Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 15 aprel tarixində Masallı Dövlət Rəsm Qalereyasında “Müxtəlifliyə qucaq açaq” (Embracing Variety – EV) adlı səyyar rəsm və foto sərgisi açılıb.
Manset.az xəbər verir ki, Prezident İlham Əliyevin Sərəncamı ilə bu il ölkəmizdə elan edilmiş “Konstitusiya və Suverenlik İli”nə həsr olunan layihənin məqsədi Azərbaycandakı etnik müxtəlifliyi və multikulturalizm dəyərlərinə sadiqliyi nümayiş etdirmək, etnik qruplar arasında dialoqu təşviq etmək və cəmiyyətdə tolerantlığı gücləndirməkdir.
Sərginin adı müxtəlif etnik qrupların və mədəniyyətlərin vətəni olan Azərbaycanda birgəyaşayış və harmoniyanı, həmçinin bu müxtəlifliyin dəyərləndirilməsini və qorunmasını simvolizə edir.
Tədbirdə mədəniyyət nazirinin müavini Murad Hüseynov, Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov, mədəniyyət və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət olunduqdan sonra tədbir iştirakçıları Heydər Əliyev parkındakı kitab sərgisində Azərbaycanın mədəni müxtəlifliyini əks etdirən, müxtəlif xalqların dilində yazılmış və onların folklorunu, tarixini əks etdirən kitablarla tanış olublar.
Sonra Onbirillik Uşaq İncəsənət Məktəbində azsaylı xalqların folklor kollektivlərinin ifasında konsert proqramı təqdim olunub. Daha sonra tədbir iştirakçıları Masallı Dövlət Rəsm Qalereyasında Azərbaycan Dövlət Rəsm Qalereyasının fondunda yer alan ölkəmizin tanınmış sənətkarlarının rəngkarlıq və qrafika əsərləri, həmçinin Azərbaycan Fotoqraflar Birliyinin kolleksiyasına aid fotoların yer aldığı sərgiyə baxış keçiriblər.
15 gün davam edəcək layihə çərçivəsində həmçinin “Genetik kod ağacı” adlı interaktiv sərgi də təşkil olunacaq. Sərgi iştirakçıları ağac təsviri olan kətan üzərinə barmaq izləri ilə yarpaqlar çəkəcək. Ağacın kökləri irsimizə, budaqları isə gələcəyimizə işarə edəcək.
Bundan əlavə, sərgi çərçivəsində “Əks-səda” adlı instalyasiya da nümayiş etdiriləcək. Güzgülərdən ibarət instalyasiyada neon boyalarla müxtəlif xalqların dillərində yazılar nümayiş olunacaq. Güzgü izləyicinin özünü multikultural Azərbaycanın bir hissəsi olduğunu, şəffaf dairə mədəni müxtəlifliyin açıq və sərhədsizliyini, neon boya ilə yazılmış yazılar isə fərqli dillərin və mədəniyyətlərin görünməz, lakin real və möhkəm bağlarla bir yerdə cəmləşməsini nümayiş etdirəcək.