Erkin Hüseynov: "Sabah" - "Neftçi" oyunu ilə bağlı qərarları gələn həftəyə saxladıq"

15:06 - 18 Fevral 2022

Erkin Hüseynov:

Azərbaycan Kubokunda "Sabah" və "Neftçi" komandaları arasında keçirilmiş 1/4 final mərhələsinin cavab görüşünda baş vermiş hadisələrə hüquqi qiymət verilməməsinin səbəbi bəlli olub.

 

Manset.az xəbər verir ki, bu barədə report-a AFFA İntizam Komitəsinin (İK) sədri Erkin Hüseynov açıqlama verib.

O, qarşılaşmada neqativ halların çox olduğunu söyləyib: "Bunları bir-bir analiz etdik. Elə şeylər var ki, onları analiz etməmişik və bizə videogörüntülər göndərilib. Bütün bunlara baxırıq. Kubok oyunları ilə bağlı qərarı gələn həftə açıqlayacağıq. İK-ın qərarları açıqlamamasının yeganə səbəbi araşdırmanın davam etməsidir".

Hüseynov kubok görüşlərinin Premyer Liqadakı matçlara şamil olunmadığını sözlərinə əlavə edib: "Buradakı cəzalar çempionata aid deyil. Növbəti kubok oyunları isə apreldə olacaq. Bütün məsələləri müzakirə etdikdən sonra qərar çıxarılcaq. Hələlik müzakirələr və yoxlamalar davam edir. Bu, bir saatlıq iş deyil. Bütün epizodlara baxılmalı və analiz aparılmalıdır. Orada pul cəriməsi və bir neçə şəxsə cəzalar tətbiq olunacaq. Qərarlar dəqiq olmalıdır ki, daha sonra müzakirə edilməsin".

Qeyd edək ki, Azərbaycan Kubokunda "Sabah" və "Neftçi" komandaları arasındakı 1/4 final mərhələsinin cavab matçında qalmaqal baş verib. 74-cü dəqiqədə "Sabah"ın futbolçusu Aleksey İsayev ona qarşı kobud oynayan Eddi İsrafilovu vurub. Üstəlik, İsayev zərbədən yerə yıxılan İsrafilovun üzərinə yeriyərək, ona iradlar bildirib. Bundan sonra hər iki komandanın futbolçuları hadisə yerinə gəlib. Hazırda "Sabah"ın kapitanı olan "Neftçi"nin sabiq qapıçısı Səlahət Ağayev də onların arasında olub. Ağayev qonaq komandanın müdafiəçisi Voislav Stankoviçi itələyib.

Referi Rəvan Həmzəzadə "Sabah"dan Coy-Lens Mikels, Mixeil Erqemlidze və oyundan sonra Zurab Oçiqavanı hakimin qərarına etiraz etdikləri üçün sarı, eyni səbəbdən, baş məşqçi Murad Musayevi, eləcə də təcavüzkar davranışları üzündən Aleksey İsayevlə Səlahət Ağayevi qırmızı vərəqə ilə cəzalandırıb.

"Neftçi"dən Eddi İsrafilov qeyri-idman hərəkətinə görə, Samir Abasov isə texniki zona qaydalarını pozduğu üçün sarı vərəqə alıb.

Qarşılaşma "Neftçi"nin 3:1 hesablı qələbəsi ilə başa çatıb. İlk görüşdə 1:1 hesablı heç-heçə qeydə alındığından, "ağ-qaralar" iki oyunun ümumi nəticəsində yarımfinala yüksələrək, "Zirə"yə rəqib olub.


Xəbər xətti

27 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin