COP29-da tarixi qərar qəbul olundu
24 Noyabr 2024
17:52 - 12 İyun 2021
Milli Məclisin Sədri Sahibə Qafarova Azərbaycanda səfərdə olan Böyük Britaniya parlamentinin sabiq üzvü və keçmiş nazir müavini Şahid Malikin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Manşet.az xəbər verir ki, parlamentin spikeri qeyd edib ki, Azərbaycanla İngiltərə arasında münasibətlər tarixi və strateji əhəmiyyətə malikdir. Bu gün Azərbaycan və İngiltərə arasında dostluq və strateji tərəfdaşlıq münasibətləri mövcuddur.
Sədr deyib ki, İngiltərə hökuməti ərazi bütövlüyü məsələsi də daxil olmaqla həm ikitərəfli, həm də çoxtərəfli formatda prinsipial məsələlərdə Azərbaycan Respublikasının mövqeyini dəstəkləyir. Spiker Sahibə Qafarova iki ölkə arasında iqtisadi əlaqələrin uğurla inkişaf etdiyini vurğulayaraq, xüsusilə enerji sektorunda yüksək səviyyəli əməkdaşlığı qeyd edib.
Görüşdə Sahibə Qafarova bildirib ki, Azərbaycan və Böyük Britaniyanın qanunverici orqanları arasında da yaxşı münasibətlər mövcuddur. Bu münasibətlər parlamentlər arasındakı ikitərəfli və çoxtərəfli əməkdaşlıqda müsbət əksini tapıb. Hər iki ölkənin parlamentlərində dostluq qrupları fəaliyyət göstərir.
Sədr daha sonra qonaqlara Azərbaycanın Vətən müharibəsində qazandığı möhtəşəm Zəfər haqqında məlumat verərək qeyd edib ki, 2020-ci il Azərbaycan Respublikası tarixində çox vacib bir il olmuşdur. 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan öz ərazilərini Ermənistanın işğalından azad edərək ərazi bütövlüyünü bərpa etdi, BMT Təhlükəsizlik Şurasının münaqişə ilə bağlı 4 qətnaməsini özü yerinə yetirdi. 10 Noyabr 2020-ci il tarixində imzalanan üçtərəfli Bəyanat bölgədə yeni bir reallıq formalaşdırıb, eyni zamanda sabitliyin təmin edilməsi və yüz minlərlə azərbaycanlı məcburi köçkünün evlərinə qayıtması üçün zəmin yaradıb. Azərbaycan torpaqlarını azad etməklə Qafqaz bölgəsində təhlükəsiz və etibarlı inkişaf üçün əsas maneəni aradan qaldırıb. İndi isə yeni bir dövrə - bərpa və yenidənqurma dövrünə qədəm qoymuşuq.
Üçtərəfli bəyanatın imzalanmasından sonra Ermənistan tərəfindən törədilən təxribatlarla bağlı məlumat verən Milli Məclisin Sədri bildirib ki, müharibə başa çatdıqdan sonra azad olunmuş ərazilərdə çoxlu sayda hərbçi və mülki vətəndaşımız Ermənistan tərəfindən quraşdırılmış minalara düşüb. Azərbaycan tərəfinin mina xəritələrinin təqdim edilməsi ilə bağlı çoxsaylı çağırışlarına baxmayaraq, Ermənistan bundan imtina edir və bununla da beynəlxalq humanitar hüququ pozaraq, hərbi cinayətlərini davam etdirir. Spiker, iyunun 4-də 3 nəfər azərbaycanlının öz xidməti fəaliyyətini yerinə yetirərkən minaya düşərək həlak olmaları faktını xatırladaraq, əlavə edib ki, onlardan ikisi jurnalistdir. Sahibə Qafarova həmçinin bildirib ki, Ermənistan sərhədlərin delimitasiyası məsələsində də təxribatlara əl atır, 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın müddəalarını kobud şəkildə pozaraq azad olunmuş ərazilərimizə terrorçu qruplar göndərməkdə davam edir və bu bəyanatın imzalanmasından sonra Azərbaycan ərazilərində həbs olunmuş terrorçuları "hərbi əsirlər" kimi qələmə verməyə çalışır.
Səmimi qəbula görə minnətdarlığını bildirən nümayəndə heyətinin üzvləri - Böyük Britaniya parlamentinin sabiq üzvü və keçmiş nazir müavini Şahid Malik, siyasi təhlilçi Qureyşi Şahid, T-vine nəşrinin təsisçisi və redaktoru Özerim İpek, videojurnalist Kravford Edvard, jurnalist Rov Edvard, tədqiqatçı Reynolds Nikolas Azərbaycana səfərlərindən, ölkəmizdə gördükləri inkişafdan məmnunluqlarını bildiriblər.
Görüşdə Milli Məclisin Sədri nümayəndə heyətinin üzvlərinin Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə səfər edəcəklərini, onların həmin ərazilərdə Ermənistan tərəfindən törədilən dağıntıları öz gözləri ilə görəcəklərini qeyd edərək, ümidvar olduğunu bildirib ki, media nümayəndələri müşahidə etdikləri erməni vandalizmini obyektiv şəkildə beynəlxalq auditoriyaya çatdıracaqlar.
Spiker Sahibə Qafarova daha sonra jurnalistlərin suallarını cavablandırıb.
Qeyd edək ki, görüşdə həmçinin Milli Məclisin Azərbaycan-Böyük Britaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Cavanşir Feyziyev, Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev və Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığında fövqəladə və səlahiyyətli səfiri Tahir Tağızadə də iştirak ediblər.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin