Türkiyə Superliqasında mübarizə aparan “Fənərbaxça” klubunda portuqaliyalı baş məşqçi Joze Mourinyonun gələcəyi sual altına düşüb. Komandaya böyük ümidlərlə gətirilən təcrübəli mütəxəssisin çıxışı ciddi tənqid olunur.
Manset.az xəbər verir ki, liqa çempionluğu əldən veriləcəyi halda Mourinyonun postunu itirəcəyi gözlənilir.
Klub rəhbərliyi artıq onun yerinə mümkün alternativləri də dəyərləndirir. İddialara əsasən, “Fənərbaxça” Mourinyonu əvəz edəcək baş məşqçi kimi Sergen Yalçını nəzərdən keçirir.
Mourinyonun rəhbərliyi altında “Fənərbaxça” bu mövsüm Avropa Liqası, Çempionlar Liqası və Türkiyə Kubokunda erkən mübarizədən kənarda qalıb. Superliqada isə lider “Qalatasaray”dan 3 xal geri qalaraq çempionluq uğrunda mübarizəni davam etdirir. Sarı-göylər xüsusilə birbaşa rəqibləri ilə matçlarda istədikləri nəticələri əldə edə bilməyiblər.
Tənqidlər təkcə Mourinyonun meydandakı fəaliyyətinə deyil, meydandankənar davranışlarına da yönəlib. Türkiyə Kubokunda "Qalatasaray"ın baş məşqçisi Okan Burukla yaşadığı gərginlik, o cümlədən Burukun burnunu çimdikləməsi mediada geniş müzakirə olunub. Mourinyonun Buruk haqqında dediyi “meymun kimi tullanır” ifadəsi isə irqçilik iddialarını alovlandırıb.
Klub daxilində baş məşqçi ilə bağlı yekun qərarın mövsümün sonunda veriləcəyi gözlənilir.