Bu gün Kəlbəcər Şəhəri Günüdür
25 Noyabr 2024
14:27 - 18 Dekabr 2021
Son aylarda xarici ölkələrə uçuş qiymətlərində enmə müşahidə olunur.
Manşet.az bildirir ki, qiymət enməsi həm MDB, həm də digər xarici ölkələrə uçuş xidmətlərində qeydə alınıb.
Dövlət Statistika Komitəsinin məlumatına əsasən, bu ilin avqustunda MDB ölkələrinə bir uçuşun orta qiyməti 1279 manata yüksəldikdən sonra sentyabr-noyabr ayları ərzində davamlı enib. Noyabrda qiymət səviyyəsi 898 manata düşüb ki, bu da avqustla müqayisədə 381 manat, yaxud 48,7 faiz azalmadır.
MDB-dən kənar ölkələrə orta uçuş qiymətləri isə avqustda 756 manat olduğu halda noyabrda 632 manata düşüb. Digər ölkələrə uçuş xidmətləri 124 manat və ya 16,4 faiz azalıb.
Xaricə uçuş qiymətlərinin xeyli azalmasına baxmayaraq hələ də qiymət səviyyəsi çox yüksəkdir. Belə ki, ötən il MDB və digər ölkələrə uçuş xidmətlərinin orta qiyməti 330-350 manat təşkil edirdi. Xaricə səfərlərə məhdudiyyətlərin gətirilməsi, bununla əlaqədar hava nəqliyyatından istifadə edənlərin sayının dəfələrlə azalması, uçuşdan öncə COVİD-19 testinin bilet qiymətlərinə əlavə olunması və s. səbəbindən qiymətlər bir neçə dəfə artmışdı.
2021-ci ilin üçüncü rübündən vəziyyət müsbətə doğru dəyişib, məhdudiyyətlər yumşaldılıb və bu, xaricə uçuşların sayını artırıb. Buna görə də təyyarə ilə uçuş qiymətlərində enmə müşahidə edilir.
2022-ci ildə əksər məhdudiyyətlərin aradan qaldırılacağı, xaricə səfərlərin sayının artacağı proqnozlaşdırılır. Bu vəziyyətdə təyyarə ilə uçuş qiymətlərinin daha da enəcəyi güman edilir.
Lakin qiymətlərin əvvəlki səviyyəyə tezliklə çatacağı gözlənilmir. Qiymətlərin əvvəlki səviyyəyə çatması üçün xarici turizmin 2019-cu ildəki səviyyəyə yüksəlməsi lazımdır. İlkin qiymətləndirmələrə görə bunun üçün 2-3 il vaxt lazım gələcək.
sfera.az
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin