<

İntihar etdiyi deyilən 22 yaşlı Elnarənin ailəsi: “Onu öldürüblər” - FOTO

16:40 - 24 May 2022

İntihar etdiyi deyilən 22 yaşlı Elnarənin ailəsi: “Onu öldürüblər” - FOTO

“Hadisədən dörd gün əvvəl Elnarə demişdi ki, “birdən bunlar başıma bir iş gətirsələr, məni öldürsələr, meyitimi onların evindən çıxartmayın”. Onun intihar etdiyinə inanmırıq. Ya öldürülüb, ya da buna məcbur edilib”.

 

Manset.az xəbər verir ki, bu şikayətlə Kriminalqafqaz-a Lerik rayon Çayrud kənd sakini, mərhum Elnarə Ağəlizadənin ailəsi müraciət edib. Aprelin 30-da intihara cəhd etdiyi bildirilən və xəstəxanaya aparılaraq bir müddət orada qaldıqdan sonra mayın 10-da ölən iki uşaq anasının ailəsi deyilənlərin yalan olduğunu iddia edir:

“Aprelin 30-da saat 12:20 radələrində Elnarənin qayınanası bizə zəng edib bildirdi ki, “qızınız həyətdə yıxılıb, qıc olub, apardılar xəstəxanaya”. Amma hadisə səhər olub. Bizə gec məlumat verilib. Biz Lənkəran Şəhər Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə gedəndə gördük ki, Elnarənin bədənində çoxsaylı xəsarətlər var. Həmin an başa düşdük ki, Elnarə döyülüb və vəhşicəsinə boğulub. Bu xəbərdən sonra onun Rusiyada olan qardaşı da gəldi. Elnarənin vəziyyəti 10 gün ağır olaraq qaldı və mayın 10-u elə xəstəxanada vəfat etdi. Meyit tibbi ekspertiza üçün Patoloji Anatomiya Birliyinin yerli şöbəsinə təhvil verildi. Sonra da mayın 11-də gətirib dəfn etdik”.

Ailə iddia edir ki, xəstəxanada Elnarəni intihar etmiş kimi qeydə alsalar da, onlar buna inanmırlar:

“Elnarə ya öldürülüb, ya da buna məcbur edilib. Hadisədən bir neçə gün keçməsinə baxmayaraq, Lerik Rayon Polis Şöbəsi və prokurorluq tərəfindən heç bir tədbir görülməyib. Səbəbini soruşduqda ekspertizanın rəyini gözləməyimizi bildirdilər. Amma ortada bir şey yoxdur”.

Ailədən verilən məlumata görə, Elnarə əvvəllər dəfələrlə gəlin köçdüyü evdə şiddət gördüyünü onlara deyib:

“Elnarənin 22 yaşı var idi. 18 yaşı olanda kənd sakini Elvinlə ailə qurmuşdu. İki uşaqları var idi. Uşaqlar da hazırda atada qalıblar. Elnarə dəfələrlə anasını və bacısını təklikdə görəndə deyib ki, “telefonda hər şeyi deyə bilmirəm, məni izləyirlər. Başda qayınanam Zöhrə olmaqla, yoldaşım Elvin və qayınatam Aqil mənə işgəncələr verir, dözülməz həddə çatdırırlar. Çox xahiş edirəm, qardaşımı bundan xəbərdar edin ki, mənə bir köməklik göstərsin”. Amma təəssüf ki, hər dəfə anası və bacısı onu sakitləşdirib, səbirli olmasını deyiblər. Sonuncu dəfə də aprelin 26-da atası üçün təşkil olunan yas məclisində ailəvi olaraq iştirak ediblər. Həmin vaxt da Elnarə anasına deyib ki, “görürsünüz, başıma nə oyun açırlar? Birdən bunlar başıma bir iş gətirsələr, məni öldürsələr, meyitimi də onların evindən çıxartmayın”.

Məsələ ilə bağlı mərhum Elnarə Ağəlizadənin həyat yoldaşı Elvin Ağəlizadə bildirdi ki, bununla bağlı heç nə deyə bilməz:

“Dövlət var, orqan var, onların deməyi ilə deyil. Mənim heç bir fikrim yoxdur. Nə varsa, dövlət bilir hər şeyi, özləri də həll edirlər”.

Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib ki, qeyd olunan faktla bağlı hazırda Lerik Rayon Prokurorluğunda araşdırma aparılmaqla müvafiq izahatlar alınıb, ekspertizalar təyin edilib:

“Araşdırmanın nəticəsindən asılı olaraq qanuni qərarın qəbul olunması təmin ediləcək”.


Xəbər xətti

19 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin