“Moskva Bəyannaməsi çox mühüm tarixi sənəddir” - Kamaləddin Qafarov

13:11 - 24 Fevral 2022

“Moskva Bəyannaməsi çox mühüm tarixi sənəddir” - Kamaləddin Qafarov

"Fevralın 22-də Moskvada Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putin “Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında qarşılıqlı müttəfiqlik fəaliyyəti haqqında” Bəyannamə imzalayıblar.

 

Birmənalı olaraq qeyd etmək lazımdır ki, bu sənədin imzalanması Prezident İlham Əliyevin milli maraqlarımızın qorunması istiqamətində atdığı növbəti vacib və son dərəcə uğurlu addımdır. Azərbaycan üçün qonşu ölkələrlə münasibətlərin inkişaf etdirilməsi də xüsusi əhəmiyyət kəsb edən istiqamətdir. Məhz buna görə də Prezident İlham Əliyevin həyata keçirdiyi çoxvektorlu xarici siyasət kursunda bu məsələ prioritet kimi müəyyən edilib”.

Manset.az xəbər verir ki, bunu Milli Məclisinin deputatı Kamaləddin Qafarov deyib. Millət vəkili qeyd edib ki, 2021-ci il iyunun 15-də Şuşada Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğann imzaladığı “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi” iki qardaş ölkənin müttəfiqliyini daha yüksək səviyyəyə daşıdı. Sənəd hər iki ölkənin parlamentində ratifikasiya olunub, dövlət rəhbərləri tərəfindən təsdiqlənib. Türkiyə ilə Azərbaycan arasında münasibətləri müttəfiqlik səviyyəsinə yüksəldən bəyannamə ilə Azərbaycan öz təhlükəsizliyi üçün əlavə zəmanət əldə edib.”

Rusiya ilə əlaqələrimizin tarixi köklərə malik olduğunu vurğulayan millət vəkili belə bir məqamı da xüsusi olaraq qeyd edib ki, Rusiya ilə imzalanan müttəfiqlik fəaliyyəti haqqında Bəyannamə Vətən müharibəsindən sonra bölgədə yaranmış reallıqların tam qəbul edilməsi baxımından da böyük əhəmiyyət kəsb edir: “Rusiya ilə Azərbaycan arasında humanitar, mədəni, iqtisadi, siyasi-hərbi və bütün digər sahələrdə çoxşaxəli əməkdaşlıq əlaqələri qurulub. Əlbəttə ki, bu əməkdaşlıqda iki ölkə lideri arasındakı qarşılıqlı hörmət və etimada əsaslanan dostluq münasibətləri də mühüm rol oynayır. Bu il ölkələrimiz arasında diplomatik münasibətlərin yaranmasının 30 illiyi tamam olur. Hazırda ölkələrimiz arasında siyasi münasibətlər ən yüksək səviyyəyə çatıb. Eyni zamanda, əmtəə dövriyyəsinin həcmi artıq 3 milyard dolları aşıb və 16 faiz artıb. Azərbaycanda təhsilin rus dilində olduğu 340-a yaxın məktəb var, bu məktəblərdə 140 mindən çox şagird təhsil alır. Ölkəmizdə 15 mindən çox tələbə ali məktəblərin rus dili bölmələrində oxuyur. Rus dili keçmiş Sovet İttifaqı ölkələrini həmişə birləşdirirdi və əlbəttə, rus dilini bilmədən gələcək nəsillərin əlaqələrini nizamlamaq çox çətin olar.

Digər tərəfdən isə, belə bir məqamı da nəzərə almaq lazımdır ki, Vətən müharibəsindən sonra Cənubi Qafqazda yeni regional nizam formalaşır və bu nizamın əsas oyunçuları Azərbaycan, Türkiyə və Rusiyadır. Türkiyə ilə müttəfiqlik bəyannaməsi imzalayan Azərbaycan eyni tipli bəyannaməni Rusiya ilə də imzalamaqla bölgədəki yeni konfiqurasiyanı möhkəmləndirmiş oldu. Bu, həm də müharibədə əldə etdiyimiz qələbənin siyasi-diplomatik cəbhədə daha da möhkəmləndirilməsi, Azərbaycanın regionda yaratdığı yeni reallığın tam olaraq qəbul edilməsi baxımından son dərəcə əhəmiyyətlidir. Bəyannaməsinin əsas postulatı ondan ibarətdir ki, hər iki ölkə müttəfiqlik fəaliyyətini bir-birinin müstəqilliyinə, dövlət suverenliyinə, ərazi bütövlüyünə, sərhədlərin toxunulmazlığına qarşılıqlı hörmət, bir-birinin daxili işlərinə qarışmamaq, qarşılıqlı fayda, güc tətbiq etməmək və güclə hədələməmək prinsipləri üzərində qurulmasına dair öhdəlik götürürlər.

K.Qafarovun fikrincə, ən vacib məqamlardan biri də budur ki, Moskva Bəyannaməsində keçmiş münaqişəyə son qoymuş 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın, eləcə də 11 yanvar 2021-ci il tarixli və 26 noyabr 2021-ci il tarixli üçtərəfli bəyanatların müddəalarının həyata keçirilməsinin vacibliyi vurğulanır. Bu, xüsusilə əhəmiyyətlidir.


Xəbər xətti

1 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin