücumçu kimi isə ilk "11-liy"ə Namik Ələskərov düşüb.

Görüşün ilk hissəsi qarşılıqlı hücumlar şəraitində keçib. "Olimpiakos"un hücumlarına "Neftçi" layiqincə cavab verməyi bacarıb. Hətta Namik Ələskərov və Emin Mahmudov real qol imkanlarını qaçırıb. Əvəzində yerli komanda 29-cu dəqiqədə adi vəziyyətdən fərqlənməyi bacarıb. Məhəmməd Kamara qapıçı Aqil Məmmədovun irəli çıxdığını görərək, topu ustalıqla onun başı üzərindən tora qovuşdurub.

İlk yarının sonları insidentlərlə yadda qalıb. 40-cı dəqiqədə "Neftçi"nin baş məşqçisi Samir Abasov baş hakim Joau Pinyeyrunun qərarına etiraz etdiyi üçün sarı vərəqə alıb. Bundan sonra Abasovun olduğu skamyanın arxasındakı yunan fanatlar ona söz atmağa başlayıblar. 43 yaşlı mütəxəssis təxribatçı hərəkətlərə cavab verməyi lazım bildikdə azarkeşlər daha da qızışaraq, ona tərəf yeriyiblər. Yalnız baş hakimin müdaxiləsindən sonra ara sakitləşib.

Bununla belə, 43-cü dəqiqədə qol müəllifi Kamara "Neftçi"nin hücumçusu Namik Ələskərova qarşı kobud oynadığı üçün birbaşa qırmızı vərəqə alıb. Ələskərov isə oyuna davam edə bilməyərək, yerini Mirabdulla Abbasova verib. İlk yarını "Olimpiakos"un 1:0 hesabı ilə öndə tamamlayıb.

Fasilədən sonra "ağ-qaralar" say üstünlüyündən yararlanmaq üçün hücumlarını davam etdiriblər. Lakin cəhdlər nəticə verməyib. 63-cü dəqiqədə isə Mert Çelik rəqib futbolçu Oleq Ryabçukun qarşısını sifətinə təpik zərbəsi endirərək kəsdiyi üçün birbaşa qırmızı vərəqə alıb. Nəticədə meydanda hər iki komanda 10 oyunçu ilə qalıb.

Bundan sonra "Olimpiakos" yenidən üstünlüyü ələ alıb. "Neftçi" isə müdafiəyə çəkilərək, əks-hücumlara bel bağlayıb. Futbolçuların yorğunluğu üzündən oyunun tempində eniş də nəzərə çarpıb. Görüşün axırlarında Azərbaycan komandasının heyətində daha iki dəyişiklik baş verib. Sabir Buqrini Ömər Buludov, Emin Mahmudovu isə yeni transfer Romen Bask əvəzləyib. Lakin hesab sonadək dəyişməyib. "Neftçi" minimal hesabla uduzaraq, iyulun 28-də "Bakcell Arena"da keçiriləcək cavab görüşü üçün şanslarını saxlayıb.


Xəbər xətti

26 İyul 2021