"Rusiya Ukraynaya hücum etsə, NATO ölkələrinə qoşun göndərəcəyik" - Bayden

09:03 - 12 Dekabr 2021

ABŞ Rusiyanın ehtimal edilən “hücum”unun olacağı təqdirdə öz qoşunlarını Ukraynaya deyil, qonşu NATO ölkələrinə göndərmək niyyətindədir.

Manset.az  Ağ Evin saytına istinadən xəbər verir ki, bu barədə ABŞ Prezidenti Cozef Bayden həftə sonunu keçirdiyi Delaver ştatının Vilminqton şəhərində jurnalistlərin suallarını cavablandırarkən bildirib. Çıxış Ağ Evin saytında yayımlanıb.

Dövlət başçısından Rusiya Federasiyasının basqın edəcəyi təqdirdə Ukraynada Amerika qoşunlarının yerləşdirilməsi ideyasından niyə imtina etmək qərarına gəldiyini soruşulub. "Onlara heç vaxt baxılmayıb", - deyə Prezident cavab verib.

"Və siz Rusiya ilə döyüş meydanında vuruşmaq üçün Amerika qoşunlarını Ukraynaya müharibəyə göndərməyə hazırsınızmı?", - deyə Prezident özü sual verib.

Baydenin sözlərinə görə, o, Rusiya lideri ilə onlayn sammit zamanı Vladimir Putinə "hücum" olarsa, Amerika qoşunlarının NATO-nun şərq cinahında yerləşən Buxarest doqquzluğu” (B9) ölkələrinə (Bolqarıstan, Macarıstan, Latviya, Litva, Polşa, Rumıniya, Slovakiya, Çexiya və Estoniya) göndəriləcəyini deyib.

"Biz NATO-nun şərq cinahına daha çox NATO və Amerika qoşununu göndərməli olacağıq - bütün NATO ölkələrini Rusiyanın istənilən hücumundan qorumaqla bağlı müqəddəs öhdəliyimiz var", - Amerika lideri bildirib.

Eyni zamanda o, əlavə edib ki, Birləşmiş Ştatlar “Ukrayna xalqını müdafiə qabiliyyəti ilə təmin etməyə davam edəcək”. Lakin ABŞ lideri bunun mahiyyətini tam açıqlamayıb.


Xəbər xətti

20 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin