Xocalıda bütün ailə üzvlərini itirmiş qadın: "Erməni vəhşiləri meyitləri tanınmaz hala salmışdı" - MÜSAHİBƏ

11:00 - 23 Fevral 2022

Xocalıda bütün ailə üzvlərini itirmiş qadın:

Bu il Xocalı soyqırımının baş verməsinin 30-cu ildönümü tamam olur.

 

Bu qətliam əsrin ən dəhşətli faciələrindən biri kimi tarixə düşüb. Soyqırım nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla, 613 Xocalı sakini qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. Düşmən gülləsindən 76-sı uşaq olmaqla, 487 nəfər yaralanıb. 1275 nəfər əsir götürülüb. Əsir götürülənlərdən 150 nəfərinin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil.

Həmin gecəyə şahidlik edən və ailə üzvlərini itirənlərdən biri də Kərimova Sevda Samran qızıdır.

Manset.az xəbər verir ki, Sevda Kərimova “Report”a həmin gün şahid olduqları barədə danışıb.

- Xocalını necə xatırlayırsız?

- Biz 1988-ci illərdə Qərbi Azərbaycandan deportasiya olunub Şuşaya gəlmişdik. 2 il Şuşada yaşayandan sonra 1991-ci ildə Xocalıya köçdük. 1992-ci ildə də Xocalı faciəsini yaşadıq. Cəmi iki il Xocalıda yaşasaq da, elə bil elə orada doğulmuşduq, daim orada yaşamışdıq. İnsanların bizə münasibəti də çox yaxşı idi. Ümumiyyətlə insanlarla yanaşı, Xocalının təbiəti, havası olduqca gözəl idi. Ağlımıza gətirməzdik ki, yenə didərgin düşəcəyik.

- Hadisələr baş verən vaxt neçə yaşınız vardı?

- Həmin vaxtlar 25-26 yaşım vardı. Gənc qız, həyatımın ən gözəl çağlarında idim. Böyük qardaşım Soltan leytenant idi. Kiçik qardaşım Firuz isə polis işçisi idi. Atam 1941-45-ci il müharibəsində iştirak edib. Müharibə veteranı olub. Uşaq vaxtı söhbət zamanı həmişə atamdan müharibənin necə olduğunu soruşurduq. Bu, bizə maraqlı gəlirdi. O da müharibənin necə dəhşətli olmasından danışırdı. Heç ağlımıza gəlməzdi ki, gün gələcək, biz özümüz müharibə yaşayacağıq.

- Fevralın 25-dən 26-na keçən gecə nələr oldu?

- Hələ 1991-ci ilin dekabr ayı idi, ermənilər evlərimizi qəfl atəşə tutmağa başladılar. Həmin vaxt anam divanda oturub jaket toxuyurdu. Güllə divardan keçib, anamın qolunu yaraladı. Anam elə uzun müddət qolu sarıqlı qaldı. Ara-ara ermənilər kəndi atəşə tuturdular, həmin vaxt gedib qardaşımın qaynının qarajına sığınırdıq. Fevralın 25-i... Qardaşım Firuz həmin gecə növbətçi idi. Onun bizdən, bizim də ondan xəbərimiz olmadı. Səs-küy, qışqırıq səslərinə çıxdıq ki, ermənilər hücum edib, şəhəri mühasirəyə salıblar. Tez yenə qaraja getmək üçün evdən çıxdıq. Atam evdən çıxmaq istəmirdi ki, evi qoruyacağını deyirdi. Biz anam, qardaşımla qaraja getdik. Bir az keçməmiş atam sürünə-sürünə gəldi ki, kürəyindən vurublar. Qanı axa-axa qalmışdı. Yarasın bağladıq və böyüklər qərarlaşdırdı ki, Ağdama tərəf gedək. Həmin vaxt çox qar yağmışdı ki, sözlə təsvir ediləsi deyil. Güclü şaxta vardı. Həyəcandan üstümüzə çox qalın paltar da geyinməmişdik. Keçdiyimiz yollarda ayağımızda ayaqqabı qalmamışdı, paltarlarımızı da kol-kos cırmışdı. Naxçıvanik istiqamətində ermənilər yolumuzu kəsdi. Qorxumuzdan kolların arasında gizləndik. Soltan "Sevda, sən qaç, yoxsa ermənilər səni girov götürəcəklər. Qaçmasan, səni özüm öldürəcəm” dedi. Sonra mənə dedi ki, sən get, atamgili gətirəcəm. Mən onlardan ayrıldım, ayrı bir dəstəyə düşdüm. Yolda anamın əmisi gəlini və əmisi nəvəsinin meyitlərini gördük, ermənilər öldürmüşdü. Onlar meyitlərə elə işgəncə vermişdilər ki, baxmaq olmurdu.

- Ata, ananız və qardaşınız orda qaldı, siz getdiniz?

- Məcbur ayrıldıq, fikirləşdim ki, heç nə olmayacaq, arxamızca gələcəklər. Ermənilərə əsir düşəcəyimdən qorxdum. Biz meşədə gizlənirdik. Birdən Azərbaycan hərbçiləri gəldi və öz dilimizdə “Qorxmayın! Çıxın!” deyəndə biz dərhal kolların arasından çıxdıq və Ağdama gəldik. Ağdam camaatı sağ olsun, bizə kömək etdilər, yemək paltar verdilər.

- Bəs ailənizin qalan üzvləri necə oldu?

- Ağdam məscidinə çoxlu meyit və yaralı gəlirdi. İki-üç həftə ancaq ailə üzvlərimin ölüsünü-dirisini axtarmışam. Martın 21-də atamın, anamın və böyük qardaşımın meyitini gətirdilər. Erməni vəhşiləri meyitləri elə tanınmaz hala salmışdı ki, qohumlarımızı, ailə üzvlərimizi paltarından, başındakı papağından tanımağa çalışırdıq. Qardaşımın ağzında qızıl dişi vardı, ermənilər onu da çıxarmışdılar. O vaxt qızıl diş dəb idi. Ata-anamı, qardaşımı Mingəçevirdə dəfn etdik. Firuzdan isə yenə xəbər ala bilmədim. Mənim üçün Firuzun itkin düşməsi, ata-anamı itirməkdən ağır idi. Çünki heç olmasa, ata-anamı, qardaşımı basdırdıq, ziyarət edəcəyim yer vardı. Amma Firuzsuz daha ağırdır.



- Ailənizdən tək siz qalmışdız, necə etdiz, harda qaldız?

- Dayım Pirşağıda sanatoriyada müdir idi, o kömək elədi, gəlib sanatoriyada qaldıq. Çox çətin günlər yaşadıq. Ailəm məhv oldu. Atamın ocağı söndü. Psixoloji, mənəvi əzab çəkdik. Yuxularım ərşə çəkildi. O dəhşətli günlər, vəhşilikləri xatırlayanda adam dəli olur. Bir müddət sanatoriyadan qalandan sonra rəhmətlik Heydər Əliyev bizə indi qaldığımız evi bağışladı. İndi burda nəvələrim və oğlumla qalıram. Artıq şəhidlərimizin qisası alınıb. Allah əsgərlərmizi qorusun, şəhidlərə rəhmət eləsin. Bundan sonra insanlar, cavanlar müharibə görməsin.

- Həmin yaşananları yuxularınızda görürsünüz?

- Uzun müddət yuxularımdan çıxmırdı. O dəhşətləri yenidən yaşayırdım. Zaman keçdikcə azalmağa başladı. Bəlkə də insanlar düşünə bilərlər ki, bütün ailəsi məhv olub, necə yaşaya bilir. Biz sanatoriyada qalanda orda mənim kimi çox adam vardı ki, həyatı alt-üst olmuşdu. Amma bir-birimizə baxıb həyatda qalmağa çalışdıq. Atamın heç olmasa bir qapısı olardı, qızı kimi ürəyim sıxılanda, darıxanda gedib içimi açım, danışım. Erməni vandalları məni, mənim kimi yüzlərlə insanı bundan məhrum buraxdı. Bəzən düşünürəm ki, kaş mən də ölərdim.

Foto: Samirə Həsənova

 


Xəbər xətti

25 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin