<

Bakıda tramvay xətləri ilə bağlı YENİ AÇIQLAMA - VİDEO

15:05 - 17 May 2022 - CƏMİYYƏT

80 il fəaliyyət göstərdi. Həmin dövrlər paytaxt sakinlərinin ən sevimli nəqliyyat vasitələri idi tramvay və trolleybuslar. Ancaq sonralar bu minik növünə maraq getdikcə azaldı və 2004-cü ildə tramvay şəbəkəsinin son xətti də tamamilə bağlandı. İndi bütün bunlardan geriyə qalanlar xatirələr və Gənclik metrosu yaxınlığında yerləşən Tramvay parkıdır.

 

Bakıda ilk elektrik-tramvay yolu 1924-cü il fevralın 8-də istifadəyə verilib. 1925–26-cı illərdə bu tramvaylarla 50 milyondan artıq sərnişin daşınıb. 1926-cı ilin iyul ayında Bakı-Sabunçu-Suraxanı elektrik dəmir yolu, 1941-ci ilin dekabrında isə trolleybus xətti salınıb. Həmin dövrlərdə paytaxtın sərnişindaşıma sektorunda əsas yük bu nəqliyyat vasitələrinin üzərinə düşürdü.

Manset.az xəbər verir ki, 20 ilə yaxındır, tramvaylar fəaliyyətini dayandırıb. Gündəlik tıxacların müşahidə olunduğu bu dövrdə isə Bakıda belə nəqliyyat vasitəsinə ehtiyac artmaqdadır.

Nəqliyyat üzrə ekspert Ərşad Hüseynov "Xəbər Ertəsi"nə deyib ki, əvvəlki xətlərin hər birinin bərpası nəzəri cəhətdən mümkündür. Bunun üçün dünya təcrübəsindən yararlanmaq olar.

Onun sözlərinə görə, bu işi vahid bir qurum həyata keçirməlidir və onun fəaliyyəti ictimai nəqliyyatın digər növləri ilə əlaqələndirilməlidir.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən suallarımıza cavab olaraq bildirildi ki, Bakının Baş planı hazırlanarkən təkliflər içərisində bu məsələ də əksini tapıb. Ancaq Baş plan hələ təsdiq olunmadığından sözügedən məsələ barədə danışmaq tezdir.

Qeyd edək ki, 2019-cu ildə Bakı Nəqliyyat Agentliyinin nümayəndələri nəqliyyatın idarəedilməsi, həmçinin tramvay marşrutları ilə bağlı Türkiyə təcrübəsini öyrənmək məqsədi ilə İstanbulda olublar. Ancaq bu qurumdan da bildirildi ki, Agentlik hazırda əsas diqqəti avtobusla sərnişindaşımaların yaxşılaşdırılmasına yönəldib.


Loading...

Xəbər xətti

28 İyun 2022