Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidməti daha bir yanğın təhlükəli şadlıq evinin fəaliyyətini dayandırıb.
Manset.az xəbər verir ki, bu barədə nazirlikdən bildirilib.
Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Şamaxı şəhərində yerləşən “Şamo” şadlıq evində keçirilən yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu, həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib. Belə ki:
- obyektdə mövcud olan avtomatik yanğınxəbərverici siqnalizasiya sistemi nasazdır;
- elektrik təsərrüfatı “Elektrik Qurğularının Quraşdırılması Qaydası”nın tələblərinə uyğun quraşdırılmayıb, o cümlədən elektrik naqilləri yanar materialların üzəri ilə çəkilib, elektrik təsərrüfatına profilaktik baxış keçirilərək kabel və naqillərin izolyasiyasının gərginliyə qarşı müqaviməti ölçülməyib;
- obyekt yanğın su hovuzu, odsöndürən balon və daxili yanğın kranları ilə təmin olunmayıb;
- təxliyə çıxışlarının qapılarının otaqlardan çıxışa doğru sərbəst açılması təmin olunmaylb;
- obyektin daşınmaz əmlakı “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sığorta edilməyib.
Beləliklə, mövcud vəziyyət onu göstərir ki, obyektin istismarının davam etdirilməsi nəticəsində orada hər an baş verə biləcək yanğın qısa müddətdə genişlənərək faciəni qaçılmaz edəcək.
Qeyd olunanları nəzərə alaraq, yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin kobud pozulması faktları aşkar edilmiş “Şamo” şadlıq evinin fəaliyyətinin dayandırılması barədə qərar qəbul olunub.