DİN genişmiqyaslı əməliyyat keçirdi - 11 nəfər saxlanılıb - VİDEO

13:46 - 29 İyun 2021

DİN genişmiqyaslı əməliyyat keçirdi - 11 nəfər saxlanılıb - VİDEO

Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin aşkar edilərək məsuliyyətə cəlb edilmələri istiqamətində növbəti genişmiqyaslı əməliyyatlar həyata keçirilib.

Daxili İşlər Nazirliyindən Manset.az-a verilən məlumata görə, Baş İdarənin əməkdaşlarının Qaradağ rayonunda keçirdikləri əməliyyat zamanı Bərdə şəhər sakini əvvəllər də narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğu üçün dəfələrlə məhkum olunmuş Ramal Hüseynov saxlanılıb. Onun üzərindən və idarə etdiyi avtomobilindən 18 kiloqram 582 qram heroin, 1 kiloqram 630 qram psixotrop maddə metamfetamin və narkotik vasitələrin onlayn satışı zamanı istifadə etdiyi bir ədəd plastik kart aşkar edilib. Əməliyyat tədbirlərinin davamı olaraq Ramal Hüseynovun yaşadığı Bərdə şəhərində yerləşən evindən isə əlavə 9 kiloqramdan artıq heroin aşkar olunub.

Baş İdarənin Cənub Bölgəsində Regional Şöbəsinin əməkdaşlarının Masallı rayonunda həyata keçirdikləri əməliyyat zamanı isə narkotik vasitələrin satışı ilə məşğul olan Astara rayon sakini İbrahim İmaməliyev saxlanılıb. Onun idarə etdiyi avtomobilə baxış zamanı 13 kiloqram 710 qram heroin, 10 kiloqram tiryək, 3 kiloqram 443 qram psixotrop maddə olan metamfetamin, 1 kiloqram marixuana və 1000 ədəd satışı qadağan olunan yüksək təsiredici “Metadon” həbləri aşkar olunub. İbrahim İmaməliyev külli miqdarda narkotik vasitə və psixotrop maddəni satış məqsədi ilə şəxsiyyəti istintaqla araşdırılan xarici ölkələrdən birinin vətəndaşından əldə etdiyini bildirib.

Baş İdarə əməkdaşlarının Sabunçu rayonunda həyata keçirdikləri növbəti əməliyyat zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan Amid Süleymanov, Zakir Abbasov və Müşfiq Əliyev tutulublar. Amid Süleymanovun üzərinə və yaşadığı Ramana qəsəbəsindəki evinə baxış zamanı 6 kiloqram 89 qram heroin, 2 kiloqram 50 qram psixotrop maddə metamfetamin və narkotik vasitələrin satışı zamanı istifadə etdiyi elektron tərəzi aşkar edilib. Bu əməliyyat zamanı saxlanılan Zakir Abbasov və Müşfiq Əliyev Sabunçu rayonunun qəsəbələrində narkotik vasitələrin satışı, daşınması və gizlədilməsində Amid Süleymanova yaxından köməklik göstəriblər.

Baş İdarə əməkdaşlarının müvafiq olaraq paytaxtın Nərimanov, Xəzər, eləcə də, Abşeron rayonu ərazilərində həyata keçirdikləri əməliyyatlar zamanı isə əvvəllər məhkum olunmuş Vüqar Ələsgərov, Elvin Rəsulov, Samir Şahverdiyev, Nail Nəsirov və Səbuhi Hüseynli saxlanılıblar. Baxış zamanı Vüqar Ələsgərovdan 1 kiloqramdan artıq heroin və metamfetamin, Elvin Rəsulovdan 500 qrama yaxın heroin və narkotik vasitələrin satışından əldə etdiyi pul vəsaitləri, Samir Şahverdiyev və Nail Nəsirovun üzərlərindən, eləcə də, idarə etdikləri avtomobillərdən ümumilikdə 1 kiloqram 40 qram heroin, metamfetamin və elektron tərəzi, Səbuhi Hüseynlidən isə ümumilikdə 2 kiloqram 361 qram heroin, metamfetamin və 1 ədəd elektron tərəzi aşkar edilib.

Baş İdarə əməkdaşlarının narkotik tərkibli bitkilərin kultivasiyasına qarşı həyata keçirdiyi sonuncu əməliyyat zamanı isə Abşeron rayonu Məhəmmədli qəsəbəsində yaşayan Ramil Rəhimov saxlanılıb. Onun yaşadığı evin həyətinə baxış zamanı ümumi çəkisi 20 kiloqram olan 91 ədəd aqrotexniki qaydada qulluq edərək yetişdirdiyi çətənə kolu aşkar olunub.

Sonuncu əməliyyatlar zamanı Baş İdarənin əməkdaşları tərəfindən 72 kiloqramdan artıq narkotik maddə heroin və psixoptrop maddə metamfetamin, o cümlədən, 91 ədəd çətənə kolu və 1000 ədəd psixotrop tərkibli “Metadon” həbi aşkar olunaraq qanunsuz dövriyyədən çıxarılıb.

Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb və adları sadalanan şəxslər tutularaq istintaqa cəlb olunublar. Cinayət işləri üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.


Xəbər xətti

28 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin