<

Azərbaycandan İrəvanda AÇ-dəki təxribatla bağlı etiraz - VİDEO

12:56 - 24 May 2022

Azərbaycandan İrəvanda AÇ-dəki təxribatla bağlı etiraz - VİDEO

Azərbaycan Boks Federasiyası Ermənistanın paytaxtı İrəvanda boks üzrə Avropa çempionatının açılış mərasimində baş verən təxribatla bağlı Beynəlxalq Olimpiya Komitəsi (İOC), Beynəlxalq Boks Assosiasiyası (İBA), Avropa Boks Konfederasiyası (EUBC) və EUBC-yə üzv olan ölkələrin federasiyasına etiraz məktubu ünvanlayıb.

 

Manset.az xəbər verir ki, məktubda ermənilərin açılış mərasimində separatçı rejimin bayrağı ilə çıxmasına etiraz bildirilib:

“Bu yarış ümumdünya boks ailəsinin nəcib missiyası – insanları və ölkələri bir araya gətirmək, idman vasitəsilə dostluq formalaşdırmağa xidmət etməlidir. Lakin təəssüf ki, 2022-ci il may ayının 22-də İrəvandakı Avropa çempionatında Olimpiya Xartiyasına zidd olaraq idmanın ruhuna və missiyasına uyğun olmayan hallar müşahidə olunub. Açılış mərasimində ev sahibi ölkə tərəfindən təxribatçı hərəkətlərə yol verilib, Ermənistanın Azərbaycana qarşı ərazi iddialarının “simvolu” kimi qeyri-qanuni qurumun qondarma “bayrağı” nümayiş etdirilib. EUBC bayrağı altında keçirilən tədbirdə təxribat məqsədilə nümayiş etdirilən “simvol” əslində Ermənistanın işğalçılıq siyasətini göstərir və bu səbəbdən bu addım qəti şəkildə cəzalandırılmalıdır”.

Müraciətdə vurğulanıb ki, beynəlxalq tədbirləri təşkil edən hər bir ölkə Olimpiya Xartiyasına və ev sahibi ilə müqaviləyə uyğun olaraq idmandan siyasi məqsədlər üçün sui-istifadəyə imkan verməməlidir: “Biz EUBC-dən ev sahibi ölkənin bu təxribatçı və düşməncəsinə hərəkətini ciddi nəzarətə götürməsini, hadisənin hərtərəfli araşdırılması üçün bütün vacib tədbirləri həyata keçirməsini, günahkarların və bu hadisənin baş verməsinə icazə verənlərin lazımı qaydada cəzalandırılmasını, bunun bir daha təkrarlanmamağının təminatı üçün vacib tədbirlərin həyata keçirilməsini tələb edirik”.

Qeyd edək ki, mayın 22-də Ermənistanın paytaxtı İrəvanda keçirilən boks üzrə Avropa çempionatının açılış mərasimində azarkeşlərdən bir neçəsi arenaya separatçı rejimin bayrağı ilə çıxıb. Daha sonra mühafizəçilər onları arenadan kənarlaşdırıb. 


Xəbər xətti

19 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin