Yeniyetmələr evdən niyə qaçır? - Valideynlərə XƏBƏRDARLIQ

14:15 - 15 Aprel 2025

Yeniyetmələr evdən niyə qaçır? -  Valideynlərə XƏBƏRDARLIQ

Son vaxtlar yeniyetmələrin tez-tez evdən qaçması hallarına rast gəlirik. Belə hallar getdikcə çoxalır.  Bəs, buna səbəb nədir? Valideynlər bu kimi problemlərlə qarşılaşmamaq üçün övladlarıyla neə davranmalıdır?


Mövzu ilə bağlı Manset.az-a danışan psixoloq Gülnar Orucova bildirib ki, son zamanlarda uşaqların böyümə və inkişaf dövrləri əvvəlkindən daha mürəkkəb və sürətlidir:


"Əvvəlki illərlə müqayisədə yeniyetməlik yaş dövrü daha erkən başlayır və 11 yaşdan etibarən bu mərhələ adətən baş verir. Bu dövr uşaqların özünü böyümüş və azad hiss etməsi ilə xarakterizə olunur. Onlar istədikləri qərarları qəbul etmək və öz fərdi kimliklərini formalaşdırmaq istəyirlər. Lakin, bu mərhələdə bir çox gənc zərərli vərdişlərə yaxalanır, məsələn, sigaret çəkmək, tatular etdirmək, piercinglər qoydurmaq və ya saç rənglərini dəyişdirmək kimi hallarla rastlaşırıq. Əvvəlki dövrlərdə yeniyetməlik 13-16 yaş arasında qəbul edilirdi, amma bu gün bu yaş dövrü artıq 11 yaşdan başlayır".

Psixoloq qeyd edib ki, valideynlərin diqqəti uşaqlarının qarşısında duran təhlükələrə yönəlməlidir:

"İndiki dövrdə valideynlər övladlarını yalnız maddi imkanlarla təmin etmək və ya hər hansı bir mobil cihaz almaqla onları qorumağa çalışırlar. Lakin bu yanaşma düzgün deyil. Sevgi və diqqət, sadəcə maddi hədiyyələr və ya lüks həyatla ölçülməməlidir. Valideynlər övladlarına gündəlik həyatları barədə maraqlanmalı, onların dərsləri və narahatlıqları haqqında suallar verməlidirlər. “Bu gün nə etdin?”, “Nə narahat edir səni?” kimi sadə suallar, bir valideynin övladına olan diqqətini və sevgisini göstərən vacib əlamətlərdir.

Sosial şəbəkələr gənclər üçün böyük bir təzyiq mənbəyi olub. Məsələn, TikTok və digər platformalarda dəbdəbəli həyat yaşayan fenomenlər gəncləri təqlid etməyə təşviq edir. Bu fenomenlər, çox vaxt yalnız yaxşı günlərini paylaşırlar, lakin real həyatlarında qarşılaşdıqları çətinlikləri gizlədirlər. Bu da gənclərdə yanlış təsəvvürlər yaradır və onları qeyri-real hədəflərə yönəldir. Uşaqlar bu fenomenləri təqlid etmək istəyirlər, amma onların izlədiyi yol hər zaman doğru deyil.

Valideynlər bu halda uşaqları ilə açıq və dürüst dialoqlar qurmalıdırlar. Telefonlarında nə ilə məşğul olduqlarını yoxlamaq, onların hansı məzmunlara baxdığını izləmək və onların əhval-ruhiyyəsi ilə maraqlanmaq vacibdir. Əgər valideyn uşağının narahatlıq duyduğu məsələləri özləri həll edə bilmirlərsə, mütəxəssis yardımı almaq lazımdır. Gənclərlə münasibətdə sərhədlərin qoyulması vacibdir; onlara hər şeyi vermək deyil, amma öz zəhmətləri ilə müəyyən şeylərə nail olmalarına şərait yaratmaq lazımdır.

Həmçinin, valideynlər uşaqlarını tənqid etmək, onları döymək və ya təhqir etməklə heç bir problemi həll edə bilməzlər. Əksinə, bu davranışlar uşaqların özlərinə inamsızlıq yaratmağa səbəb ola bilər. Uşaqlar və yeniyetmələr öz valideynlərindən anlayış və dəstək gözləyirlər, buna görə də onların davranışlarına müsbət yanaşmaq və düzgün istiqamət vermək çox önəmlidir.

Qısacası, valideynlər uşaqlarını yalnız maddi təminatla deyil, eyni zamanda sevgi, anlayış və diqqətlə dəstəkləməli, onları həyatda doğru istiqamətdə yönəltməlidirlər. Uşaqların psixoloji və emosional inkişafı da ən az fiziki ehtiyacları qədər önəmlidir".


Seyranə Quliyeva


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv