“Rayon qeydiyyatında olanlar Bakıya buraxılmayacaq?” sualına - Rəsmi cavab
1 Noyabr 2024
13:24 - 23 Fevral 2022
Sosial şəbəkələrdə Bakıdan İstanbula “Buta Airways” loukosteri ilə biletlərin milli daşıyıcı olan AZAL-la uçuşlardan daha baha olması ilə bağlı fotofakt yayılıb. Belə ki, 22 fevral tarixində eyni şəhərə “Buta” ilə 289.80, AZAL-la isə 289.67 AZN-ə getmək olar.
Biletlərin qiymətini müqayisə etmək üçün biz də adıçəkilən hava yollarının saytında bilet axtardıq və eyni mənzərənin şahidi olduq. Fevralın 23-ü tarixinə eyni istiqamətə 23 kq baqaj daxil bilet AZAL-la 297.40, “Buta” ilə isə 318.80 AZN-ə göstərir.
Manset.az xəbər verir ki, hər iki hava yollarının təklif etdiyi aviabiletlərin müqayisəli qiyməti müzakirələrə səbəb olub. Aşağı büdcəli aviaşirkətdən dəfələrlə ucuz bilet gözləntisi olsa da, bəzən eyni, bəzən isə hətta baha qiymət təklifi sərnişinlərdə narazılıq yaradıb. Bildirilir ki, insanlar loukosterlərə ucuz və münasib tariflə bilet almaq üçün müraciət edirlər. Nəzərə alsaq ki, aşağı büdcəli aviaşirkətdə yemək və digər xidmətlər AZAL-dan zəifdir, loukosterin daha baha olması sual doğurur.
Dəfələrlə bu məsələdə tənqid olunan milli aviadaşıyıcı isə bununla bağlı daha əvvəl də verdiyi açıqlamalarda qiymətlərin bu və ya digər istiqamət üzrə aviabiletin dəyərinin uçuş tarixindən və biletin alınma tarixindən, mövsümi uçuş cədvəlindən, uçuşların tezliyindən, həmçinin təyyarədə boş yerlərin sayından asılı olaraq dəyişməsi ilə əlaqələndirib. Şirkətin açıqlamalarında qeyd olunur ki, aviabiletin dəyəri ən aşağı tarifdən ən yüksək tarifədək əvvəlcədən müəyyən edilir: “Əvvəlcə ən ucuz tariflərlə aviabiletlər satılır və təyyarədə yerlər dolduqca hər növbəti aviabiletin dəyəri artır. Bu, sərnişinləri aviabiletləri öncədən almağa sövq edir, aviaşirkətlərə isə təyyarədə kifayət qədər sərnişinlərin olacağına zəmanət verir”.//qafqazinfo
İqtisadçı ekspert Rəşad Həsənovun sözlərinə görə də biletlərin qiymətinin formalaşmasında tələb və təyyarənin doluluq səviyyəsi faktoru çox vacibdir. Ekspert saytımıza açıqlamasında deyib ki, bunun üçün bir sıra hava yolu şirkətləri avtomatlaşdırılmış proqramlar tətbiq edirlər: “Qiymətlər bu proqramlar tərəfindən sifarişlər, təyyarənin yüklülük səviyyəsi, müraciətlərin sayı nəzərə alınmaqla konkret alqoritmlər əsasında formalaşır. Ola bilsin ki, müəyyən uçuş tarixlərinə və reyslərə “Buta” üzrə tələb daha yüksək olub. Çünki bu, psixoloji faktordur, insanlar bilet alanda AZAL-ın xidmətlərinə deyil, alternativlərə, ən yaxşı halda, “Buta”ya müraciət edirlər. AZAL bu günədək bahalı xidmətlər təşkil edən hava yolu şirkəti kimi beyinlərdə qalıb. Bu səbəbdən “Buta”da tələb yüksəlir və qiymət qalxır. Eyni zamanda, əks proses AZAL-da baş verir. AZAL-ın çarter olmayan, mütəmadi, mütləq uçmalı olan reysinə yerlərin boş qalması maliyyə itkisidir. Məcburən AZAL dəyər-dəyməzinə bilet təşkil etməli olur. Düşünürəm ki, bu iki səbəbdən müvafiq vəziyyət ortaya çıxıb”.
Bəs qiymətin artması təyyarənin doluluğu ilə əlaqəlidirsə, bu halda loukosterin bilet qiymətlərinə ənənəvi hava yollarını keçməməsi üçün maksimum hədd qoyula bilərmi?
Bu sualın cavabına gəlincə isə, ekspert qiymətin liberal əsaslarla formalaşmasının tərəfdarı olduğunu deyir. Onun sözlərinə görə, biletə aşağı hədd qoyulmadığı kimi yuxarı hədd də qoyulmamalıdır: “Türkiyədə TL-nin sürətli dəyərsizləşməsi dövründə bununla bağlı problemlər ortaya çıxmışdı. Çünki onlarda qiymətlərdə yuxarı tavan müəyyən olunmuşdu. Mən hesab edirəm ki, problem “Buta”nın qiymətinin hansısa reys üçün AZAL-dan baha olmasında deyil, hava nəqliyyatı sahəsində bu gün həyata keçirilən dövlət siyasətindədir. Burada maraqlar konflikti var, hava nəqliyyatı infrastrukruru AZAL-ın tabeliyindədir. Bu, AZAL-ın ölkənin bütün hava nəqliyyatı infrastrukturunu öz maraqları çərçivəsində idarəetməsinə gətirib çıxarır. Loukosterlərin bazara gitməsi imkanlarını məhdudlaşdırır. Bəzi hallarda məlum olur ki, çarter reyslər üçün hətta daşınan sərnişin sayına görə rüşvət tələb edirlər. Bütün bunlar Azərbaycanda hava nəqliyyatı sahəsində sərnişindaşımanın sayını əhəmiyyətli şəkildə aşağı salır. Burada fundamental həll yollarına gedilməlidir, nəinki tavanın müəyyən edilməsi. Azərbaycan açıq səma prinsipləri əsasında öz hava nəqliyyatı siyasətini formalaşdırmalı, hava sərhədlərini həm loukosterlər, həm də digər hava yolları şirkətləri üçün açmalıdır. Rəqabətin artmasını, liberal hava nəqliyyatı siyasəti fonunda qiymətlərin formalaşmasını təmin etməlidir”.
Qeyd edək ki, bundan əvvəl də Azərbaycanın aşağıbüdcəli aviadaşıyıcısı olan “Buta Airways”in qiymətlərinin yüksək olması narazılıqlara səbəb olmuşdu. Ötən aydan etibarən isə aviaşirkət vətəndaşlar üçün qiyməti 29 avrodan başlayan "Büdcə" tarifini bərpa etdiyini açıqlasa da, qısa müddətdə həmin biletlər tükənmiş və az sayda vətəndaş onlardan yararlana bilmişdi. Eyni zamanda həmin tarifdə baqajın pulsuz daşınması nəzərdə tutulmurdu.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin