“Boşanmaq istəyəndə atam dedi ki, uşaqlarına görə döz”- Ərini öldürən qadın (TƏFƏRRÜAT)

22:48 - 10 Yanvar 2022

“Boşanmaq istəyəndə atam dedi ki, uşaqlarına görə döz”- Ərini öldürən qadın (TƏFƏRRÜAT)

Suraxanıda ərini öldürən qadına verilən cəzadan narazı qalan prokuror apelyasiya protesti verib. Prokuror onun cəzasının ağırlaşdırılmasını istəyib.

Manset.az Musavat.com-a istinadən xəbər verir ki, qətl hadisəsi Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi ərazisində baş verib. 1976-cı il təvəllüdlü Şıxəliyev Mahir Oqtay oğlunun yaşadığı evdə üzərində xəsarət izləri olan meyitinin aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Qətli mərhumun arvadı 1980-ci il təvəllüdlü Şıxəliyeva Günay Arif qızının törətdiyi məlum olub.

Günay Şıxəliyevanın cinayət işi üzrə məhkəmə araşdırması Bakı Ağır Cinayətlər Məhkəməsində baş tutub. Günaya qarşı Cinayət Məcəlləsinin 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.

Günay isə özünü qismən- Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə təqsirli bilib.

Məhkəmənin hökmü ilə Günay Şıxəliyevanın əməli 120.1-ci maddəsinə tövsif edilib və o, 9 il müddətinə azadlıqdan məhrum edilib. Məhkəmə belə qənaətə gəlib ki, Günay ərini yatan yerdə- yəni köməksiz vəziyyətdə olan zaman yox, oyaq olan zaman öldürüb.

Mərhumun hüquqi varisi olan bacısı Mətanət Sultanova təqsirləndirilən şəxsdən şikayətçi olmayıb.

Bu hökmdən narazı qalan dövlət ittihamçısı apelyasiya protesti verib və Günay Şıxəliyevanın 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə) maddəsi ilə təqsirli bilinməsini və daha ağır cəzaya məhkum edilməsini istəyib.

Günay ifadəsində ərini öldürmə səbəbini danışarkən deyib ki, uzun illərdir övladları və özü döyülüb, işgəncə görüb. Ərinin tüfeyli həyat yaşadığını deyən Günay söyləyib ki, spirtli içki aludəçisi olan əri hadisə günü oğlanlarını və onu yenə döyüb, təhqir edib.

“Yerə tüpürüb məni çağırırdı ki, gəl, təmizlə. Uşaqları nisyə araq almağa göndərirdi. Mağazadan nisyə araq verməyəndə uşaqlara deyirdi ki, nənələrindən, babalarından pul alıb ona araq alsınlar. Artıq onunla yaşamaqdan bezmişdim. Boşanmaq istəyəndə atam dedi ki, uşaqlarına görə döz. Amma dözmək mümkün deyildi. Hadisə günü özümü öldürmək qərarına gəldim. Amma uşaqlar gözümün qabağına gəldi. Fikirləşdim ki, özümü öldürsəm, uşaqlar yenə Mahirlə qalacaq. Buna görə də onu öldürdüm. Həyətdən lomu götürüb evə gəldim. Otağa girəndə Mahir məni görmədi. Anidən başına iki zərbə vurdum. Xırıldamağa başladı. Sonra Mahirin telefonu ilə “102”yə məlumat verdim”,- deyə Günay ifadəsində göstərib.

Məhkəmə tərəfləri dinlədikdən sonra Günay barəsində birinci instansiya məhkəməsinin çıxardığı hökmü qüvvədə saxlayıb.


Xəbər xətti

26 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin