FIDE Qran-prisi: Məmmədyarovun III mərhələdəki rəqibləri bəlli olub

17:34 - 9 Mart 2022

FIDE Qran-prisi: Məmmədyarovun III mərhələdəki rəqibləri bəlli olub

Almaniyanın paytaxtı Berlində martın 21-də start götürəcək şahmat üzrə FIDE Qran-prisinin III mərhələsinin püşkü atılıb.

 

Manset.az-ın Beynəlxalq Şahmat Federasiyasının rəsmi saytına istinadən məlumatına görə, Azərbaycan təmsilçisi Şəhriyar Məmmədyarov reytinq favoritlərindən biri kimi B qrupuna düşüb.

Hazırda 2776 xala malik 37 yaşlı qrossmeyster qrupun 1-ci pilləsində yer alıb. Onun rəqibləri ABŞ-dan olan Lenyer Dominges (2756), rusiyalı Daniil Dubov (2711) və almaniyalı Vinsent Kaymer (2655) olacaq.

Əsasnaməyə görə, hər qrupda dairəvi sistemlə ikidövrəlik mübarizə gedəcək. Nəticədə yalnız qrup qalibləri yarımfinala yüksələcəklər. Yarımfinal və final da iki oyundan, ehtiyac yaranarsa, tay-breykdən ibarət olacaq.

Qran-pri iştirakçıları reytinq xalları da əldə edəcəklər. Qalib şahmatçı 13 xal, finalçı 10 xal, yarımfinalda uduzanlar 7 xal, qruplarda 2-ci yerin sahibləri 4 xal, 3-cü pilləni tutanlar 2 xal alacaqlar. Qrup sonuncularına isə xal verilməyəcək.

Qeyd edək ki, FIDE Qran-prisinin III mərhələsinə aprelin 4-də yekun vurulacaq. Turnirin ümumi mükafat fondu 150 000 avrodur. Şəhriyar Məmmədyarov Serbiyanın paytaxtı Belqraddakı II mərhələdə D qrupunda bütün görüşlərini heç-heçə ilə başa vurub və yarımfinala yüksələ bilməyib.

Hər şahmatçı Qran-prinin yalnız iki mərhələsinə qatıla bilər. Ümumi hesabda ən yaxşı iki qrossmeyster İddiaçılar Turnirində iştirak hüququ əldə edəcək.


Xəbər xətti

28 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin