<

Universitetlərin kadr hazırlığı, köhnələn peşələr və yeni ixtisaslara tələbat: Problemin həlli yolları varmı? (FOTOLAR)

12:33 - 14 May 2022 - CƏMİYYƏT

Demokratiyanın İnkişafı Problemləri Mərkəzi İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə "Məzunlarda peşə kompetensiyalarının formalaşdırılmasında ali təhsil müəssisələri ilə şirkətlər arasında əməkdaşlığın qurulmasına dəstəyin göstərilməsi” layihəsi çərçivəsində növbəti tədbirini keçirilib. İctimai Birliyin sədri Mütəllim Rəhimov tədbiri açaraq bildirdi ki, layihə Azərbaycanda fəaliyyət göstərən ali təhsil müəssisələri ilə şirkətlər arasında olan problemlərin aşkarlanmasına və çıxış yollarının tapılmasına həsr olunub. 

M.Rəhimov çıxışı zamanı müasir universitetlərin necə olması haqqında indi çoxsaylı əsaslandırılmış fikirlərə rast gəlməyin mümkün olduğunu dedi. O bildirdi ki, meyarlar demək olar ki, bəllidir və onun əsasında artıq reytinq cədvəlləri də tərtib olunur. Bəs universitetlər üçün əsas parametrlər indi nədən ibarətdir və yəqin ki, bu təkcə ali təhsil verməklə bitmir. “Hazırda universitetlərdən bazar tələbatlarını düzgün müəyyən edərək adekvat kadrlar hazırlamaq, şirkətlərlə əlaqələr qurmaq, elmi tədqiqat işləri aparmaq və təbii ki, təşəbbüskarlıq tələb olunur” – M.Rəhimov çıxışı zamanı bildirib.

İctimai Birliyin sədrinin qaldırdığı çoxsaylı suallar və problemlərin həlli ilə bağlı geniş məruzə ilə ekspert Sevinc Burzuyeva çıxış etdi. O, iştirakçılara müasir dövrdə əmək bazarı ilə təhsil müəssisələri arasında yaranmış ziddiyyətlər, problemlər və onların həlli yolları haqqında ətraflı bilgilər verdi. Biliyin dəyərinin çox sürətlə artdığı indiki dövrdə onun formalaşdırılmasında və mübadiləsində təhsilin bütün maraqlı tərəfdaşlarının iştirakının təmin edilməsinin vacibliyini vurğulayan S.Burzuyeva dedi ki, universitetlərin potensialını yüksəltmək və bu hədəfə çatmaq üçün ali təhsilin xarici tərəfdaşları olan sənaye şirkətləri, peşəkar şirkətlər, dövlət sektorları və s. ilə əməkdaşlıq vacib amillər hesab olunur. Onun sözlərinə görə, beynəlxalq rəqabətdə universitetlərin dayanıqlı bir sistemə sahib olmasında təhsil-sənaye əməkdaşlığı faydalıdır.

Ekspert S.Burzuyeva daha sonra dedi ki, bazar iqtisadiyyatı mexanizminin təməl ünsürlərinə elm, biznes, əmək bazarı və təhsil xidmətləri daxildir. Onlar arasında harmoniya iqtisadi tərəqqinin vacib şərtidir. Reallıq onu göstərir ki, ölkəmizdə ali təhsil hələlik müəyyən dərəcədə qapalı xarakter daşıyır və onun əmək bazarı ilə qarşılıqlı əlaqəsi zəifdir. Lakin müasir biznes çevik və dinamikdir, işaxtaranlar qarşısında yeni tələblər qoyur. Bu tələblər sırasında bacarıqlara verilən qiymət biliyi üstələməkdədir. Çünki kifayət qədər bilikli kadr bunu əmək fəaliyyətində tətbiq edə bilməyəcəksə, o şirkətə lazım deyil. 
O daha sonra bildirdi ki, hazırda bazarın tələblərini ödəmək üçün biznes subyektlərinin iki əsas, yüksək ixtisaslı kadrlara və innovativ texnologiyalara olan ehtiyacını müşahidə etmək mümkündür. Bazarın tələblərinə çevik uyğunlaşa bilən iqtisadi subyektlərə və yeniləşən idarəetmə sisteminə yeni təfəkkürlü, təşəbbüskar, heç olmasa bir xarici dili mükəmməl bilən peşəkar kadrlar tələb olunur. 

Sevinc Burzuyeva çıxışı zamanı daha bir problemə toxundu. O bildirdi ki, indi ali məktəb məzunlarının çoxunun öz ixtisası üzrə işləməməsi təbii tendensiyadır. Amma bu uyğunsuzluq çox böyükdürsə, onda problemlər başlanır, işə götürən şikayətlənir, təhsilin paralel sistemləri  yaradılır - kadrların hazırlanması üçün korporativ proqramlar, hətta korporativ universitetlər yaranır, beləliklə də diplom rəsmiyyətə çevrilir, peşəkar hazırlıqdan daha çox sosial status simvolu olur. Əsas məsələ isə təhsil sistemini əmək bazarının dəyişən şəraitinə yaxınlaşdırmaqdır. “Bəlkə də fərdi təhsil trayektoriyasına keçməyin vaxtı artıq çatıb. Yəni tələbə ilk günlərdən harada işləyəcəyini, nə ilə məşğul olacağını, karyerasını necə quracağını nəzərə alaraq öz "təhsil trayektoriyasını" müəyyənləşdirir. O, fənləri, seminarları özü seçir, alacağı biliyə görə özü məsuliyyət daşıyır. Bu əlbəttə ki, ideal vəziyyətdir” – S.Burzuyeva çıxışında deyib.

Sonra təhsil eksperti Rəcəb İsmayılov çıxış etdi. O, sürətlə dəyişməkdə olan əmək bazarının tələblərinə adekvat olaraq bir çox peşələrin köhnəldiyini diqqətə çatdırdı. Bildirdi ki, on ildən sonra bir çox peşələr olmayacaq və bu sahədə çalışan insanları robotlar əvəz edəcək. Ona görə də universitetlər kadr hazırlığında əmək bazarının tələblərini qiymətləndirməlidirlər.
R.İsmayılov həmçinin dedi ki, tələbələrə verilən təhsilin ölkə iqtisadiyyatına, o cümlədən sənayenin və texnologiyanın inkişafına təsiri böyükdür. Şübhəsiz, universitetlərdə güclü idarəçilik sisteminin və liderlik praktikasının olması həmin müəssisələrdə təşəbbüskarlıq mədəniyyətinin formalaşdırılması üçün vacibdir. Belə ki, universitetlərin liderlik modeli orada innovasiya və təşəbbüskarlığın mövcudluğuna, habelə idarəçilik sistemində aparılacaq dəyişikliklərə müxtəlif şəkildə təsirini göstərir.

Sonra müzakirələr aparıldı və iştirakçıların suallarına cavab verilib.


 


Loading...

Xəbər xətti

25 May 2022