"Şuşa - qürurum mənim!" devizi ilə ssenari müsabiqəsi elan edildi

14:27 - 18 May 2022

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı "Şuşa – qürurum mənim!" devizi ilə ssenari müsabiqəsi elan edib.

 

Manset.az xəbər verir ki, İttifaqın Mətbuat Xidmətinin rəhbəri Əli Vəliyev "Report"a açıqlamasında bildirib ki, müsabiqənin keçirilməsinin məqsədi təqdim olunan ssenarilərdə Azərbaycan Ordusunun vətənin ərazi bütövlüyü və süverenliyi uğrunda qəhrəmanlıq mübarizəsini, gənclərimizin hərbi-vətənpərvərlik ruhunun daha da yüksəldilməsi ilə bağlı həyata keçirilən ideoloji-siyasi tədbirlərin səmərəliliyinin artırılmasına, arxa cəbhədə çalışan, Ordumuzun qarşısında duran vəzifələrin reallaşdırılmasına, Türk Dünyasının mədəniyyət paytaxtı olan Şuşanın simvolunu qoruyan və yaşadan fədakar Azərbaycan gənclərinin fəaliyyətini bütün əlvanlığı, obyektivliyi və romantik zənginliyi ilə əks etdirməkdir.

Müsabiqənin şərtləri aşağıdakı kimidir:

- 18 – 30 yaşadək bütün gənclər müsabiqəyə ssenari təqdim edə bilər.

- Müsabiqəyə bədii, qıssametrajlı film ssenariləri qəbul olunur.

- Müsabiqəyə təqdim olunan ssenarinin hüquqları müəllifə məxsus olmalı, satılmamalı və çəkiliş dövründə olmamalıdır.

- Ssenari orijinal, yəni ekranlaşdırılmamış olmalıdır.

- Ssenarilər müsabiqəyə üç nüsxədə, çap olunmuş və CD diskdə rəqəmsal daşıyıcıda təqdim olunmalıdır.

- Şrift Courier New, ölçü 12 tələb olunur.

- Çap olunmuş ssenarilərdə müəllifin ad və soyadı qeyd olunmamalıdır.

- Müəllif ssenari ilə birgə tərcümyi-hal, şəxsiyyət vəsiqəsi və iki foto şəkil təqdim etməlidir.

- Hər bir müəllif 1( bir ) ssenaridən artıq təqdim edə bilməz.

- Müsabiqəyə təqdim olunan ssenarilər geri qaytarılmır.

Ssenarilər mayın 19-dan iyulun 25-dək Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının ünvanına göndərilməlidir.(Ünvan: Bakı ş. Bülbül pr, 18 – 30, 2 -ci mərtəbə).

Müsabiqənin peşakar münsiflər heyətini Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı təyin edir. Münsiflər heyəti ssenariləri məxfi seçim yolu ilə qiymətləndirəcək. Qalib ssenarilər pul mükafatı və diplomla təltif olunacaq. Ssenarilərin ekranlaşdırılması nəzərdə tutulur.

1-ci yer – 2500 manat

2-ci yer – 1800 manat

3-cü yer – 1000 manat

Həvəsləndirici mükafatlar da nəzərdə tutulur.

Əlaqə üçün telefon nömrələri: (012) 493-64-76, (012) 493-64-78.


Xəbər xətti

28 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin