Rafael Cəbrayılovla bağlı vəsatət rədd edildi

17:20 - 2 Dekabr 2021

Rafael Cəbrayılovla bağlı vəsatət rədd edildi

Bakı Ağır Cinayətlər Məhkəməsində həbsdə dünyasını dəyişən sabiq deputat Rafael Cəbrayılovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

 

Manset.az-ın məlumatına görə, hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə ifadə verən təqsirləndirilən şəxsin hüquqi varisi Aidə Cəbrayılova bildirib ki, mərhum həyat yoldaşına qarşı göstərilən ittihamla razılaşmır.

 

"Rəfael Cəbrayılov dövlətinə, xalqına sadiq bir şəxs olub. Təkcə onu demək olar ki, 2011-2012-ci ildə "Dərhal" MMC-NİN tikdiyi binalarda 1243 mənzili "Qaçqınlar və Məcburi Köçkünlərin işləri üzrə Dövlət komitəsinə güzəştli qiymətlərlə satıb və həmin mənzillər qaçqın və məcburi köçkünlərin istifadəsinə verilib. 2015-2016-ci illərdə müəssisə tərəfindən tikilən 50 mənzil də məcburi köçkün və qaçqınlara verilib. 2015-2016-cı illərdə ölkədə baş verən devalvasiya səbəbindən MMC ayrı-ayrı şəxslərdən yüksək məbləğdə borc almaq məcburiyyətində qaldı. R.Cəbrayılov əvvəl prokurorluqda işləməsinə baxmayaraq, köhnə həmkarları onun işi üzrə istintaq apararkən ciddi hüquq pozuntularına yol verib. Məsələn, Təranə Fətəliyevaya verdiyini borc müqabilində əmlakın ittiham verilərkən nəzərə alınmaması və qarşılıqlı razılaşma əsasında verdiyi əmlakın dəyərləndirilməməsi, Təranə Fətəliyeva tərəfindən 2015-ci ildə manatla verilən borcun özbaşına olaraq dollara çevrilməsi, faizlər hesablayaraq borcun şişirdilməsi barədə qaldırılan vəsatətlər araşdırılmadan, yoxlanılmadan rədd edilib", - deyə A. Cəbrayılova bildirib.

 

A.Cəbrayılova cinayət işinin ibtidai istintaqa qaytarılması barədə vəsatət qaldırıb. O qeyd edib ki, Elşən Cəbrayılov qardaşını ağır duruma salıb, özü isə Türkiyə və Macarıstanda tikinti biznesi ilə məşğul olur: "İş materiallarından da aydın görünür ki, Elşən Cəbrayılov direktor səlahiyyətlərini icra edərkən iş üzrə zərərçəkmişlər Vidadi Məmmədov, Bəşir Məmmədov, Sülhiyyə Məmmədova, Təranə Fətəliyeva və başqaları ilə mənzillərin və qeyri-yaşayış sahələrinin girov qismində ayrılması və satılması barədə müqavilələr bağlamış, möhürlə təsdiq etmiş, vətəndaşlardan pul vəsaitlərini qəbul etmiş və bu barədə qəbz vermişdi. R.Cəbrayılov ifadələrində və vəsatətlərində göstərmişdi ki, Elşən Cəbrayılov vergi orqanlarının əməkdaşları ilə əlaqəyə girərək 7 milyon vergi ödənişindən yayınıb. Lakin bu faktlar korrupsiya ilə mübarizə aparmalı olan orqan tərəfindən yoxlanılmadan araşdırma aparmaq üçün əməkdaşı cinayətdə iştirak etmiş orqanın özünə göndərilir. Hesab edirəm ki, istintaqın yol verdiyi nöqsanların məhkəmə baxışı zamanı aradan qaldırılması mümkün olmadığından cinayət işi əlavə istintaqa qaytarılmalıdır".

 

Məhkəmə cinayət işinin ibtidai istintaqa qaytarılması ilə bağlı vəsatəti təmin etməyib.

 

Daha sonra ifadə verən zərərçəkmiş Sülhiyyə Məmmədova deyib ki, Elşən Cəbrayılova 192 min 500 manat pul verib.

 

"Elşənin arxasında kimlər dayanır bilmirəm. Korrupsiya idarəsində onun adını hallandırdım, amma onu istintaqa cəlb edən olmadı", - zərərçəkmiş qeyd edib.

 

Proses dekabrın 16-na təyin edilib.

 

Qeyd edək ki, qanuna görə, cinayət törətməkdə təqsirləndirilən şəxsin ölməsi cinayət təqibini istisna edən hallardan biri sayılır.

 

Qanunun tələbinə görə, həbsdə vəfat edən şəxsin cinayət işi üzrə yaxınlarından bir nəfər hüquqi varis kimi tanınır. Vəfat edən şəxs özünü təqsirli bilməyibsə, təyin olunan hüquqi varis onun əvəzinə məhkəmədə iştirak edir. Məhkəmə vəfat edən şəxsin təqsirini sübuta yetirsə, ona cəza təyin olunur, lakin təqsirləndirilən şəxsin ölümü ilə bağlı cinayət işinə xitam verilir. Məhkəmədə təqsirləndirilən şəxsin cinayət əməli sübut olunmasa, cinayət işinə bəraətverici əsaslarla xitam verilməsinə dair qərar qəbul olunur.

 

Xatırladaq ki, Xatırladaq ki, Rəfael Cəbrayılov dələduzluda təqsirli bilinib. Barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

 

2005-2019-cu illərdə Azərbaycan Respublikasının Milli Məclisinin III, IV və V çağırışları üzrə deputatı olmuş Cəbrayılov Rafael Kamil oğlunun qanunsuz əməlləri ilə əlaqədar Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.

 

İstintaqla Rafael Cəbrayılovun Azərbaycan Respublikasının Milli Məclisinin deputatı olarkən ayrı-ayrı şəxslərə torpaq sahəsinə mülkiyyət hüquqlarının dövlət qeydiyyatından keçirilməsi barədə çıxarışın alınmasında köməklik göstərəcəyi, eləcə də digər məqsədlərlə yalan vədlər verərək cəmi 11 nəfər şəxsin ümumilikdə 2 milyon 571 min manat məbləğində pul vəsaitini dələduzluq yolu ilə ələ keçirməsinə, həmin hərəkətləri ilə də deputatının işgüzar nüfuzunun qorunub-saxlanılması ilə əlaqədar dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmasına əsaslı şübhələr müəyyən edilib.

 

İş üzrə toplanmış sübutlar əsasında Rafael Cəbrayılova Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq- külli miqdarda ziyan vurmaqla törədildikdə) və 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə- ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham elan edilərək məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş və cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

 

Məhkəmənin bir neçə prosesi davam edib. Bu il sentyabrın 30-da R. Cəbrayılov koronavirusdan müalicə olunduğu Yeni Klinikada vəfat edib.

 

Modern.az


Xəbər xətti

29 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin