Nazirdən MİQ qaydalarındakı dəyişikliklə bağlı - Açıqlama

20:56 - 16 Fevral 2022

Nazirdən MİQ qaydalarındakı dəyişikliklə bağlı - Açıqlama

“Müəllimlərin işə qəbulu və yerdəyişməsi ilə bağlı yeni Qaydalar peşəkarlığın qiymətləndirilməsi və prosesin idarə edilməsində bir sıra üstünlüklər qazandırır”.

Manşet.az xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev Feysbukda yazıb.

Nazir bildirib ki, müəllim və müdavimlərin təklifləri əsasında təkmilləşdirilmiş Qaydalar müsabiqənin bilik və səriştəyə yönəlmiş alətlərlə təşkil edilməsi ilə yanaşı, sosial əhəmiyyətli vacib məqamları da ehtiva edir:

“Xüsusilə şəhid ailəsi üzvü olan namizədlərə şamil olunacaq müddəalar onların rifahı və işlə təmin olunması baxımından xeyli asanlıqlar gətirir.

Təhsil Nazirliyi olaraq təhsil iştirakçılarının maraqlarının həyata keçirilməsi, şəffaflıq və sağlam rəqabətlilik tətbiq olunmaqla keyfiyyətin artırılması istiqamətində işlərimizi davam etdiririk. İnanırıq ki, bu dəyişikliklər ümumi təhsil müəssisələrində müəllim seçiminin ədalətli aparılmasında xüsusi rol oynayacaq”.

Qeyd edək ki, bu gün müəllimlərin işə qəbulu və yerdəyişməsi qaydalarında yeniliklərlə bağlı brifinq keçirilib. Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdiri Eşqi Bağırov bildirib ki, bu tədris ilində vakansiya seçimi iki mərhələdə olacaq: “Əvvəlcə MİQ üzrə müsabiqənin minimum tələbini ödəyən şəhid ailəsi üzvlərinin seçim etməsinə üstünlük veriləcək. Daha sonra isə digər namizədlər seçim edə bilərlər”.


Xəbər xətti

5 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin