Təhsil naziri Gürcüstanda azərbaycandilli məktəblərin müəllimləri ilə görüşdü - FOTO

16:16 - 21 Fevral 2022

Təhsil naziri Gürcüstanda azərbaycandilli məktəblərin müəllimləri ilə görüşdü - FOTO

Təhsil naziri Emin Əmrullayevin Gürcüstana rəsmi səfəri davam edir.

 

Manset.az APA-ya istinadən xəbər verir ki, nazir bu gün Tbilisidə İvane Cavaxişvili adına Tbilisi Dövlət Universitetini ziyarət edib.

Universitetin rektoru Giorgi Şarvaşidze ilə görüşən Emin Əmrullayev iki ölkə arasında təhsil sahəsində əlaqələrin inkişafını, eləcə də Azərbaycan və Gürcüstanın ali məktəbləri arasında əməkdaşlığı müzakirə edib. Görüşdə Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev də iştirak edib. Emin Əmrullayev Tbilisi Dövlət Universitetində təhsil alan azərbaycanlı tələbələrlə də görüşüb.

Təhsil naziri daha sonra Marneuliyə yola düşərək burada Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzi (GAİM) və “Çay Evi” Tədris və İnkişaf Mərkəzinin fəaliyyəti ilə tanış olub. Mərkəzdə fəaliyyət göstərən rəqs, xalçaçılıq, rəssamlıq, xarici dil dərnəklərinin şagirdləri öz məharətlərini nümayiş etdiriblər. Emin Əmrullayev daha sonra Marneuli, Qardabani, Bolnisi, Dmanisidəki azərbaycandilli məktəblərin müəllimləri və direktorları ilə də görüşüb. Görüş zamanı azərbaycandilli məktəblərdə təlim-tədrisin inkişafına Azərbaycanın mümkün dəstəyi müzakirə edilib. Görüş zamanı Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev bildirib ki, Prezident İlham Əliyev Gürcüstanda yaşayan azərbaycanlıların sosial vəziyyətini hər zaman diqqətdə saxlayır və bu istiqamətdə hər iki ölkənin aidiyyəti qurumları arasında birgə iş aparılır.

Emin Əmrullayev də Gürcüstanda fəaliyyət göstərən azərbaycandilli məktəblərin problemlərinin diqqətdə saxlanıldığını qeyd edib. Vurğulayıb ki, gürcü və Azərbaycan xalqı tarixən sülh və dostluq şəraitində yaşayıb və mehriban əlaqələr hər iki ölkənin ortaq dəyəridir. “Dostlar arasında müzakirə ediləcək məsələlərin olması normaldır. Müstəqillik əldə edildikdən sonra məsələlərin yeni bir bucaq altında müzakirəsi vacib olub”, - deyə nazir bildirib.

Qeyd edək ki, E. Əmrullayev azərbaycandilli məktəblərin müəllimləri ilə görüşdən sonra Gürcüstanın təhsil və elm naziri Mixeil Çxenkeli ilə görüşəcək.

 


Xəbər xətti

2 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin