Bu yarışlar Azərbaycanda keçirilə BİLƏR

00:00 - 18 May 2022

Bu yarışlar Azərbaycanda keçirilə BİLƏR

"Formula 1" üzrə Azərbaycan Qran-prisində sprint yarışları keçirilə bilər.

Manşet.az report-a istinadən xəbər verir ki,  bu barədə Bakı Şəhər Halqası (BŞH) Əməliyyat Şirkətinin icraçı direktoru Arif Rəhimov açıqlama verib.

O bildirib ki, yeniliyin 2023-cü ildən tətbiq olunması planlaşdırılır: "Mən sprint yarışlarını çox sevirəm, bunlar Qran-priyə daha çox aktivlik qatır. Sprint yarışının təkcə Bakı üçün deyil, istənilən promouter üçün cəlbediciliyi ondan ibarətdir ki, şənbə günü daha çox azarkeş cəlb edilə bilər".

Rəhimovun sözlərinə görə, Azərbaycanda tamaşaçıların əksəriyyəti "Formula 1" haqqında o qədər də məlumatlı deyil: "Ona görə də iki yarışımız olduğunu söyləyəndə, bu, şübhəsiz ki, azarkeş marağını artıracaq".

İcraçı direktor sprint yarışlarına ev sahibliyi etməkdən məmnun olacaqlarını söyləyib: "Ümid edirəm ki, bunu əldə edəcək altı Qran-pridən biri biz olacağıq. Mən bu fikri çox bəyənirəm. Düşünürəm ki, illər ərzində hər şeyi bir az qarışdırmaq yaxşıdır. Çünki insanlar eyni formata çox öyrəşdikdən sonra maraq itir və bu, darıxdırıcı olur".

Qeyd edək ki, cari mövsüm "Formula 1" üzrə Azərbaycan Qran-prisi 10 - 12 iyunda keçiriləcək.


Xəbər xətti

19 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin