Yüksək risk qrupuna aid olanların toyda iştirakı tövsiyə edilmir - DİN

16:29 - 1 İyul 2021

Yüksək risk qrupuna aid olanların toyda iştirakı tövsiyə edilmir - DİN

“Yüksək risk qrupuna aid olan şəxslərin toy mərasimlərində iştirakı tövsiyə edilmir”.

Manset.az xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin (DIN) Kütləvi informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev deyib.

DİN rəsmisinin sözlərinə görə, 50 nəfərə qədər şənlik mərasimlərində mütləq qaydada tibbi maska tələbi var:

“Bu tədbirlərdə iştirak edən şəxslər, xüsusilə də risk qrupuna aid olanlar, səhhətində problem olan, yaxud digər kateqoriyaya aid olan vətəndaşlar diqqətli olmalıdır. Əgər hər hansı şəxsin sağlamlığında təhlükəli hal varsa, onun belə məclislərdə iştirakı tövsiyə edilmir”.

E.Hacıyev xatırladıb ki, 150 nəfərə qədərlik məclisdə iştirak üçün mütləq qaydada COVID-19 pasportuna sahib olmaq lazımdır:

“Yəni vətəndaşlar mütləq şəkildə vaksinasiya olunmalıdır. Əks halda həmin şəxslərin toylarda iştirakına icazə verilməyəcək. Bu qayda və normaların gözlənilməsi tək iştirakçıların deyil, eləcə də sahibkarlıq subyektlərinin, restoran inzibatçılarının və toy sahiblərinin üzərinə düşən əsas məsuliyyətdir. Tərəflər arasında toy mərasimlərinin keçirilməsinə 5 gün qalmış iltizam sənədinə müvafiq olaraq öhdəçilik götürülür. Hüquq pozuntusu olarsa, qanunvericiliyə müvafiq tədbir görüləcək”.

Qeyd edək ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın müvafiq qərarı ilə Azərbaycanda iyulun 1-dən şənlik mərasimlərinin (toy, nişan və ad günü) keçirilməsinə icazə verilib.

Report


Xəbər xətti

24 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin