Narazı müştəri “Baku Electronics”i məhkəməyə verdi - Qalib gəldi (FOTO)

13:04 - 5 Yanvar 2022

Narazı müştəri “Baku Electronics”i  məhkəməyə verdi - Qalib gəldi  (FOTO)

Aldığı telefondan narazı qalan müştəri “Baku Electronics”i məhkəmə verib.

Manset.az xəbər verir ki, bu barədə hüquqları pozulan Mirsübhan Mirzəliev məlumat verib. O, bildirib ki, Binəqədi Rayon Məhkəməsi onun xeyrinə qərar çıxarıb:

“Yəqin ki, hər birimiz istehlakçı hüquqlarının pozulması halları ilə qarşılaşmışıq. 

Bu dəfə eyni hal mənim başıma gəldi. Belə ki, Baku Electronics -dən aldığım telefonu 1 həftə sonra dəyişmək və ya geri qaytarmaq istədikdə şirkət minbir bəhanə gətirərək heç bir halda bunu etməycəyini bildirdi. Halbuki telefon istifadə olunmamışdı, hətta nömrə belə taxılmamışdı. Şirkət nümayəndələrinə öz rəsmi saytlarında  "14 gün ərzində məhsulun dəyişdirilməsi və geri qaytarılması" ilə bağlı verdikləri zəmanəti, eləcə də "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" qanunun 15-ci maddəsini xatırlatsam da heç bir xeyri olmadı.

Hətta şirkətin müştəri xidmətləri bölməsi ilə də əlaqə saxlayıb, bildirdim ki, mənim müştəri tarixçəmə baxsınlar. Düşündüm ki, bu boyda şirkətin yəqin ki, bir loyallıq proqramı var və sadiq müştərilərinə qarşı daha anlayışla yanaşarlar.  Amma heç bir cəhdimə məhəl qoyulmadı. Təbii ki, ölkənin ən böyük elektronika mağazasının istelakçı hüquqlarını bu şəkildə açıq aşkar pozması və heç bir şeyə məhəl qoymaması ilə barışa bilməzdim. Əgər reklama bir ətək dolusu pul xərcləyən bu şirkət ən adi istehlakçı hüququnu pozursa və kimsə buna etiraz etmirsə, deməli bu proses elə belə də davam edəcək və arada sadə vətandaşlar əziyyət çəkəcəklər.

Nə isə eləmədim tənbəllik Baku Electronicsi verdim məhkəməyə.   Nəhayət 2 aylıq Məhkəmə prosesindən qalib ayrıldım və hakim iddiamı təmin etdi! 

Ümid edirəm bundan sonra Baku Electronics istehlakçı hüquqlarına və müştəri məmnuniyyətinə daha həssas yanaşar və digər vətəndaşlarımız da bir daha belə hallarla qarşılaşmazlar.

Bu arada ədalətli qərara görə Binəqədi Rayon Məhkəməsinin hakimi Səadət Səlimovaya öz dərin təşəkkürümü bildirirəm”.


 


Xəbər xətti

25 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin