COP 29 zamanı bu küçələr tam açıq olacaq
2 Noyabr 2024
13:27 - 19 Fevral 2022
“Omikron” ştammı üzümüzü “güldürən”, bizi ümidləndirən hələlik tək mutasiyadır. Ağırlaşmaların və ölüm hallarının ötən ştammlarla müqayisədə az olması pandemiyanın bitməsi ilə bağlı gözləntilərimizi qüvvətləndirir. Artıq bəzi ölkələr karantinlə bağlı məhdudiyyətləri aradan götürüb. Müsbət proqnozlar bədbin xəbərlərdən çoxdur. Yoluxma sayı pik həddə çatır, təlaşlanırıq, amma yenə də ümidimiz itmir. Bu virusun pandemiyanı bitirəcəyinə inanıb, səbir edirik. Bəs ölkəmizdə “Omikron” dalğası nə vaxt bitə bilər? Normal həyata qayıdış yaxındırmı?
Manset.az xəbər verir ki, Kaspi qəzeti mövzu ilə bağlı məqalə yayımlayıb.
Həkim-pulmonoloq Əsəd Beydullayev açıqlamasında bildirdi ki, ağır xəstələrin sayında ciddi azalma var:
“Koronavirusun tüğyan etdiyi ilk vaxtlarda insanlar çox qorxurdular. Əgər testin nəticəsi pozitiv çıxırdısa, xəstəliyi yüngül keçirənlər belə təşviş içində olurdular. İndi hamı xəstəliyi tanıyır və müalicə metodunu bilir. Həkimlər, tibb bacıları əllərindən gələn köməkliyi edirlər. “Omikron”un mutasiyaları digərləri kimi ağır keçmir. Bu səbəbdən həkimə müraciət edənlərin sayı azdır. Müalicəsi də çox rahatdır. Mən ağciyər həkimi olduğum üçün əksər hallarda pnevmoniya xəstələri ilə işləyirdim. Həqiqətən, ağır xəstələr çox idi. İndi bu xəstələrin sayı ciddi şəkildə azalıb”.
“Omikron”un nə vaxt bitməsinə gəldikdə isə həkim vurğulayır ki, o gün artıq yaxınlaşır:
“Ehtimal edirəm ki, yay ərzində yoluxma sayında azalma olarsa, ən geci payıza qədər pandemiya bitəcək. Amma xəstəlik yayda da aktivliyini saxlasa, payızda havaların soyuması ilə yenidən ağırlaşmalar olar, yeni dalğa ilə üzləşə bilərik. Bunu indidən demək çətindir”.
Həmsöhbətimizin sözlərinə görə, bundan əvvəl hər 10 xəstənin 6-da ağır pnevmoniyalara rast gəlinirdi:
“İndi heç 10 xəstənin 1-də də rast gəlinmir. Bunun səbəbi kütləvi vaksinasiya, orqanizmin koronavirusun ştammlarına artıq adaptasiya olması, insanların daha erkən və düzgün müalicə olunmalarıdır. Bütün bunlar kompleks şəkildə ağır situasiyaların qarşısını alır. Ən əsas məqam isə təlaşdır. Təlaş, qorxu, ümidsizlik bu xəstəliyin ağırlaşmasında ciddi rol oynayır. Birinci dalğada da vəziyyəti çətinləşdirən əsas səbəb bu idi. İnsanlar koronavirusa yoluxanda təşvişə düşürdülər və həyatdan küsürdülər. Bu dəfə ciddi təlaş yoxdur. İnsanlar daha yüngül keçirir. Amma bu, bizə rahatlaşmaq hüququ vermir”.
Ağciyər xəstəlikləri üzrə mütəxəssis vurğulayır ki, ehtiyatı əldən verməməliyik:
“Sosial məsafə, dezinfeksiyaedici vasitələrdən və maskalardan istifadəyə hamı davamlı riayət etməlidir. Çünki başımıza nə gələcəyini bilmək olmur. Periodik olaraq bu virusun yeni ştammları yaranır. Bəxtimizdən “Omikron” yüngüldür. Amma bundan sonrakı daha ağır ola bilər. Bu səbəbdən ehtiyatı əldən verməməliyik. Dövlət səviyyəsində məlumat verilənə qədər ehtiyatlı olmalıyıq. Bütün vətəndaşlara aktiv həyat tərzi, yaxşı qidalanmağı, bol maye qəbul etməyi və pozitiv əhval ruhiyyə arzu edirəm. Bunlar olduğu halda, dərmana ehtiyac da qalmaz. Adətən bu 3 faktor zəif olduqda, xəstəlik kəskinləşir. Yaxşı əhval-ruhiyyə ən böyük dərmandır. Xəstəliyi ağır keçirsəniz də, ümidinizi itirmədən ona qalib gəlin. Virusa adekvat reaksiya onu gücsüzləşdirir, təlaş isə inkişaf etdirir”.
İnfeksionist Nicat Əzimli vəziyyətin hələ də kirtik olduğunu bildirir. Amma yaxın günlərdə azalma gözlənilir:
“Yoluxma halları çoxdur, ağırlaşmalar da az deyil. Buna baxmayaraq, qarşıdakı həftələrdə azalma gözlənilir. “Omikron”un pandemiyanın sonunu gətirəcəyi ilə bağlı deyilənlər bu variantın hiperkontaqiozluq xüsusiyyəti ilə əlaqədardır. Yəni "Omikron”un dominant olduğu dövrdə, demək olar ki, xəstələnməyən şəxs qalmadığı üçün münbit şərait yaranır. Lakin son zamanlar narahatlıq doğuran subvariantın ortaya çıxması pandemiyanın sonunun gəldiyini deməyin tez olduğunu göstərir”.
İnfeksionist vurğulayır ki, verilən proqnozlar hələ özünü doğrultmayıb:
“Omikron” variantının bizdən öncə aşkarlandığı ölkələrdə dinamikalara baxsaq, görərik ki, əksəriyyətində yoluxmaların artımından 4-6 həftə sonra azalma müşahidə olunmağa başlayır. Bu da o deməkdir ki, keçən ayın ortaları Azərbaycanda aşkarlanan bu variantın fevral ayının sonundan etibarən azalmaya keçməsi gözləniləndir. Lakin pandemiyada 2 ildə qazandığımız təcrübə bizə onu deməyə əsas verir ki, proqnozlar həmişə özünü doğrultmur. Buna görə də, bir daha vurğulamaq istəyirəm ki, bunlar sadəcə təxmindir”.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin