Bakıda NATO nümayəndə heyəti ilə görüş keçirildi
25 Noyabr 2024
09:41 - 11 Mart 2022
“Rusiya-Ukrayna müharibəsindən Azərbaycanın turizm sektoru müəyyən mənada zərər çəkəcək".
Manset.az xəbər verir ki, bunu “report”a açıqlamasında müharibənin turizm sektorumuza təsirini şərh edən "Azərbaycan Turizm Assosiasiyası" İctimai Birliyinin İdarə Heyətinin sədri Əhməd Qurbanov deyib.
"Müharibədən istifadə edilməlidir"
Bununla belə, o hesab edir ki, bu müharibədən maraqlar naminə istifadə edilməlidir:
“Böhranı fürsətə çevirmək çalışdığımız sahə üçün vacib amildir. Hazırda Rusiyadan Azərbaycana və Azərbaycandan Rusiyaya uçuşların dayandırıldığı bir şəraitdə biz digər ölkələrdən turistlərin gəlməsinə yol aça bilərik. Koronavirus (COVID-19) pandemiyası səbəbindən Azərbaycanın quru sərhədləri qapadılıb və yalnız hava sərhədləri mərhələli şəkildə açılır.
Hazırda 82 ölkə ilə, o cümlədən İranla hava sərhədimiz açıqdır və bu, Novruz bayramında qonşu ölkədən Azərbaycana turist axınına səbəb olacaq. Biz onların sayının artması üçün çalışmalıyıq.
Düşünürəm ki, hazırda yerinə yetirilməli işlərdən biri quru sərhədlərin açılmasıdır. Tövsiyə və arzu edərdik ki, qonşu ölkələrlə olan quru sərhədlər açılsın və bununla ölkəyə gələn turistlərin sayını artıra bilərik. Çünki yaxın ölkələrdən Azərbaycana səfər etmək istəyənlərin sayı çoxdur və quru sərhədlərin açılması onlara imkan yaradacaq ki, öz şəxsi nəqliyyat vasitələrindən istifadə etməklə ölkəmizə gəlsinlər.
Bir məsələni də vurğulamaq istəyirəm ki, pandemiya şərtləri yumşaldılandan bəri ərəb turistləri daha çox Ukraynaya axın etmişdi. İndiki vəziyyətdə isə onlar uzun müddət bu ölkəyə səfər edə bilməyəcəklər.
Bu baxımdan düşünürəm ki, həmin ərəbləri öz ölkəmizə cəlb edə bilərik. Çünki ərəb turistlər bahalı seqmentə aid turistlər hesab edilir və böyük gəlir gətirib iqtisadiyyatlara xeyir verə bilirlər. Bunun üçün isə təbliğat işlərini sürətləndirmək lazımdır.
Məncə Azərbaycanın “Dubai Expo 2020” sərgisində iştirakı da imkan yaradacaq ki, ölkəmiz yenidən həmin turistləri qazana bilsin.
Rusiya ilə uçuşların müvəqqəti olaraq təhlükəsizlik səbəbindən bağlandığını düşünürəm, hesab edirəm ki, tezliklə müharibə bitəcək, yenidən rusiyalı turistlərin ölkəmizə gəlməsinə şərait yaranacaq. Nəzərə almalıyıq ki, onlar əsasən tarixi mədəni ərazilərə, sağlamlıq və çimərlik turizmi ilə bağlı yerlərə səfər etməyi sevir. Ölkəmizdə isə onları maraqlandıracaq çoxlu turistik yerlər mövcuddur”, - deyə o qeyd edib.
"Turizm şirkətləri müharibədən əziyyət çəkir"
Azərbaycanda fəaliyyət göstərən turizm şirkətlərindən birinin rəhbəri Aqil Ağalarov isə bildirib ki, ABŞ və Avropa ölkələrinin Rusiyaya tətbiq etdiyi sanksiyalardan dolayısı ilə əziyyət çəkirlər:
"Xüsusilə Rusiya istiqamətində uçuşların ləğvi turizm şirkətlərini çıxılmaz vəziyyətdə qoyub. Özünə turistik zona kimi Azərbaycanı seçənlər ola bilər, amma bunun nə qədər olacağını zaman göstərəcək. Ərəb ölkələrindən turist axını gözləyirik, amma hazırkı dövrə qədər bu baxımdan da ciddi irəliləyiş yoxdur.
Pandemiya səbəbindən qapanmaların olması ölkə daxilində turizm üçün heç də əlverişli olmayan imkanlar açıb. Düzdür son yumşalmalar imkan verir ki, sektorda canlanma olsun. Amma əvvəlki illərə nisbətən bu canlanma az olacaq".
Xatırladaq ki, 2021-ci ildə Azərbaycana 792 min əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib ki, bunun da 32,6%-i və yaxud 258 mini Rusiyadan daxil olub. 2020-ci illə müqayisədə ölkəmizə Rusiyadan gələnlərin sayı 14,7% artıb.
Ötən il Azərbaycandan xaricə getmiş şəxslərin sayı isə 975 min nəfər olub ki, bunun da 24,3%-i və yaxud 237 mini Rusiyaya üz tutub. Bu isə əvvəlki ilə nisbətən 7,8% çoxdur.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin