Bütün məhsulların qiyməti 2 dəfə arta bilər - Yeni BAHALAŞMA DALĞASI

12:49 - 8 Mart 2022

Bütün məhsulların qiyməti 2 dəfə arta bilər - Yeni BAHALAŞMA DALĞASI

Ukrayna ətrafında yaranan gərgin hərbi-siyasi vəziyyət dünyada yeni bahalaşma dalğası yaradıb. Beynəlxalq təşkilatlar xəbərdarlıq edir ki, mövcud vəziyyət dəyişməyəcəyi təqdirdə bütün ərzaq və qeyri-ərzaq mallarının dəyəri nəzərəçarpacaq dərəcədə yüksələcək.

 

Manset.az sfera.az-a istinadən xəbər verir ki, müharibə əvvəllər də bahalaşmaqda olan xam neftin və təbii qazın qiymətini daha da artırıb. "Brent” neftinin qiyməti 130 dollara yüksəlib ki, bu da aylıq müqayisədə 40 dollar, illik müqayisədə 65 dollar bahalaşmadır. Başqa sözlə, son bir ildə neft qiymətləri 2 dəfə, son bir ayda isə 44 faiz artıb.

Təbii qazın qiyməti daha sürətlə artır. Avropada spot (gündəlik satılan) qazın qiyməti ötən bir ayda 2 dəfədən çox artaraq 3 min dolları keçib.

Neft və qazın bahalaşması elektrik enerjisinin də qiymətinin kəskin artımına səbəb olur. Məlumdur ki, elektrik enerjisi istehsalında əsas yanacaq kimi təbii qazdan istifadə edilir. Bu səbəbdən qazın bahalaşması elektrik enerjisinini qiymətini də eyni qaydada artırır.

Neft, qaz və elektrik enerjisi kimi enerji daşıyıcılarının bahalaşması bütün məhsulların qiymətinin artmasına səbəb olur.

Enerji daşıyıcılarının yaratdığı təsirlə bərabər Rusiyaya qarşı tətbiq edilən sanksiyalar da bəzi məhsulların bahalaşmasına əlavə təkan verir. Sanksiyalar sənayedə böyük əhəmiyyətə sahib olan əlvan metalların (alüminium, mis, qurğuşun, sink və s.) dəyərini daha çox artırır. Hazırda əlvan metalların qiyməti son illərin ən yüksək səviyyəsinə çatıb.

Yaranan gərgin vəziyyət taxıl məhsullarının, xüsusən də buğdanın, günəbaxanın qiymətində sıçrayış yaradıb. Çünki Ukrayna və Rusiya dünyanın əsas buğda və günəbaxan təchizatçılarından sayılır. Bu ölkələrlə bağlı problemin yaranması həmin məhsulların həm qiymətini yüksəldir, həm də həmin məhsullarla təchizatı çətinləşdirir.

Taxıl məhsullarının bahalaşması öz növbəsində heyvan yemlərinin dəyərini sürətlə artırır ki, bu da toyuq ətinin, toyuq yumurtasının, mal ətinin, süd və süd məhsullarının, heyvan mənşəli yağların (kərə yağının) qiymətini yüksəldir.

Beləliklə, Ukrayna ətrafında yaranan gərginlik tezliklə aradan qalxmayacağı təqdirdə bütün ərzaq və qeyri-ərzaq mallarının qiymətində baş verən artımları bütün ölkələr, o cümlədən Azərbaycan da hiss edəcək.

Azərbaycan gündəlik istehlak mallarının böyük hissəsini idxal hesabına təmin etdiyindən qiymət artımları daha sürətlə daxili bazarda daxil olacaq.


Xəbər xətti

25 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin