Aİ minaların təmizlənməsi ilə bağlı Azərbaycana yardımı artıra bilər

14:08 - 21 Fevral 2022

Aİ minaların təmizlənməsi ilə bağlı Azərbaycana yardımı artıra bilər

21 fevral 2022-ci il tarixində Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramov ilə Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar arasında görüş baş tutub.

 

Manset.az xəbər verir ki, Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti idarəsindən verilən xəbərə görə, görüşdə nazir Ceyhun Bayramov bölgədə mövcud olan cari vəziyyət, o cümlədən Azərbaycanın üçtərəfli bəyanatların icrası ilə bağlı gördüyü işlər barədə məlumat verib.

Nazir, bölgədə sülh quruculuğu səylərinin dəstəlklənməsində Aİ-nin fəal rolunu, xüsusilə də Aİ Şurasının Prezidentinin təşəbbüsü ilə keçirilən yüksək səviyyəli görüşləri qeyd edib. O, bu görüşlərdə əldə edilən razılaşmalardan bəhs edərək, Ermənistan tərəfindən verilən vədlərin yerinə yetirilməsinin vacibliyini, o cümlədən hələ birinci Qarabağ müharibəsindən itkin düşmüş 4000-ə yaxın azərbaycanlı barədə məlumatın Ermənistan tərəfindən təqdim edilməsini vurğulayıb.

Ceyhun Bayramov, Aİ-nin ölkəmizin azad olunmuş ərazilərinin minalardan təmizlənməsi prosesini, habelə digər bərpa quruculuq işlərini dəstəkləməsinin tərəfimizdən yüksək qiymətləndirildiyini bildirib.

Xüsusi nümayəndə Toivo Klaar Azərbaycan Respublikası Prezidenti ilə keçirilən görüşə istinad edib. O, Aİ-nin bölgədə sülh, təhlükəsizlik və tərəqqinin əldə olunması prosesini dəstəkləməyə hazır olduğunu vurğulayıb. O, səfəri çərçivəsində ANAMA ilə görüşün nəzərdə tutulduğunu və minaların təmizlənməsi prosesinə yardımın artırılması imkanlarının nəzərdən keçirildiyini qeyd edib.

Tərəflər, həmçinin Aİ və Azərbaycan arasında yeni hərtərəfli saziş üzrə danışıqların yekunlaşdırılmasına dair fikir mübadiləsi aparıb və bu xüsusda qarşılıqlı marağı ifadə ediblər.


Xəbər xətti

2 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin