Tarixi minarənin bərpası ətrafında milyonluq qalmaqal: Məsuliyyət kimin üzərindədir? - AÇIQLAMA

14:50 - 17 Fevral 2022

Tarixi minarənin bərpası ətrafında milyonluq qalmaqal: Məsuliyyət kimin üzərindədir? - AÇIQLAMA

Şəki şəhərində yerləşən Gileyli məscidinin minarəsində həyata keçirilmiş bərpa işlərində uyğunsuzluqları araşdırmaq məqsədi ilə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətində Komissiya yaradılıb. 

 

Manset.az xəbər verir ki, bu barədə Oxu.Az-a Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən Hesablama Palatasının hesabatında qeyd edilən məsələyə münasibət bildirilərkən deyib.

Bildirilib ki, yaradılan Komissiyanın üzvləri həmin obyektə baxış keçirilməsi məqsədilə Şəki şəhərlərinə ezam olunublar.

Müvafiq işləri yerinə yetirən podratçı təşkilata çatışmazlıqlar barədə bildirilmiş və podratçı təşkilat xoş məram nümayiş etdirərək qeyd olunan nöqsanların aradan qaldırılacağını bildirib.

Auditin bərpa və abadlıq işlərindən çox müddət keçdikdən sonra aparılması hər iki obyektdəki uyğunsuzluqlarla bağlı intizam və digər inzibati tədbirlərin görülməsini istisna edib.

Qeyd olunur ki, Şəki şəhərində yerləşən Gileyli məscidinin minarəsi “Yuxarı Baş” Milli Tarix-Memarlıq Qoruğunun nəzarətindədir və qeyd olunan Qoruq 2018-ci ilin 7 iyun tarixindən Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin strukturuna daxil olmayan tabeli qurum kimi fəaliyyətini davam etdirir. 

Dövlət Xidmətində 2014-2020-ci illər ərzində yol verilmiş nöqsanların və çatışmazlıqların aradan qaldırılmasının gündəmdə olduğu bildirilir.

Xatırladaq ki, Hesablama Palatasının auditinin nəticələrinə əsasən, Şəki şəhərindəki Gileyli məscidinin minarəsində (XVIII əsr) həyata keçirilmiş 1 099 707,34 manat dəyərində bərpa-gücləndirmə və həmin ərazidə çay yatağının bərkitmə işlərində çatışmazlıqlar müəyyən edilib. Belə ki, minarənin pilləkəninin bərpası üzrə taxtadan əltutan və üzlük lövhələrin hazırlanması, bərk cinsli pəncərə bloklarının qoyulması, taxta döşəmənin bərpası və plintusların vurulması, taxta balyansinlərin qurulması, II dərəcəli oyma işlərinin görülməsi və həmin hissələrin laklanması üzrə müqavilədə cəmi 12 827,1 manat, minarənin ətrafında 25 kvadratmetr sahədə yaşıllıq işləri üzrə cəmi 6 008 manat, ümumilikdə 18 835,1 manat vəsait nəzərdə tutulduğu halda, minarənin pilləkənində və ətrafında həmin işlərin aşkar olunmaması səbəbindən qeyd edilən məbləğdə vəsaitin səmərəsiz və nəticəsiz istifadəsi üzə çıxıb.

Audit Azərbaycan Respublikasının Hesablama Palatası tərəfindən 22 sentyabr - 22 oktyabr 2021-ci il tarixlərində “Daşınmaz tarix və mədəniyyət abidələrinin bərpası, qorunması, tarix və mədəniyyət qoruqlarının fəaliyyətinin təkmilləşdirilməsi və inkişafına dair 2014 - 2020-ci illər üzrə Dövlət Proqramı”nın icrası ilə bağlı keçirilib. 


Xəbər xətti

3 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin