Bakı merinin müavinləri yoxdur - 4 yüksək posta təyinat ola bilər
26 Noyabr 2024
15:59 - 11 İyul 2021
"Şuşa bizim yuxularımıza girirdi, Şuşa bizim analarımızın göz yaşında, dualarımızda idi. Həmişə Şuşanı, Qarabağı yenidən ziyarət etməyin nəsib olması, torpaqlarımıza geri qayıtmaq üçün dualar edirdik. Bu gün buna çatmağımız Azərbaycan xalqı, dövləti, dindarları üçün böyük nemətdir. Bunun qarşısında Allaha dua etmək borcumuzdur".
Manset.az xəbər verir ki, bunu dini konfessiyaların rəhbərləri ilə birgə Şuşaya səfər edən Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə deyib.A. Paşazadə bildirib ki, Azərbaycan 44 günlük Vətən müharibəsində qələbə qazanıb, Ermənistanı məğlub edib: "Dövlət-din münasibətləri, dövlət-xalq birliyi ilə, dövlətin rəhbəri, Ali Baş Komandan başda olmaqla ordumuz sayəsində bu Qələbəni qazandıq. Torpaqlarımızın azad edilməsi üçün çoxlu şəhid verilib. Dünən, bu gün həm kilsə, həm məscidlərdə olduq, digər dinlərdən olan xadimlər də bizimlə birgə idi. Biz birlikdə dualar etdik, Vətən üçün, torpaq üçün Quran oxuduq, şəhidləri yad etdik, namaz qılıb, dua etdik. Bu birlik, vəhdət bizə qələbə qazandırıb. Azərbaycanın gələcəyinə, dövlətin rəhbərinə, siyasətinə inanırıq. Çünki bu məktəb Ulu öndər Heydər Əliyevdən bəri davam edir. Bizim qələbəmiz birliyimizdə idi, necə ki, Prezident buyurdu ki, dəmir yumruğun güclənməsində dindarların da böyük zəhməti var. Həqiqətən də, bu, belə olub, müharibə dövründə həm müsəlman, həm xristian, həm də yəhudilər - bütün dini konfessiyalardan olan insanlar öz Vətənini bərabər qorudu, çünki Azərbaycan hamımızın Vətənidir”.
QMİ sədrinin sözlərinə görə, Azərbaycanın düşmənləri xaricdən, daxildən onun əleyhinə iş aparır: “Yalan, iftira, xəbərçilik edən bədnam qonşular bütün dünyaya göstərməyə çalışırlar ki, guya Azərbaycan onların hüququnu pozur, kilsələrdə dua etmələrinə imkan vermir. Halbuki Azərbaycanda bütün dinlər üçün şərait yaradılıb, o cümlədən Azərbaycanın paytaxtında erməni kilsəsinin olması, orada erməni kitablarının saxlanması bir daha göstərir ki, biz bütün dinlərə hörmət edirik. Bizim başqasının torpağında gözümüz yoxdur, öz torpaqlarımızı da heç kimə vermək fikrində deyilik”.
Şuşada tikiləcək məscidin ərazisinə də baxış keçirdiklərini deyən A. Paşazadə şəhərdəki quruculuğa, həm kilsə, həm məscidlərdə təmir-bərpa işlərinin aparılmasına görə şad olduğunu söyləyib: “Ağdama da getmişdik, xarabalıqları, erməni vandalizmini gördük. Bütün dinlər insanları sülhə, qardaşlığa çağırır, dindən, kilsədən öz siyasətin üçün istifadə etmək olmaz. Lakin şahidi olduq ki, erməni kilsəsinin rəhbəri xalqı qırğına çağırırdı, keşişlərinin əlində İncil yox, “Kalaşnikov” avtomatı var idi, bu, qəbul olunmazdır. Azərbaycan dövlətinin Prezidenti həmişə sülhə çağırır. Mən də bir daha çağırış edərdim ki, qonşularımız bir daha düşünsünlər, xalqlarını məhvə aparmasınlar. Xüsusilə dini liderləri bunda daha aktiv olmalıdır”.
QMİ sədri vurğulayıb ki, Azərbaycanın qələbəsi həm də dindarların qələbəsidir: “Şəhidlərin dəfnində anaların göz yaşını birinci silən dindarlarımız olub. Dövlət başçısı da onlardan razılıq edib”.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin