Bakıda hücuma məruz qalan aktrisa danışdı: “Yolda gedərkən məni arxadan qucaqladı” - VİDEO

17:56 - 27 May 2022

Bakıda hücuma məruz qalan aktrisa danışdı: “Yolda gedərkən məni arxadan qucaqladı” - VİDEO

Mehin Bayramlı bir neçə gün əvvəl işdən evə qayıdarkən, gecə saatlarında tanımadığı şəxsin şiddətinə məruz qalıb. 

 

Manset.az xəbər verir ki, Mehin Bayramlı bu haqda Azxeber.com-a müsahibə verib.

- İlk olaraq özünüzü təqdim edin: 

-Salam. Mən, Mehin Bayramlı. 2001-ci ildə doğulmuşam. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin 3-cü kurs tələbəsiyəm.

- Hadisə necə baş verdi?

- Məlum səbəblərə görə, universitetdən sonra işləyirəm. Bizim iş vaxtımız gec saatda bitir. Demək olar ki, saat 10-da işdən çıxıram və saat 12-yə qədər evə çatıram. Bu, həmişə belə davam edib. Hər zaman işdən gələndə anam mənə zəng edib. Gəlməmişdən qabaq qarşıma çıxıb. Nə isə olsa da, olmasa da. Həmin gün anama bir az gec zəng etdim. Ona görə də bir az gec gələsi oldu.

Taksidən düşdüm. Həmişəki kimi yolumu gəlirdim. Hava da elə küləkli idi ki, səs belə eşidilmirdi, sürətlə arxandan kimsə gəlsə heç onu da eşidə bilməzsən. Qabaqdan bir qonşu kişi gəldi. Tanımadım. Səhv anlaşılar deyə, üzünə baxmaq da istəmədim. Sən demə, arxadan da başqa biri gəlirmiş. Sonra o iki nəfər söhbətləşməyə başladılar. Mən də, ümumiyyətlə, çönüb baxmadım ki, birdən deyərlər qız uşağıdı çönüb baxır. Yolumu gedəndə hiss etdim ki, elə bil kimsə gəlir arxamca, amma baxmadım. Bir də hiss etdim ki, daha çox yaxınlaşdı. Yenə öz-özümə dedim ki, eybi yoxdur. Yəqin yanımdan keçib gedəcək. Bir də gördüm ki, həmin adam mənim belimdən tutaraq özünə tərəf sıxdı. Elə bil belə də olmalıdır. Heç səsini çıxartmadı, heç nə demədi. Məni dəhşət bürüdü. Ümumiyyətlə, bu tip hadisələrdən mən çox qorxurdum. Qorxduğum başıma gəldi. Onu itələdim və dedim ki “sən kimsən, nə edirsən?”

Üzünə də diqqətlə baxdım ki, birdən qaçıb etsə, polisə yaxınlaşım deyim ki, başıma belə bir hadisə gəlib. Mən onun üzünə baxanda birdən mənə şillə vurdu. Şok keçirtdim. Sonra üstümə gəldi. Yerində dayana bilmirdi. Amma mənə də nə isə etməyə çalışırdı. Qaçmağa çalışanda arxamca düşdü. Nalayiq söyüşlər söydü. Qaçan anda taksi çıxdı qarşıma. Taksi saxlamadı. Həmin şəxsin üstünə sürdü. Amma düşmədi. Mən vaxt qazandım ki, keçim məhəlləyə. Bu anda anam çıxdı qarşıma. Soruşdu ki, “nə olub sənə?” Dedim ki, “tanımadığım bir insan mənə şillə vurdu”. Həmin an mən nə danışdığımı bilmirdim. Əllərim əsirdi. Anam dedi ki, burada gözlə. O gedəndən sonra yaşıdım olan qonşumuz oğlan mənə yaxınlaşdı.

 

Dedi ki, “nə baş verib?” Mən də ona olanları danışdım. Qaçıb onu axtardılar. Sən demə, normal qaçıb uzaqlaşa bilməyibmiş. Onu tutdular. Qaçdıq onun yanına. Başladı söyüşlər söyməyə. Anama dedim ki, heç kim heç nə etməsin. Polis özü bu mövzu ilə məşğul olacaq. 102-yə zəng vurduq. Polis gəldi. Mənə dedilər ki, ərizəni yaz. Mən yaza bilmirdim deyə, anama verdim, ərizəni anam yazdı. Ondan sonra məni tibbi ekspertizaya göndərdilər. Artıq üzüm sağalmışdı. Buna baxmayaraq, mən sübut kimi şəklini çəkib saxlamışdım. Çünki rahatlıqla "mən etməmişəm deyərək, mənim üstümə ata bilərdi”. Getdik. Yoxladılar. Sadəcə dedilər ki, kliniki izlərdir, kliniki ağrılardır. Keçəcək.

- O hadisədən sonra gecə çölə çıxmısınız, yoxsa travması hələ də qalıb?

- Təsəvvür edin, hadisə baş verən gecə idi. Mən gözlərimi yuma bilmirdim. Qorxurdum ki, gecədir. Qaranlıqda kimsə məni vura bilər. O qorxu ilə mən səhərə yaxın yatdım ki, artıq hava açılıb. 2 gün nə işə, nə də dərsə gedə bilmədim. Qorxurdum ki, bu adam tapar məni, üstümə gələr ki, məni niyə polisə vermisən. Hal-hazırda çölə çıxanda belə kişilərin toplaşdığı yerdən rahat keçə bilmirəm. Qorxduğum üçün yolumu dəyişirəm. Elə bilirəm ki, bu dəqiqə kimsə mənə əlini uzadacaq, məni vuracaq. Psixoloji cəhətdən vəziyyətim heç də yaxşı deyil.

- Bəs psixoloji dəstək almısınız?

- Bəli, mənə Teymur Məmmədov zəng etdi. Halımı soruşdu. Çox sağ olsunlar, nə kömək lazım olsa, onlara müraciət edə bilərəm dedilər. Həm psixoloji, həm maddi cəhətdən yanımda olduqlarını dedilər. Mən artıq özümü nisbətən yaxşı hiss edirdim. Həm də polis ciddi şəkildə yanaşmışdı deyə, içim rahat idi. Mənə “Instagram”dan çox qadın bu barədə yazdı. Belə hadisə bir çox insanın başına gəlibmiş. Amma səslərini çıxara bilməyiblərmiş. Mənə təşəkkür etdilər ki, mən susmamışam. Mənə susmamağı, ərizəni geri götürməməyi dedilər. Bununla hiss etdim ki, mən tək deyiləm. Bu mənim üçün çox böyük motivasiya oldu. Amma hadisə baş verən gün mən özümü çox tək hiss etdim. Çünki səsimi sonradan eşitdilər və çölə gec çıxdılar. Hərçənd ki, tez çıxıb mənə kömək ola bilərdilər.

- Bu mövzuda sizi günahkar görənlər oldu?

- Günahı bircə həmin şəxs məndə gördü. Bütün qonşular mənə dedilər ki, ərizəni geri götürməyim. Hamı dedi ki, haqqını tələb et. Məhlənin həm qadınları, həm kişiləri dedi ki, biz icazə verməyəcəyik ki, o, burada yaşasın. Bizimdə uşaqlarımız, qızlarımız var. Ondan başqa heç kim demədi ki, sən səhv etmisən.

- Son olaraq izləyicilərimizə nə demək istəyirsiniz?

- Özümü ağlamamaq üçün zorla saxlamışam. Qürur duyuram ki, mənə onlarla qadın yazdı ki, “çox sağ ol səsini çıxartdın”. Mən o qadınlara demək istəyirəm ki, qeyrətinizi müdafiə etməkdən qorxmayın. Şərəfinizi müdafiə etməkdən qorxmayın. Haqqınızı həmişə tələb edin. Hüquqlarınızı öyrənin. Təhsil alın. Uşaqlarınıza təhsil verin. Ən çox da qız uşaqlarına təhsil verin. Onları cahil böyütməyin. Tez evləndirməyin. Qoyun onlar təhsil almaqla yanaşı işləsinlər. Görsünlər ətrafda necə insanlar var. İnsanları tanısınlar. Ondan sonra ailə həyatı qursunlar. Qorxmasınlar. Bilsinlər ki, ən ilahi varlıq qadındır. Qadınlar zərifdirlər, zəif deyillər.


Xəbər xətti

17 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin