Genaral Rövşən Əkbərovun məhkəməsi başlayır

09:49 - 16 İyul 2021

Genaral Rövşən Əkbərovun məhkəməsi başlayır

Bu gün qəsdən adam öldürməkdə təqsirləndirilən sabiq birlik komandiri, general-leytenant Rövşən Əkbərovun cinayət işi üzrə məhkəmə prosesi başlayır.
 
Manset.az
xəbər verir ki, Bakı Hərbi Məhkəməsində məhkəmənin sədri Həbib Həsənovun sədrliyi ilə keçiriləcək prosesdə təqsirləndirilən şəxsin anket məlumatlarının dəqiqləşdiriləcəyi və cinayət işinin məhkəmə baxışına təyin olunacağı gözlənilir.
 
Rövşən Əkbərovun barəsində olan cinayət işi üzrə Baş Prokurorluq tərəfindən aparılan istintaqla müəyyən edilidb ki, onun 2001-ci il mayın 31-dən iyunun 1-nə keçən gecə Kiyev şəhəri, Deqtyaryov küçəsi 7 ünvanda yerləşən “Sikora” kafesində yeyib-içdikdən sonra, saat 4 radələrində həmin kafenin yaxınlığında Elçin Əliyev ilə aralarında yaranmış cüzi münaqişə səbəbindən xuliqanlıq niyyəti ilə sonuncunun ürək nahiyəsinə kəsici-deşici predmetlə xəsarət yetirərək Elçin Əliyevi qəsdən öldürməsinə əsaslı şübhələr var.
 
Rövşən Əkbərova Cinayət Məcəlləsinin 12.1, 120.2.2 (qəsdən adam öldürmə) və 12.1, 221.3-cü (xuliqanlıq) maddələri ilə ittiham elan edilərək, barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

General Rövşən Əkbərov müdafiə naziri Zakir Həsənovun əmriylə 2021-ci ilin fevralında ordu sıralarından ehtiyata buraxılıb.

R.Əkbərov Azərbaycanın Milli Qəhrəmanıdır. Bu fəxri ad ona Prezidentin (mərhum Heydər Əliyev) 5 oktyabr 1994-cü il tarixli fərmanı ilə verilib.

R.Əkbərov 2011-ci ildən orduda birlik komandiri vəzifəsini tutub. İki dəfə "Azərbaycan Bayrağı" ordeni ilə, bir neçə dəfə isə müxtəlif orden və medallarla təltif edilib.

Ancaq İkinci Qarabağ müharibəsi müddətində onun adı heç bir döyüş əməliyyatında hallanmayıb və sonradan təltif edilənlər sırasında da olmayıb.

Qarşıda gözlənilən məhkəmə R.Əkbərovu azadlıqdan məhrum etməklə yanaşı, onun həm Milli Qəhrəman adını, həm də general rütbəsini geri ala bilər.


Xəbər xətti

11 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin