Səbəbsiz yerə döyüldü, necə öləcəyini əvvəlcədən bildi...

08:10 - 5 Mart 2022

Səbəbsiz yerə döyüldü, necə öləcəyini əvvəlcədən bildi...

Bu gün Əməkdar artist, aktyor Elçin Həmidovun anım günüdür.

 

Manset.az Kulis.az-a istinadən bu münasibətlə aktyor haqqında 10 maraqlı faktı təqdim edir.

1. Uşaqlığı çox ağır keçib. Əvvəlcə atasını, sonra anasını itirib. Əmisi Elçini və bacı-qardaşlarını himayəsinə götürüb.

2. Əmisinin evində Elçini daha ağır günlər gözləyirmiş. Az yemək verir, çoxlu işlədirlərmiş. Eyni zamanda onu səbəbli-səbəbsiz döyürlərmiş. Hətta bir dəfə əmisi Elçini döyəndə elə hala düşür ki, məcbur qalıb təcili yardım çağırırlar. Qohumlar Elçini hədələyiblər: onu kimin döydüyünü heç kimə deməsin! Elçin Həmidov öz müsahibələrinin birində həmin günləri xatırlayıb deyir ki, aclıqdan taqəti qalmırmış, yemək az yediyi üçün vitaminsizlikdən kirpikləri tökülürmüş.

3. Ata-anasının ölümündən sonra hələ tam özünə gələ bilməyən Elçin yeniyetməlik yaşında əvvəlcə bir qardaşını, daha sonra bacısını və bir qardaşını da itirib.

 

4. O, kuryer, daha sonra isə Azərbaycan Dövlət Musiqili Komediya Teatrında işıqçı, fəhlə işlərində çalışıb.

5. Hacıbaba Bağırovla yaxın dost olub. Hacıbaba ondakı istedada arxayın olaraq, öz rollarını belə ifa etmək üçün Elçinə həvalə edib. Bu təklifi eşidən aktyor elə bilib ki, Hacıbaba Bağırov onunla zarafat edir. Hacıbaba Bağırov dünyasını dəyişəndə onun qızı hələ balaca olur. Elçin Həmidov gecələr Hacıbaba Bağırovun evinə zəng vuraraq onun azyaşlı qızına telefonla nağıllar danışarmış.

6. Əsl bariton və soprano səsə malik olub. Tamaşalardakı çox musiqiləri özü ifa edib. Bir müddət sonra Elçin “Bakılı oğlanlar” komandasındakı parodiyaları ilə yaddaşlarda qalıb. O, Flora Kərimovanı, İlhamə Quliyevanı, Gülşən Qurbanovanı yüksək səviyyədə parodiya etməyi bacarırdı.

7. Şəkər və təzyiqdən əziyyət çəkir, məşqlərdə rolun sözlərini unudub aktyor heyətindən, rejissordan üzr istəyirmiş.

8. Elçin Həmidov heç vaxt ailə qurmayıb. Buna səbəb isə onun ölüm qorxusu olub. Həmişə deyirmiş ki, ciddi bir qadınla ailə qurmaq istəyirəm, amma qorxuram. Ölüb gedəcəm, o qadın yazıq tənha qalacaq. Aktyorun səhnədəki son rolu da Qoqolun “Evlənmə” tamaşasından olub.

9. Həmişə dostlarına deyirmiş ki, mən əlli yaşımı keçməyəcəm.

“Bizimkilər hamısı əlli yaşına qədər ölüb. Əlli yaşı keçsəm də, az sonra mənim ölümüm bağlı qapı arxasında olacaq və bundan sizin heç birinizin xəbəri olmayacaq. Gəlib qapımı döyəcəksiniz, açmayacam. Sındırıb içəri girəndə görəcəksiniz ki, ölüb ortalıqda qalmışam”.

10. Elçin Həmidovun dediyi kimi də olur. Ölümündən iki gün əvvəl dostları ilə telefonla danışır, onlara evdə tək qalmaqdan qorxduğunu, ürpəndiyini deyir. Martın beşində isə tamaşaya gəlmir. Təşviş keçirən adamlar onun evinə yollanırlar. Aktyor qapı və telefon zənglərinə cavab vermir. Qapını sındırmağa məcbur olurlar. Aktyoru evində ölü vəziyyət tapırlar. Məlum olur ki, irsi ürək xəstəliyindən əziyyət çəkən aktyor duş qəbul edəndə halı pisləşib, hamamdan çıxıb divardan tuta-tuta otağa keçmək istəyəndə əli boşluqda qalıb və yerə yıxılıb.


Xəbər xətti

16 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin