“Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nda elmi-tədqiqat müəssisəsinə məxsus 3 ha ərazidə yeni meyvə sortlarının və üzüm bağının nümayişi məqsədilə nümunəvi intensiv bağların salınması yer alıb.
Manset.az xəbər verir ki, Dövlət Proqramının icrasını təmin etmək məqsədilə Naxçıvan
Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyi tərəfindən
müvafiq addımlar atılıb, ötən dövrdə ilkin olaraq Naxçıvan Kənd Təsərrüfatı
Elmi-Tədqiqat İnstitutunun Şərur dayaq məntəqəsində 2 hektar ərazidə “Ağ”, “Şalaq”
və Türkiyə ərik sortları, “Düşes”, “Abasbəyi” və “Meşəgözəli” armud sortları
olmaqla, ümumilikdə, 1300-dən artıq ting əkini aparılıb.
Bu istiqamətdə görülən işlərin davamı olaraq isə
salınan yeni üzüm bağında quraqlığa və zərərvericilərə davamlı üzüm sortlarının
sınaq məqsədli əkini həyata keçirilib. 1 hektar ərazidə “Bayanşirə”, “Mələyi”,
“Mədrəsə”, “Şirvanşahı” “Gəncəvi”, “Red globe”, “Qaraşanı”, “Qırmızı
kişmişi” və digər bir sıra sortlar olmaqla, ümumilikdə, 29 sortdan ibarət olan
1600-dən artıq üzüm tingi əkilib.
Sınaqməqsədli əkilən yeni üzüm tingləri muxtar
respublikanın torpaq iqlim şəraitinə uyğunluğu müəyyən edildiyi təqdirdə fermerlərə
paylanılacaq və əkini genişləndiriləcək.
Qeyd edək ki, muxtar
respublikada meyvəçiliyin inkişafı məqsədilə Aqrar Subsidiya Şurası tərəfindən
ölkəmizin digər bölgələrindən fərqli olaraq Naxçıvan Muxtar Respublikasına fərqli
yanaşma tətbiq olunaraq meyvə bağlarına verilən subsidiyalar da artırılıb. Belə
ki, muxtar respublikada əkini həyata keçirilən bir hektar üzüm bağları üçün 8000 manatdan 14700
manata, armud bağları üçün 8000 manatdan 25200 manata, bir hektar ərik
bağı üçün isə 4000 manatdan 24500
manata məbləğində subsidiya müəyyənləşdirilib