Ölkə ərazisində yağıntılı hava şəraiti davam edir, çayların səviyyəsində isə artım müşahidə olunur. Aprelin 17-nə olan məlumata görə, bu proses hələ də səngiməyib. Regionların bir qisminə isə dolu yağıb, hətta sel gəlib. Təsərrüfatla məşğul olan şəxslər üçün hava şəraitinin dəyişkənliyi narahatlıq yaradır. Bunun məhsuldarlığa təsiri necə olacaq? Kəndli hansı addımları atmalıdır?
Bu suallar barədə Manset.az-a açıqlama verən iqtisad elmləri doktoru, professor Zahid Məmmədov bildirdi ki, çay səviyyəsində müşahidə olunan artımlar təbiətin bir hissəsidir və bu proseslərə düzgün yanaşmaq vacibdir:
"Təbiəti sevmək və onunla dostluq etmək önəmlidir. Hazırda su çatışmazlığından şikayətlənirik, lakin daşqınlar bu problemin aradan qaldırılması üçün müəyyən imkanlar yaradır. Çayların axın istiqamətini dəyişmək, əlavə su hövzələri – süni göllər yaratmaq bizim ixtiyarımızdadır. Sadəcə olaraq təbiətlə harmoniyada yaşamağı bacarmalıyıq."
Z.Məmmədov diqqətə çatdırdı ki, hazırkı vəziyyətin meyvə-tərəvəz qıtlığına və qiymət artımına səbəb olacağı ilə bağlı narahatlıqlar hələlik əsaslı deyil:
"Sel və daşqınların məhsul qıtlığına səbəb olacağını düşünmürəm. Panika yaratmağa ehtiyac yoxdur. Hər şey yoluna düşəcək. Bahalaşma ilə bağlı konkret statistika olmadığı üçün bu barədə dəqiq proqnoz vermək tezdir. Hər şeyi zaman göstərəcək."
Manşet.az