Şərur Regional Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin kənd təsərrüfatı texnikası sahəsində dövlət nəzarətini həyata keçirən mütəxəssisləri tərəfindən səyyar xidmət göstərilib.
Manset.az xəbər verir ki, Şərur, Kəngərli və Sədərək rayonlarından müraciət edən texnika sahiblərinin etibarlılıq müddəti bitmiş və ya yararsız hala düşmüş traktor və digər mexaniki nəqliyyat vasitələrini idarə etmək üçün 17 sürücülük vəsiqəsi dəyişdirilib, 7 texnika ilkin və təkrar dövlət qeydiyyatına alınıb. Texnika sürücüsü vəsiqəsi üçün yerində elektron imtahanların qəbulu da həyata keçirilib və yeni sürücülük vəsiqəsi verilib. Əlavə olaraq texnika istifadəçiləri texnikaların dövlət qeydiyyatına və texniki baxışa təqdim etmə qaydaları, eləcə də dövlət rüsumları ilə bağlı maarifləndirilib və bukletlər paylanılıb.
Vətəndaş məmnunluğunun, eləcə də texnika istifadəçilərinin rahatlığının təmin olunmasına xidmət edən səyyar xidmət 21 aprel tarixində Culfa rayonunda təşkil ediləcək.
Qeyd edək ki, bu sahədə fəaliyyətin tənzimlənməsi üçün ötən il Naxçıvan Aqrar Xidmətlər Mərkəzi “TexnazApp” daşınar əmlakın rəsmi reyestrinin avtomatlaşdırılmış informasiya sisteminə qoşulub. Hazıradək muxtar respublika üzrə 119-u ilkin, 105-i isə təkrar olmaqla, ümumilikdə 224 nəqliyyat vasitəsi dövlət qeydiyyatına alınıb, 4 istismara yararsız nəqliyyat vasitəsi uçotdan çıxarılıb, 290 nəqliyyat vasitəsinə dövlət texniki baxışı keçirilib. Həmçinin ötən il muxtar respublikada ilk dəfə olaraq mexanizatorların elektron imtahanlara cəlb edilməsinə də başlanılıb. İmtahanlarda uğur qazanmış 98 mexanizatora traktor və digər nəqliyyat vasitələrini idarə etmək üçün yeni sürücülük vəsiqəsi verilib və 191 sürücülük vəsiqəsi dəyişdirilib.