Prezident Mövlud Çavuşoğlunu qəbul etdi
4 Dekabr 2024
14:24 - 23 Fevral 2022
1992-ci il fevralın 26-da Ermənistan silahlı birləşmələri və keçmiş SSRİ-nin 366-cı motoatıcı alayı Azərbaycanın və bütövlükdə 20-ci əsrin tarixində dəhşətli faciələrdən birini - Xocalı soyqırımını törətdilər.
Həmin şaxtalı gecədə mülki əhalinin bir hissəsi meşədən keçərək şəhəri tərk etdi. Onların arasında Sədaqət Hüseynova, onun iki oğlu, qızı və uşaqları ilə bacısı da olub. Qadın yemək və su olmadan beş gün meşədə qalıb. Yalnız o və 15 yaşlı bacısı qızı sağ qalıb.
Manset.az xəbər verir ki, S.Hüseynova Media.Az-a müsahibəsində bu taleyüklü günü, eləcə də ondan əvvəlki və sonrakı hadisələri xatırlayıb:
- 1959-cu ildə Xocalıda anadan olmuşam. 21 yaşımda ailə qurmuşam. Bu evlilikdən üç övladımız olub: Nəbi (1981-ci il təvəllüdlü), Sevinc (1985) və Roman (1986) Ağairovlar. Xoşbəxt yaşayırdıq... Heç kimin ağlına belə gəlməzdi ki, ermənilər bizim doğma yerlərimizi yerlə-yeksan edib, belə bir şey törədəcəklər...
- Faciədən bir qədər əvvəl Xocalıda vəziyyət necə idi?
- Əhalisi əsasən ermənilərdən ibarət olan kəndin yaxınlığında yaşayırdıq. İnanın, elə bir axşam olmurdu ki, onlar tərəfdən artilleriya atəşinə tutulmayaq. Atəş müvəqqəti dayananda təəccüblənirdik və onların orada nə etdikləri ilə maraqlanırdıq. Bir dəfə ikinci mərtəbədə ailəvi şam yeməyi yeyərkən damımızı mərmi deşdi. Bu səbəbdən fevralın 26-na qədərki son günlərdə uşaqlarımla bacımın evində gecələdim. O, hava limanının yaxınlığında yaşayırdı, həmin vaxt ora daha təhlükəsiz idi.
Azərbaycan Daxili İşlər Nazirliyinin OMON-u vəziyyətin ağır olduğunu nəzərə alaraq hər axşam kişiləri küçələrə patrul xidmətinə göndərirdi. Onların arasında ərim və qayınatam da var idi. Bundan xəbər tutan keçmiş sovet ordusunun 366-cı motoatıcı alayının hərbçiləri silah axtarmaq üçün evlərimizdə axtarış aparmağa başladılar. Amma xocalılarda heç nə yox idi. Tapdıqları yeganə şey ov tüfəngi oldu, onu da müsadirə etdilər.
- Xocalını tərk etmək barədə düşünürdünüzmü?
- Biz çox istəyirdik ki, qalaq, amma bunun nə qədər təhlükəli olduğunu anladıq. Fevral ayında mən və uşaqlarım mütəmadi olaraq hava limanına gedirdik, orada xilasedici helikopterlər olurdu. Yaşayış məntəqələrini tərk etmək istəyənlər o qədər çox idi ki, hamını təxliyə etmək olmurdu. Şansı gətirənlər arasında bacım və üç uşağı da var idi. Onları Ağdama apardılar. Lakin o, bir yad evdən digər evə davamlı yer dəyişmələrə dözə bilməyib Xocalıya qayıtdı.
- 25 fevralı - Xocalı soyqırımından bir gün əvvəli yadımıza salaq...
- Həmin gün nə işıq, nə də istiliyimiz var idi. Yemək demək olar ki, bitmişdi, uşaqlar ac qalmışdı. Yaxınlıqda xəmiri pulsuz paylayan çörək sexi var idi. Ondan gətirdim çörək bişirdim, amma yeməyə vaxtımız olmadı. Gecə atışmaların intensivliyi daha da gücləndi. Qayınatam dedi ki, tez bir zamanda uşaqları götürüb bacımın yanına gedim. Bir daha evə qayıtmayacağımızı o zaman bilmirdim... Bir saata yaxın piyada onun yanına getdik. Oraya çatanda ürəyimdə narahatlıq vardı: dəhşətli bir şey olacağını əvvəlcədən hiss etdim, evə qayıtmaq istədim.
- Amma geriyə yol yox idi...
- Bəli, artıq çox gec idi. Təcili vəziyyətdə evdən tez qaça bilmək üçün üst geyimində yatmalı olduq. Bu zaman yaşayış məntəqəmiz mühasirəyə alınmışdı. Qeyd edim ki, Ermənistanın silahlı qüvvələri uzun müddət Xocalıya girməyə ürək etməmişdi, onlar hücumu yalnız 366-cı motoatıcı alayın hərbi heyəti və texnikasının köməyi ilə həyata keçirə bilmişdilər.
- Xocalının mühasirəyə alındığını nə vaxt anladınız?
- Uğultu və partlayış səsləri eşitdik, dərhal çarpayıdan sıçrayıb evdən qaçdıq. Kimi ayaqqabı geyinməyi bacardı, kimi isə başmaqla və ayaqyalın qaçdı. Eyni zamanda, unutmaq olmaz ki, soyuq qış idi, qar yağırdı... Mən, uşaqlar, bacım, onun əri və bacısı oğulları qohumların yanında gizlənmək üçün zirzəmiyə qaçdıq. Bizdən başqa orada artıq xeyli adam var idi. Saat yarımdan sonra poçtun rəisi gəldi, bacısı və anası bizimlə gizləndiklərinə görə qaçmağımızı məsləhət gördü. Ermənilər qəbiristanlıqları, tikililəri yandırmağa, evləri uçurmağa başlamışdılar. Zirzəmidən çıxıb, qaranlıqda, faktiki olaraq davamlı atəş altında hasarlar və kollar boyunca getməyə başladıq. Ermənilər hər tərəfdən atəş açırdılar. Hətta bir güllənin qolumun üstündən keçdiyini hiss etdim.
- Həmin vaxt yoldaşınız harada idi?
- Həmin axşam həyat yoldaşım həmişəki kimi şəhərdə keşik çəkirdi. Xocalını mühasirəyə alanda uşaqlıqdan ayaqları iflic olan yaşlı valideynlərini və bacısını götürmək üçün özünü evə çatdırıb. O, anasını çıxara bilsə də, təəssüf ki, baldızımın çıxmasına kömək edə bilməyib. Tezliklə ermənilər evə soxularaq onu öldürüblər. Qızın cəmi 25 yaşı var idi...
Yoldaşım və valideynləri beş mərtəbəli binaya çatdılar və bir müddət orada gizlənə bildilər. Atışma o qədər şiddətli idi ki, istənilən hərəkət onların həyatı bahasına başa gələ bilərdi. Təxminən bir saat sonra şəhərə duman çökdü. Onlar bundan istifadə edərək binadan çıxıb meşəyə tərəf yollanıblar. Yoldaşım sonra dedi ki, onlar yamaca qalxıblar. Anasını qaldırdıqdan sonra qadınlara və uşaqlara kömək etmək üçün bir neçə dəfə qayıdıb. Həmin saniyələrdə ümid edib ki, bizə də kimsə kömək edir...
- Bəs həmin vaxt siz harda idiniz?
- Qaranlıqda hara getdiyimizi dəqiq müəyyən etmək çətin idi, amma biz Ağdama getmək istəyirdik. Keçilməsi çətin olan Qarqar çayına çatdıq. Suyu buz kimi idi... Uşaqları növbə ilə qucağıma alıb çayın o biri tərəfinə keçirdim.
Bacımın uşaqlarına valideynləri kömək edirdi. O ərazidə çox adam var idi, aramsız səs-küy vardı: biri anasını, biri qardaşını, o biri bacısını axtarır... Diz boyu qar, qulaqlarda cingilti və sıldırımlı meşə yolu – bu şəraitdə ac və yarı geyinmiş halda güclə yeriyirdik. Yanımızda heç nə yox idi: nə yemək, nə kibrit çöpü, nə də isti paltar...
- Axı heç kimin ağlına gəlməzdi ki, belə bir şey baş verə bilər...
- Bilirsiniz, o anlarda belə düşünürdük ki, meşədə oturacağıq, ermənilər sakitləşəcək, sonra evə qayıdacağıq. Çox yorulmuşduq. Qışqırırdım, kömək istəyirdim, amma hamı öz əzizlərinin həyatı üçün mübarizə apardı. Biz yeriməyə davam etdik, birdən bacının əri izdihamın arasında soyuqdan ayaqları boşalmış qardaşını gördü. Bacımın oğlu atasına tərəf dönüb dedi: - Ata, əmidən ayrılma, özümüz davam edəcəyik. Bu sözlərdən sonra yeznəm qardaşına köməyə getdi. Onlar yavaş-yavaş arxamızca gəlirdilər. Ancaq tezliklə bacım və uşaqlarla əsas kütlədən ayrıldıq.
- Azdınız?
- Bəli, yorğunluqdan digərlərindən geri qaldıq və azdıq. Nəticədə, dağın ətəyinə çatdıq və gecəni kiçik bir şam ağacının altında keçirmək qərarına gəldik. Qarın üstündə oturub başımı qaldırdım və hər bir ağac mənə nəhəng adam kimi göründü. Aradan bir müddət keçdi, dönüb baxıram ki, Sevinc balam soyuqdan göyərib, tərpənmir. Onu masaj etməyə başladım, birtəhər qızdırmağa çalışdım. Amma qızım gözümün qabağında soyuqdan dondu. Həmin il o, birinci sinfə getməli idi, hərfləri yazmağı təzəcə öyrənirdi... Səhərə yaxın anladım ki, ən kiçik uşaq, beş yaşlı Roman və bacımın iki oğlu da nəfəs almır. Onlar soyuqdan ölmüşdülər. Onda bacımla nələr yaşadıq... sözlə ifadə etmək mümkün deyil. İnsana məxsus olmayan səslə qışqırdıq, köməyə çağırdıq, saçlarımızı yolduq, sözün əsl mənasında özümüzü öldürürdük... Amma ətrafda heç kim yox idi.
- Dəhşətdir...
- Üçüncü gün keçmişdi, heç kimi görməmişdik, hara gedəcəyimizi bilmirdik və daha yaşamaq istəmirdik. Gördüm ki, böyük oğlum Nəbi daha dözə bilmir. Mən onu isitməyə çalışdım və onu yedirtməkdən ötrü heç olmasa ot tapmaq üçün nəhəng qar qatının altınada baxdım. Heç nə tapa bilmədim. Fevralın 28-də Nəbi də dünyasını dəyişdi. Mən bütün övladlarımı itirdim.
Həmin vaxt bacım artıq ayaq üstə dura bilmirdi, ayaqları uyuşmuşdu. O, mənə dedi: “Burada oturmaqla möcüzə baş verməyəcək. Qızımı götür və get, mən burada sizin köməklə qayıdacağınızı gözləyəcəm. 15 yaşlı bacım qızı ilə Ağdama yol tapmaq ümidi ilə ondan ayrıldıq. Onda hələ bilmirdik ki, bacım, üç uşağım və onun iki uşağı şam ağacının altında bu dünyadan köçəcəklər... Onları bir daha sağ görmədik.
- O günlərdə nələr yaşadığınızı təsəvvür belə etmək çətindir...
- Sözlə ifadə edilə bilməz. Yeganə təsəlli o idi ki, onlar üçün geri qayıdıb bacımı xilas edib, heç olmasa uşaqları basdıra biləcəyik. Bacım qızının yoluna davam etməyə gücü qalmamışdı. Mən sadəcə onu özümlə sürükləyirdim. Xoşbəxtlikdən günəş çıxdı, qar əridi və nəhayət çaya çatdıq, ondan bir qədər aralıda kafe vardı. Bacımın qızına dedim: “Görürsən? Bura məktəbdir, orda uşaqlar var!”. Mən özümdə deyildim, sadəcə göz yaşlarına boğulmuşdum.
Bir az da getdikdən sonra bir kənd gördük. Ona çatmaq üçün qayaya qalxmalı olduq. Yuxarı qalxmağa başladıq: yuvarlandıq, yenidən dırmaşmağa başladıq və yenidən yıxıldıq. Ancaq tezliklə məqsədimizə çatdıq. Artıq gecə idi, beş gün keçmişdi... Qəsəbəyə yaxınlaşdıq, üç əsgər gördük...
- Yoxsa ermənilər idi?
- Özümüz də başa düşmədik, çox qorxduq... Bacım qızı ilə qaçmağa yer olmadığını başa düşdükdə yolun ortasında donub qaldıq. Amma bizə müraciət edəndə anladım ki, onlar azərbaycanlı oğlanlardır. Təsəvvür edin, onlara baxırdım, amma heç nə deyə bilmirdim. Sadəcə bacımın və uşaqların qaldığı istiqaməti göstərirdim. Əsgərlər ora getməyin çox təhlükəli olduğunu bildirdilər. Bizi Xocalıdan bura gələnlərin hamısını isitdikləri evə apardılar.
- Ora hansı şəhər idi?
- Şəhər yox, Ağdam rayonunun Gülablu kəndi idi. Mənə ilk tibbi yardım göstərmək üçün ayaqqabılarımı çıxarmağa çalışdılar. Ayaqqabının birini çıxarmaq mümkün oldu, amma o biri çıxmadı... Sanki ayağım ayaqqabının içərisində şişib qalmışdı. Mən onu isti suya qoydum. Yalnız yarım saatdan sonra ikinci ayağımı çıxara bildim, ancaq ayaq barmaqlarımın dərisi ilə birlikdə. Amma bilirsiniz, mən bu qətiyyən vecimə deyildi, fiziki ağrı hiss etmirdim.
- Qəbinizdəki ağrı daha güclü idi...
- Buna elə əmin oldum ki. Daha sonra hamını xəstəxanaya gedən qatara mindirdilər. Orada yaraları müalicə edən həkimlər var idi. Mənə iynə vurdular, gözlərim qaraldı və huşumu itirdim. Oyananda palatada idim. Harada olduğumu və nə baş verdiyini anlamırdım. Ətrafıma toplaşan həkimlər Bakıda olduğumu dedilər. Şaxtadan üzümün dərisi çatladığından danışmaq mənim üçün çətin idi.
- Həkimlər ayağınızı sağalda bildilər?
- Məndə qanqren (toxumanın bir hissəsinin öldüyü patoloji proses) yarandı, ona görə də əməliyyat edilməli oldum. Yadımdadır, türk jurnalistləri xəstəxanaya gəlmişdilər. Həkimlərdən şəkil çəkdirmək üçün ayaqlarını açmağı xahiş etdilər. Sarğı çıxarılanda ayağa qalxdım və gördüm ki, üzərində bircə barmaq qalıb. Amma düzünü deyim ki, heç əzalarım olmasaydı da olardı, təki bacım və uşaqlarım yanımda olaydılar...
- 15 yaşlı bacınız qızı harada idi?
- O da xəstəxanadaydı. Atası xilas olub onu burada tapa bilmişdi.
- Bəs həyat yoldaşınız...
- Xoşbəxtlikdən o, valideynləri ilə birlikdə Xocalını tərk edə bilmişdi. Yoldaşım bütün xəstəxanaları gəzib, uzun müddət məni axtarıb. O fikirləşib ki, biz ondan xeyli əvvəl Ağdama köçmüşük, oradan da bizi Bakıya təxliyə ediblər. Amma yanıma gələndə dedim ki, uşaqlarımızın hamısı ölüb. O vaxta qədər biz 12 il idi evli idik, birlikdə gözəl, xoşbəxt bir həyat yaşayırdıq. Amma buna baxmayaraq, ondan məni dərdimlə baş-başa buraxmasını xahiş etdim. Onda mənə dedi: “Sedaqət, bu bizim ümumi dərdimizdir. Mən səni heç nəyə görə tərk etməyəcəyəm. Elə fikirləşəcəm ki, biz evlənmişik və illərlə uşaq sahibi olmamışıq.
- Xəstəxanada çox qaldınız?
- İki aydan bir az çox. Hər gün yanımıza tələbələr gəlirdi və mən elə təsəvvür edirdim ki, onlar mənim övladlarımdır.
Bilirsiniz, xəstəxanada tez-tez bacımla uşaqlığımızı yadıma salırdım. Mən altı aylıq olanda valideynlərim boşandılar. Biz atamla və onun tərbiyəmizə əhəmiyyət verməyən yeni arvadı ilə yaşayırdıq. Biz anamızı heç görmədik, çünki atam buna qarşı idi. Çox ağır bir həyat yaşadıq, birlikdə nə qədər yol keçmişdik... Bacımla mən öz ailəmizi qurmaq, övlad sahibi olmaq və onlara bizdə olmayan o istilik, məhəbbət və sevgini bəxş etmək arzusu ilə yaşadıq. Ancaq qismətimizdə bunu yaşamaq yox imiş...
- Sonra həyatınıza necə davam etdiyinizdən danışardınız...
- Həyat yoldaşım və onun valideynləri, eləcə də Xocalı soyqırımının digər qurbanları ilə birlikdə məni Naftalan sanatoriyasına yerləşdirdilər. 1993-cü ildə bizim oğlumuz oldu. Bəlkə də inanmazsınız, onu qucağıma belə ala bilmədim. Üç övladım o ağacın altında qaldığı halda yaşamağa davam etdiyim üçün vicdan əzabı çəkirdim. Uşağı yalnız ərim gəzdirirdi... Elə bilirdim ki, qonşular məni görsələr, dərhal təhqir etməyə, qınamağa başlayacaqlar. Evdə uşaqla oynaya da bilmirdim. Dayə kimi oyuncaq verirdim, özüm də ev işləri ilə məşğul olurdum və ərinin valideynlərinə qulluq edirdim.
1996-cı ildə qızımız dünyaya gəldi və mən hələ də uşaqlara tam baxa bilmirdim. Bilirsinizmi, sanki o vaxt nə baş verdiyini anlamırdım, real həyat yaşamırdım... Mənzilimizin eyvanından məktəb görünürdü. Dərslər bitib uşaqlar evə qayıdanda pəncərədən baxa bilmirdim. Hərdən çölə baxıb Nəbi, Sevinc və Romanla həmyaşıd olan məktəbliləri görürdüm. Təsəvvür etdim ki, onlar mənə tərəf gəlirlər.
- Ailəniz sizə dəstək oldumu?
- Əlbəttə. Hamı məni sakitləşdirirdi: “Bəsdi, özünə bu qədər əzab verdin. Bu müharibədir, sənin günahın yoxdu”. Deyirdilər ki, tamamilə dağılmış ailələr var. Həyat yoldaşım çox dəstək oldu. Günlərlə dərddən yatağa düşəndə, qayğıma qalırdı, qaşıqla məni yedirirdi, təsəlli verirdi. O bütün əzizlərimi əvəz etdi.
- Yəqin ki, artıq nəvələriniz var...
- Bəli. Uşaqlarım böyüdü. Oğlum oxuyub, hərbi xidmətini bitirib... O əsgərliyə gedəndə özümə yer tapa bilmirdim. O, xidmətdən qayıdan gün bizim görüşməyimizə baxmaq üçün evdən kənarda izdiham yaranmışdı. Oğlumu görəndə yanına qaçıb başından ayağına qədər öpdüm. Onu möhkəm qucaqlayanda elə bildim ki, sanki bir uşağımla meşədə qalan bütün uşaqlarım yanıma qayıtdı...
Bir müddət sonra onu evləndirdik və ilk nəvəm dünyaya gəldi. Keçən il oğlum həyat yoldaşımla müharibəyə getmişdi. Hər dəfə televiziyada torpaqların işğaldan azad olunduğu elan ediləndə, əsgərlərimizi göstərəndə ekrana qaçıb onları öpürdüm. Qəhrəmanlarımızın, şəhidlərimizin, müdrik Prezidentimizin sayəsində biz ədaləti bərpa etdik.
- Qızınız da ailə həyatı qurub?
- Bəli. Onun da övladı var. Mən ancaq övladlarım, nəvələrim üçün yaşayıram, nəfəs alıram. Hər gün əllərimi göyə qaldırıb, onları mənə verdiyi üçün Allaha şükür edirəm. Tam xoşbəxtlik üçün Nəbim, Sevincim, Romanım yoxdur. Həmişə yatmazdan əvvəl onlara deyirəm: “Gecəniz xeyrə qalsın, uşaqlar”. Və hər gün səhəri “Sabahınız xeyir” sözləri ilə başlayıram.
- Xatirələr heç vaxt ölmür...
- Mən bu xatirə ilə yaşayıram. İnanın ki, hər fevral ayında mən yenidən 1992-ci ilə, Xocalıya qayıdıram və bu günləri təkrar-təkrar yaşayıram. Məndə onların bir şəkli belə yoxdur ki, yatmazdan əvvəl öpüm. Qəbiristanlığa gedib məzarlarına gül də qoya bilmirəm. Heç nə yoxdur. Yalnız xatirələr var...
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin