Sakaryanın Arifiye rayonunda şok edən hadisə baş verib. Bir vətəndaş hələ kreditlərini tam ödəmədiyi avtomobilini yandırıb.
Manset.az xəbər verir ki, hadisə şahidlərinin mobil telefonla çəkdiyi görüntülərdə avtomobil sahibinin bu addımı İsrailə etiraz məqsədilə atdığı məlum olub.
Əldə edilən məlumata görə, hadisə axşam saatlarında Dörtyol Sənaye Kompleksində baş verib. Yaxınlıqdakı vətəndaşlar bölgədən yüksələn alovu görərək bir iş yerinin yandığını düşünüb hadisə yerinə qaçıblar. Ancaq alovun avtomobildən çıxdığını görənlər bu anları telefonla lentə alıblar.
Bu zaman avtomobilini İsrailə etiraz üçün yandırdığını bildirən, adı açıqlanmayan şəxs yaxınlaşan bir vətəndaşa belə deyib:
"Rəbbim niyyətimi bilir. Bu vicdan məsələsidir. Hələ də kreditini ödədiyim bu avtomobillə gəzmək mənə ağır gəlir. Mən bunu zülmə səssiz qalmamaq üçün edirəm".
Avtomobil qısa müddətdə tamamilə alova bürünüb. Ətrafdakıların xəbər verməsi ilə əraziyə yanğınsöndürən və polis qrupları cəlb olunub. Yanğın söndürülüb. Polis hadisə ilə bağlı araşdırma aparır.